Elxan Şahinoğlu: «Hazırda Iranın yalnız dini rəhbərliyində yox, ümumiyyətlə, hakimiyyətində ciddi xaos yaşanır»
Iranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyinin islahat tərəfdarı olan qardaşı, keçmiş deputat, Mübariz Ruhanilər Qurumunun üzvü Hadi Xamneyi ölkədəki vəziyyətdən ciddi narahat olduğunu bildirib. APA-nın məlumatına görə, H.Xamneyi deyib ki, ölkədə hərc-mərclik baş alıb gedir: “Bugünkü vəziyyət məni ciddi narahat edir. Hazırda kimin nə etdiyi bəlli deyil”.
O, son aylar Iranda ciddi müzakirə mövzularından birinə çevrilərək prezidentlik institutunun ləğv edilərək baş nazir postu ilə əvəzlənməsi məsələsinə də toxunub: “Ölkə Konstitusiyasına nəzərdə tutulan bu dəyişiklik ali dini liderin səlahiyyətlərinin məhdudlaşdırılmasına deyil, daha da artmasına gətirib çıxaracaq. Ona görə də mən bunun əleyhinəyəm. Konstitusiyaya hansısa bir dəyişiklik xalqın istəyilə həyata keçirilmirsə, onun heç bir mənası yoxdur”.
H.Xamneyi bildirib ki, inqilabın ilk illərində ölkəni baş nazir idarə edirdi və prezidentin nazirlərə əmr vermək səlahiyyəti yox idi: “Həmin vaxt Iranın prezidenti olan Seyid Əli Xamneyi ölkənin daxili işlər naziri Əliəkbər Möhtəşəmipura məktub yazır və ona bir sıra tapşırıqlar verib. Ancaq nazir prezidentə cavabında baş nazirə tabe olduğunu və tapşırıqları yerinə yetirmək üçün ondan icazə alınmasını xahiş edib”. Qeyd edək ki, məhz islahat yönümlü baxışlarına görə H.Xamneyiyə məxsus iki qəzeti – “Cahane Islam” və “Hayate no” – hökumət qapadıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Seyid Əli Xamneyinin oğlu Müctəba Xamneyi atasına sui-qəsddə iştirak etdiyinə görə həbs olunmuşdu. Prosesləri izləyən ekspertlərin fikrincə, hazırda Iranda müşahidə olunan hadisələr bu ölkədə dini rəhbərliyin parçalandığı fikrini yaradır.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, hazırda Iranın yalnız dini rəhbərliyində yox, ümumiyyətlə, hakimiyyətində ciddi xaos yaşanır. Hazırda Iranı kimin idarə etdiyi ilə bağlı konkret fikir söyləməyin çətin olduğunu deyən E.Şahinoğlu əlavə etdi ki, ölkədə üç əsas hakim qüvvənin adını çəkmək olar. Bunlar dövlət başçısı və ətrafı, dini rəhbər və ona tabe olan şəxslər və sonda SEPAH-ın qüvvələridir: “Bu tərəflərdən hər biri digərinin nüfuzunu azaltmağa çalışır. Bəzən elə olur ki, SEPAH-ın xaricdə törətdiyi aksiyalardan hakimiyyətin, ümumiyyətlə, xəbəri olmur. Nəticədə ümumilikdə hakimiyyət atılan addımlar qarşısında cavab verməli olur. Iran hakimiyyətindəki xaos artıq ailələrə sirayət etməyə başlayıb. Iranın ali dini rəhbərinin oğlunun həbsi, qardaşının məlum açıqlama ilə çıxış etməsi buna misaldır”.
Xəyal