Dünən saat 12:00-a yaxın Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvləri Fransanın Bakıdakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər. Aksiyada onlarla adam iştirak edib.
BDM-in sədri Ismayıl Ağayevin “Turan”a verdiyi məlumata görə, aksiya iştirakçıları Fransa Senatında müzakirəyə çıxarılan uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasına dair qanun layihəsinə etirazlarını bildiriblər. Mitinqçilər “Fransa parlamenti, ədalətli ol!”,”Insan haqlarına hörmətlə yanaş!” “Sarkoziyə ar olsun!”, “Saxta ”erməni soyqırımı”nı tanımaqdan əl çək, Fransa!”, “Yaşasın Türkiyə!”, “Dayan, Fransa!” kimi şüarlar səsləndiriblər. Aksiyanın sonunda qətnamə qəbul edilərək səfirliyə təqdim olunub. Qətnamədə Xocalıda baş vermiş soyqırıma ədalətli qiymət verilməsi, Fransanın Dağlıq Qarabağ probleminin həllində də Ermənistanı dəstəklədiyi qeyd olunub. Polis aksiyanın gedişinə müdaxilə etməyib.