«Vahid Rusiya»nın regional şurasının üzvü partiyadaşlarını cinayətdə suçladı
Medvedev isə siyasi islahatlar vəd etdi
Rusiya prezidenti Dmitri Medvedev dördüncü dəfə Federal Şuraya müraciət edib. Kreml rəhbərinin müraciətində əsas mövzu ölkədəki siyasi vəziyyət olub. Medvedev müraciətinin əvvəlində seçkinin nəticələrinə toxunaraq bildirib ki, başqa fikirlərə də hörmətlə yanaşır. Amma xarici qüvvələrin Rusiyanın daxili işlərinə qarışmasına imkan verilməyəcək. O, bəyan edib ki, Rusiyaya xaos yox, demokratiya lazımdır.
Medvedev seçkidən sonra keçirilən etiraz aksiyalarına da münasibət bildirib. Onun sözlərinə görə, vətəndaşların daha da fəal şəkildə öz mövqeyini ifadə etməsi yaxşı əlamətdir və demokratiyanın genişlənməsidir. Kreml rəhbəri etirazçıların tələblərinin nəzərə alınacağını və nöqsanların aradan qaldırılması istiqamətində mühüm addımlar atılacağını deyib.
Rusiya prezidenti günlərdir ölkədə davam edən etirazların yayılmasının qarşısını almaq məqsədilə geniş siyasi islahatların keçiriləcəyi siqnalını verib. O, Rusiyada yeni dönəmin başlandığını bildirib. Medvedev baş nazir Vladimir Putinin də dəstəyilə ölkənin siyasi sistemində köklü dəyişikliklər edilməsi təklifini irəli sürüb. Kreml rəhbəri siyasi partiyaların qeydiyyatının sadələşdirilməsinin nəzərdə tutulduğunu deyib. Medvedev dövlətdən asılı olmayan Ictimai Televiziyanın qurulmasının tərəfdarı olduğunu söyləyib. Kreml rəhbəri korrupsiyaya qarşı mübarizəyə də toxunub. O, dövlət rəsmilərinin xərclərinin azaldılmasına xüsusi diqqət yetiriləcəyini vurğulayıb.
Rusiya prezidenti yanında Insan Haqları və Vətəndaş Cəmiyyətinin Inkişafı Şurası Duma seçkiləri zamanı pozuntularla bağlı kəskin bəyanat qəbul etməyə hazırlaşır. Şuranın üzvü, politoloq Dmitri Oreşkin bildirib ki, hazırda sənəd üzərində iş gedir və onun müəllifləri çox kəskin mövqedədir. “Interfaks”ın məlumatına görə, bəyanatın layihəsi bu gün keçiriləcək növbəti iclasda təsdiqlənə bilər.
Dövlət Dumasının keçmiş deputatı, hakim “Vahid Rusiya” partiyasının regional şurasının üzvü Vladimir Semaqo da 4 dekabr seçkilərinə sərt münasibət bildirib. Onun sözlərinə görə, üzvü olduğu hakim partiya rəhbərliyi seçkilərin nəticələrinin saxtalaşdırılması üçün Mərkəzi Seçki Komissiyasına ciddi təzyiqlər göstərib. Keçmiş deputat üzvü olduğu partiya rəhbərliyinin cinayət məsuliyyəti daşıdığını söyləyib: “Rusiya müxalifəti seçki saxtakarlıqlarıyla bağlı halların Cinayət Məcəlləsinin maddələrinə uyğun olduğunu qabartmalıdır”.
Rusiyada fəaliyyət göstərən Ictimai Rəy Fondunun keçirdiyi son sorğunun nəticələrinə görə, ölkə əhalisinin üçdə biri dekabrın 24-də Moskvada keçiriləcək 4 dekabr seçkilərinin nəticələrinə etiraz mitinqinə qatılmağa hazırdır.
Informasiya şöbəsi