Janaozenə qonşu qəsəbədə neftçilərə dəstək mitinqi keçirildi
Nazarbayev narazı neftçiləri sakitləşdirmək üçün 2 məmuru vəzifəsindən uzaqlaşdırdı
Qazaxıstanın qərbindəki Maqnitski administrativ rayonunun Janaozen şəhərində baş vermiş kütləvi iğtişaş qonşu qəsəbələrə də sıçrayıb. Maqnitsk rayonunun Jetıbay qəsəbəsinin yüzlərlə sakini etiraz aksiyası keçirərək, Janaozen neftçilərinə dəstəklərini nümayiş etdiriblər. Onlar Janaozendə baş vermiş qarşıdurma zamanı həbs olunmuş etirazçılara qarşı zorakılıqların dayandırılmasını və həbsdə saxlanılanların azadlığa buraxılmasını tələb ediblər.
Müxalif “Azat” partiyasının həmsədri Bulat Abilov jurnalistlərə bildirib ki, Jetıbay qəsəbəsində keçirilən icazəsiz aksiyada tələb Janaozen şəhərində baş verənlər haqda doğru məlumatların ictimaiyyətə təqdim olunması və həmin qarşıdurma zamanı dinc etirazçıları qətlə yetirən polislərin məsuliyyətə cəlb edilməsi olub. Abilovun sözlərinə görə, Janaozendə baş verənlərdən sonra bölgədə fövqəladə vəziyyət elan olunmasında məqsəd etirazlarda iştirak edənlərə qarşı repressiyaların gücləndirilməsidir. Təhlükəsizlik qüvvələri tərəfindən bir neçə gündür ki, Janaozendəki aksiyaya qatılan neftçilərin kütləvi həbsi davam edir. Polislər onların evlərində xüsusi əməliyyatlar keçirir.
Təhlükəsizlik qüvvələri son 2 gündə 8 neftçini həbs edib. Onların barəsində cinayət işinin başlanması gözlənilir. Polislər əsasən küçələrdə tək-tək gəzən kişiləri həbs edir. Son məlumatlara görə, Janaozen hadisələri zamanı 14 nəfər həlak olub, 99 etirazçı isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Sosial şəbəkələrdə isə Janaozendə keçirilən etiraz aksiyası zamanı polisin odlu silahdan atəş açmasını əks etdirən video-roliklər yayımlanıb. Kadrlardan görünür ki, polisin açdığı atəş nəticəsində bir qadın həlak olub.
Bu arada, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Janaozendəki hadisələrin yayılmasının qarşısını almaq və etirazçıların əsəblərini sakitləşdirmək məqsədilə “Kazmunayqaz” neft şirkətinin prezidentini və Maqnitsk filialının rəhbərini vəzifələrindən azad edib. Şirkətdəki mənbə bildirib ki, “Kazmunayqaz”a neft və qaz nazirinin müavini Ləzzət Kiinov təyin olunacaq. Nazarbayevin digər sərəncamıyla Maqnitsk administrativ rayonunun başçısı Krımbəy Kuşərbəyova da vəzifəsindən uzaqlaşdırılıb.
Bundan başqa, Qazaxıstan hökuməti Janaozen iğtişaşlarının araşdırılması və bölgədəki hazırkı durumun müşahidəsində BMT-nin xüsusi qrupunun iştirakını da təmin edib. Ölkənin baş prokurorluğu bölgədəki araşdırmalara BMT təmsilçilərinin də dəvət olunduğunu bildirib.