Parlamentdə Türkmənçay müqaviləsinə yenidən baxılması məsələsi gündəmə gətirildi
Iran növbəti dəfə ölkəmizin ərazi bütövlüyü və təhlükəsizliyini təhdid edən addım atıb. Iran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvləri xarici işlər naziri Əli Əkbər Salehinin iştirakı ilə Iran-Azərbaycan Respublikası münasibətlərilə bağlı iclas keçirib.
Parlamentin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaəddin Bürucerdinin sədrliyilə keçirilən iclasda Iran Teleradio Təşkilatının Bakı nümayəndəliyinin rəhbəri Əhməd Kazıminin Azərbaycan ərazisinə buraxılmaması məsələsi müzakirə olunub. Iclasda iştirak edən deputatlar deyib ki, Azərbaycanın Irana qarşı mövqeyilə əlaqədar rəsmi Tehran cavab olaraq bu ölkəyə yönəlik ciddi addım atmalıdır.
Parlamentin Urmiyadan seçilmiş deputatı Nadir Qazipur iclasdan sonra jurnalistlərə açıqlamasında bildirib ki, rəsmi Bakı Tehrana qarşı siyasətində düzəliş etməsə, iranlı deputatlar parlamentdə Türkmənçay müqaviləsini müzakirəyə çıxaracaq, ona yenidən baxılmasını tələb edəcəklər. Qazipur Azərbaycanın iranlı müxaliflərə və əks-inqilabçılara sığınacaq verəcəyi təqdirdə Ərdəbil, Təbriz və Urmiyadan seçilmiş azərbaycanlı deputatların hazırladıqları birgə layihənin Iran parlamentinə təqdim ediləcəyini bildirib.
“Azərbaycan bir neçə ildir ki, müstəqil olub. Lakin qanunlara yenidən baxılsa, Azərbaycan Respublikasının ərazisi Irana aiddir. Əgər Azərbaycan rəsmiləri sionistlərin oyunu ilə oynayıb Irana qarşı fitnə törətsələr, o zaman Iran parlamentindəki azərbaycanlı deputatlar da Iran xalqının nümayəndələri kimi, Türkmənçay müqaviləsinə yenidən baxılması məsələsini qaldıracaqlar”, – deyə deputat vurğulayıb.
Iran parlamentinin Urmiyadan seçilmiş digər deputatı Seyid Salman Zakir isə deyib ki, ABŞ və sionist rejim Azərbaycan hakimiyyətini Qərbin təsiri altına salmaqla onun Iranla münasibətlərini zəiflətməyə və iki ölkə arasındakı əlaqələri məhv etməyə çalışır. Zakir Azərbaycan hakimiyyətinə üzünü tutaraq, ağıllı siyasət yürütməyi və dost seçərkən diqqətli olmağı tövsiyə edib. Deputat açıqlamasında Azərbaycan iqtidarına xəbərdarlıq etməyi də unutmayıb. O, dünənə qədər ABŞ və Israilin yanında dayanan Misir, Liviya və Tunis kimi hökumətlərin dağıldığını rəsmi Bakının diqqətinə çatdırıb.
Informasiya şöbəsi