Həftənin hit paradı

1. Rəsul Quliyev, eks-spiker: “Tam səmimiyyətlə bildirirəm ki, o fincanın üzərində hansı şəklin olduğunu bilmirəm və sizin yazıdan sonra da bloqu açıb onu müəyyənləşdirməyə cəhd etmədim… Lakin bundan sonra videolarımda ya heç nə içməyəcəyəm, ya da götürdüyüm fincanın şəklinə baxacağam… Sözsüz, mən üstündə Azərbaycanın bayrağı və ya Bakının şəkli olan fincandan istifadə etmək kimi bayağı hərəkətlərdən uzaq adamam”.

Rəsul müəllim, fincan kabinetinizdə ola-ola, bloqu açıb ona baxmaq istəyinizi anlamadım, buna baxmayaraq, sizi təbrik edirəm, çünki, təsadüfən… o fincanın üstündə, ilham pərisinin yerində, Kim Kardaşyanın da şəkli ola bilərdi ki,  bu da sizin Vətən həsrətinizi ömürlük edə bilərdi.
2. Fəzail Ibrahimli, deputat: “Bizimlə birgə institutda həmin adını çəkdiyiniz kənddən (Tovuz rayonu, Aşağı Ayıblı kəndi) bir oğlan oxuyurdu. Biz hamımız onu ”Nijni Pazor” (kəndin adının rusca tərcüməsi) çağırırdıq. O da buna etiraz edirdi…”.
Fəzail müəllim, mənim həmin kənddən olan əskərlik yoldaşım sizinlə bir insitutda oxusaydı, yəqin ki, indi sizə el arasında “deputat s şramom” deyərdilər. Çox şanslısınız…
3. Əli Əhmədov, YAP-ın icraçı katibi: “Hillari Klintonun Azərbaycanda siyasi məhbusların mövcudluğu haqqında fikirləri də qərəzlidir və həqiqəti əks etdirmir. Azərbaycanda siyasi fəaliyyətinə və fikirlərinə görə heç kəs həbs edilməyib. Ümumilikdə götürdükdə isə siyasi məhbus anlayışının tam izahı yoxdur”.
20 min siyasi məhbusu 25 il zindanda çürüdən Hüsnü Mübarəkin şərəfinə, Bakıda heykəl ucaldan hakim partiya rəsmisinin, həm də siyasi elmlər üzrə professor olduğundan, yalnız üçüncü cümləyə iradımız var. Ingilis dilində həmin cümlə, hardasa, “uçun burdan” anlamına gəlir. Yenə də inciyəcəklər…
4. Qüdrət Həsənquliyev, deputat: “Hər gün deyirik ki, işğal altında olan torpaqlarımızı azad etmək gücündə olan qüdrətli ordumuz var. Onda soruşarlar ki, bəs, niyə azad edilmir bu torpaqlar?”.
Qüdrət bəy, sizdən fərqli olaraq, hamı son hərbi paradı görüb, narahat olmayın, kimsə o axmaq və “donquli” sualı verə bilməz. 
5. Mübariz Qurbanlı, deputat: “Bununla bağlı mövqeyimiz ondan ibarətdir ki, ABŞ-ın rəsmi şəxslərinin və ya beynəlxalq təşkilat nümayəndələrinin bu tipli açıqlamalarının arxasında heç də insan hüquqlarını qorumaq deyil, başqa məqsədlər dayanır”.
Belə getsə, 2012-ci ildə, dünyada “ermənipərəst olmayan” beynəlxalq təşkilat qalmayacaq. Hamısının da məqsədi “başqa”dır.  
6. Hafiz Hacıyev, “müasir müsavatçı”: “Müxalifət deyəndə ki, biz də müxalifətik. Amma bir var sağlam müxalifət, bir də var müəyyən qüvvələrin əllərində alət olanlar”.
Hafiz müəllim, hətta elə müxalifət də var ki, axşam iqtidarı dəstəkləyir, səhər tezdən bunun əksini bəyan edir, günortadan sonra yenə axşamkı mövqeyinə qayıtdığını bildirir. Bu müxalifətə “balıq” müxalifəti deyirlər.
7. Əli Həsənov, PA şöbə müdiri: “Gün ərzində Prezident Administrasiyasına daxil olan məktublar, zənglər, mətbuatda ifadə olunan fikirlər onu göstərir ki, insanlar dövlətin, Prezidentin sosial siyasətindən razıdırlar…”.
Yaponiya dövlətinin də belə şöbə müdiri olsaydı, yəqin ki, hələ də Fukusimada adi qısaqapanmadan başqa, heç bir şey olmadığı qənaətindəydik.
8. Tağı Əhmədov, Bakı metropoliteninin rəisi: “Şeirlərimə 50-yə yaxın mahnı bəstələnib”
Istedadlı şairlər – Kəmaləddin Heydərov, Cavid Qurbanov, Həsən Şirinov və Tağı Əhmədova yeni uğurlar arzulamaqla bərabər, yanğın sönəndən sonra gələn “pajarnı”, çala-çökək yollar, baş alıb gedən yol qəzaları, bazarı xatırladan metro stansiyaları haqda giley dolu yazılardan vaz keçdim – “Mən rəsmən bir poeziya qatili olmaq istəmirəm”.
9. “Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin xarici əlaqələr komissiyasının sədr müavini Vuong Tua Fonq, Yeni Azərbaycan Partiyasının dəvəti ilə ”Modernləşdirmə siyasəti: yeni sosial və iqtisadi çağırışlar” tədbirində iştirak etmək məqsədilə ölkəmizdə səfərdədir”.
(“Səs” qəzeti, 21 dekabr, 2011-ci il).
Regionların lider partiyalarının bu tədbirinin, Avropada qısqanclıqla qarşılanacağı qaçılmazdır.
10. Azad Rəhimov, idman və gənclər naziri: “Biz çox istərdik ki, ”Bakı-2020”yə dəstək məmurlardan, dövlətdən yox, ən əsası, xalqdan gəlsin”.
Ostap Bender ölməyib, yaşayır… Söhbət Bakının Olimpiya Oyunlarının keçirilməsi ideyasından (!) gedir, bu avantüra ən azı 50 milyard dolların silinməsi və Velotrekdə alverin bir neçə ay dayanması deməkdir. Xalqı isə “özbaşına” buraxsalar, əmanətlərin qaytarılmasını dəstəkləyər, nəinki məmur varlanmasını…