Nəqliyyat Nazirliyinin pul silmək istəyi bütöv bir kəndi ekoloji fəlakətlə üz-üzə qoyub
Dəyəri 200 milyon ABŞ dolları olan Hacıqabul- Horadiz yolunun tikintisində şübhəli məqamlar
Almaniyanın “Koks” (Kocks Consult GmbH) şirkəti Beynəlxalq Inkişaf və Yenidənqurma Bankının maliyyələşdirdiyi “Azərbaycan Respublikasında magistral yolların 600 km-lik hissəsinin bərpası” layihəsinə daxil olan Hacıqabul-Horadiz yolunun yenidən qurulmasının ətraf mühitə təsirini qiymətləndirib və hələ 2009-cu ildə müvafiq tövsiyələr də daxil edilən yekun hesabat hazırlayıb. Həmin sənəd ətraf mühit üzrə ölkəmiz və Dünya Bankının tətbiq etdiyi siyasəti, bu sahədə mövcud vəziyyəti, sözügedən yolun bərpası ilə əlaqədar ətraf mühitə və əhalinin sosial həyatına təsirləri və onların azaldılması istiqamətində görülməli tədbirləri, eləcə də monitorinq proqramını əhatə edir.
Tısbağalar üçün keçid
Hesabatda bərpa işlərinin faunaya təsiri və bununla bağlı göstərişlər hər kəsdə maraq doğura bilər: “Bütün dünyada nəsli kəsilmək təhlükəsi altında olan çöl muymulu (Falco naumanni) bir neçə ölkədən ibarət regional artım zonalarından biri olan bu ərazidə çoxalır. Təlimatlara görə, bu quşların miqrasiya və çoxalma dövründə onların minimal səviyyədə narahat edilməsi böyük əhəmiyyət kəsb edir. Əlavə olaraq, yol fiziki sədd kimi canlıların (xüsusilə vəhşi heyvanların) hərəkətinə mane olacağından layihələndirilən yol boyu vəhşi çöl heyvanlarının keçidi üçün borular qoyulması nəzərdə tutulmalıdır. Bu, heyvan keçidi nəsli kəsilməkdə olan Avropa bataqlıq tısbağası (Emys orbicularis), Mauremy caspia və suilanının (Natrix tessellata) yolun o biri tərəfindəki ərazilərə keçməsi üçün istifadə olunacaq. 1,25 m diametrli borudan ibarət keçidlər yol boyu təqribən 5 km məsafədən bir, Ağgöl milli parkı yaxınlığında isə hər kilometr məsafədə təmin olunmalıdır”.
Vəhşi heyvanlara qarşı bu cür sayğı və həssaslıq göstərilməsini tələb edən layihədə, təbii ki, insan amili ön planda dayanır. Qeyd edək ki, Hacıqabul-Horadiz yolu 178 km uzunluqda, II texniki dərəcəli və iki hərəkət zolaqlı olmaqla cənub qərbdə Hacıqabul və Şirvan ərazilərinin hamar düzənliklərindən başlayaraq, Imişli rayonunun Bəhrəmtəpə qəsəbəsindən keçməklə Horadizə qədər respublikamızın 6 inzibati rayonuna (Hacıqabul, Sabirabad, Saatlı, Imişli, Beyləqan və Füzuli), 46 kəndə, Ermənistanla münaqişənin nəticəsi olaraq salınmış qaçqın şəhərciklərinə nüfuz edir.
Yolun bərpası zamanı təsir yetirə bilən sahələrə karxana əraziləri, yanaşma yolları, podratçının tikinti meydançası, iş düşərgəsi, asfalt qurğuları, tullantıların basdırılması üçün zibilliklər və yaxınlıqdakı su mənbələri daxildir. Bundan əlavə, mühüm qəbuledicilər, o cümlədən yaşayış məntəqələri səs-küy, toz və qaz tullantılarının təsirinə məruz qala bilər. Necə ki, artıq qalıb…
Qaragüvəndiklidə aşkarlanan “dəfinə”
200 milyon ABŞ dollarına başa gələcəyi deyilən Hacıqabul-Horadiz avtomobil yolunun bərpası üçün Dünya Bankından 183 milyon ABŞ dolları həcmində kredit alınıb və onun 175 milyonu bu işə yönəldilib. Layihənin icrasına məsul olan “Azəryolservis” ASC podratçı kimi Türkiyənin “KolinÿInşaat” şirkətini seçib. “Kolin”in adı bizə artıq hədsiz bahalı projelərdən tanışdır. O, ölkəmizdə fəaliyyətə 1991-ci ildə köhnə “Moskva” mehmanxanasının bərpası ilə başlayıb. Şirkət böyük səs-küyə səbəb olan Oğuz-Qəbələ-Bakı su kəmərinin paytaxtdakı bəzi tunel və yolötürücülərin tikintisini aparıb. Müəssisənin Azərbaycan nümayəndəliyinin internet səhifəsində “Kolin”in 225 məşhur beynəlxalq tikinti şirkəti arasında 116-cı yeri tutduğu qeyd olunub.
Artıq bərpa ediləcək yola yaxın sahələrdə podratçı təşkilat iş düşərgələri salıb, material bazasının yaradılması və istehsal obyektlərinin tikinti-quraşdırma işləri aparılır. Belə düşərgələrdən biri Hacıqabul-Horadiz avtomobil yolunun Imişlinin Xəlfəli kəndinin yaxınlığından keçən hissəsinin kənarında salınıb. Yol boyu toz dumanı içərisində bir-birinin ardınca ağır tonnajlı yük maşınları görünür, onların daşıdığı qum-çınqıldan düşərgədə nəhəng təpə yaranıb.
Yolun bərpası işlərinə təxminən 1 milyon kubmetr çınqıl xammalı tələb olunur. Layihə tərtib olunarkən bu məhsulun əldə edilmə mənbələri də nişan verilib: “Onların bir neçəsi Ələt yaxınlığında – Atbulaq, Binə və Kalmasda yerləşir. Bu 3 sahə keyfiyyətli çınqıl, qum və gil materiallarının mənbəyi ola bilər. Bəhrəmtəpənin orta hissəsində Daşburun, Bəhrəmtəpə və Imişli adlanan 3 material yatağı mövcuddur. Bu mənbələr enli çay terrasları, mürəkkəb formalı quru delta, eləcə də Kiçik Qafqazı aşındıran və ondan axıb gələn Araz çayı ilə onun qolları boyu düzənliklərdə toplanan qədim və erkən çınqıl yataqlarından ibarətdir. Bu ərazidə vulkanik mənşəli çınqıl yığınları, aşağı çöküntü süxurlarından ibarət vulkanik və metamorfik süxurlardan ibarət materiallar üstünlük təşkil edir. Materialların ümumi həcmi 70 milyon kub metrdir və çayın səviyyəsi yüksəldikdə bərpa olunur”.ÿ
Imişlidə tapılan “dəfinə”
Amma nəqliyyat naziri Ziya Məmmədov “dəfinəni” mütəxəssislərin ağlına gəlməyən yerdə – Imişli rayonunun Qaragüvəndikli kəndində aşkarlayıb. Kəndin örüş-otlaq sahəsinə nəhəng texnikalar gətirilib. Ərazidəki torpağın azacıq üst qatını qaşımaqla yatağın “gözü” açılır və məhsulu elə ekskovatorlarla çıxarırlar. Və beləcə hər gün kənddən təxminən 300 “Kamaz” çınqıl daşınır. Vaxtilə həmin ərazidə mövcud olmuş kiçik çala süni yaradılan gölə çevrilməkdədir. Bu isə yaxınlıqda yaşayan yerli əhalini ekoloji fəlakətlə üz-üzə qoyur. Mən ərazidə olarkən oradakı işlərə rəhbərlik edən şəxs torpaq sahəsini “Kolin” şirkətinin istismar etdiyini dedi. Içərisi yüklə dolu avtomobillərdən birinin dalınca gedib bir az əvvəl qeyd etdiyim nəhəng təpə yaranmış düşərgəyə çıxdım. Burada mənə şirkət adından heç bir sözçünün olmadığı bildirildi və məsləhət görüldü ki, “Qalaqayın”ÿdairəsi (Sabirabad şəhəri) yaxınlığında yerləşən “Kolin”in regional ofisinə müraciət edim.
“Bizə maraqlı deyil mal haradan gətirilir”
Məni qəbul edən ofisin Osman adlı işçisi “Kolin” adından danışmaq səlahiyyəti olmadığını bildirdi. Bununla belə, başqa əməkdaşlarla birgə etdiyimiz ayaqüstü söhbət zamanı bəzi məlumatlar əldə edə bildim. Türk iş adamları bildirdi ki, onlar bir müddət çınqıl yataqlarının axtarışında olublar: “Biz qum və çınqıl məhsullarının istehsalı və satışı ilə məşğul olan yerli karxanalarla maraqlandıq.
Arif Qaraşovdan (uzun müddət Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəisi olub – A.Ə.) başqa heç bir iş adamının sənədləri tam qaydasında deyil. Görüşdüyümüz karxana sahibləri bizə dedi ki, bütün instansiyalardan müvafiq razılıq alınması üçün 500 min manat pul tələb olunur, buna isə getmək sərfəli deyil”.
Imişli rayonunun Qaragüvəndikli kəndində ətraf mühitə vurulan zərər və müvafiq icazə olmadan yerin təkinin istismar olunması ilə bağlı sualıma gəldikdə isə “Kolin”çilər burada da heç bir məsuliyyət daşımadıqlarını bildirdilər: “O işləri şirkət birbaşa olaraq özü icra etmir.ÿ Bizə maraqlı deyil mal oğurluq, ya doğruluq yolu ilə əldə edilir, ölkə ərazisindən çıxarılır, ya xaricdən gətirilir. Biz hazır məhsulu öz düşərgəmizdə qəbul edirik və sənədləşdirib tədarükçüyə haqq ödəyirik. Onun adını açıqlamaq isə etik deyil”.
Daşdan çıxan milyonlar
Bəlkə başqasının pulunu hesablamaq da etik deyil. Amma hazırda yola tökülən pul heç də başqasının deyil, ictimai vəsaitdir. Onda gəlin çınqıl bumu ətrafındakı maxinasiyanın miqyasını təxmin etməyə çalışaq. Türk iş adamları bu məhsulu istehsal etməkdən ötrü sənədlər paketinin Azərbaycanda 500 min manata başa gəldiyini təsadüfən demədilər. Görünür, onlar bu yöndə danışıqlar aparıb və qeyri-rəsmi tariflə tanış olduqda fikirlərindən daşınıblar. Yeri gəlmişkən, karxana üçün zəruri olan texniki vasitələr, qurğu və avadanlıqlar, elektrik enerjisindən istifadə haqqı da xeyli vəsait tələb edir. Bundan başqa, layihənin icrası başa çatandan sonra materialların əldə edilməsi təklif edilən sahələrin yeri, karxanaların yerləşdiyi ərazilər və yanaşma yolları bərpa olunmalıdır. Sənədləri tam qaydasında olmadığından mövcud karxanalarla iş birliyi qurmaq cəhdi də alınmayıb. Belədə ucuz qiymətə hazır məhsul əldə etmə yolu tutulub. Daxili bazarda (Imişli rayonu ərazisində) 1 kub metr çınqıl 5 manata satılır. Deməli, 1 milyon kub metr çınqıl 5 milyon manat apara bilər. Təbii ki, mal oğurluqdusa, onu daha ucuz almaq imkanı da istisna deyil. Bunu hər kub metri 4 manatdan olmaqla ümumilikdə 4 milyon manat kimi dəyərləndirək. Qaragüvəndikli kəndinə cəlb edilən texnika “Azəryolservis”indisə, daşınma və işçilərə əmək haqqı kimi uzağı 1 milyon manat xərc çəkilə bilər, yenə 3 milyon qazanc qalır. Vergi Məcəlləsinə görə, yerli əhəmiyyətli tikinti materiallarına görə mədən vergisi bələdiyyə büdcəsinə ödənməlidir. Həmin Məcəllədə 1 kub metr tikinti qumu, ya çınqıl xammalı üçün 50 qəpik vergi müəyyən edilib. Bu hesabla 1 milyon kub metr çınqıl üçün 500 min manat təkcə bələdiyyənin hesabına köçürülməlidir. Mal oğurluqdusa, deməli, 1 qəpik də olsun vergi ödəməkdən söhbət gedə bilməz, olsa-olsa ayrı-ayrı bələdiyyə sədrlərinə bir neçə min manat “çay pulu”ÿverilə bilər.
Bir neçə il əvvəl Imişli Rayon Məhkəməsi Azərbaycan Dövlət Dəmir Yolunun istifadəsində olan torpaq sahəsindən qanunsuz olaraq qum-çınqıl çıxaran iş adamının torpağa vurduğu ziyanı mütəxəsislərin rəyi əsasında 700 min manat dəyərləndirmişdi. O hesabla Qaragüvəndikli kəndindəki yeraltı sərvəti sümürülən torpağın əvvəlki vəziyyətinə qaytarılmağına milyonlarla manat tələb oluna bilər. Üstəlik, örüş-otlaq sahələrindəki ot örtüyünün bərpasına on illər tələb olunur.
Oğurluq mal necə ekspertizadan keçirilib?
Ölkəmizdə ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsasları 1999-cu ildə qəbul edilmiş “Ətraf mühitin mühafizəsi haqqında” Qanunla tənzimlənir. Qanunun məqsədi ətraf mühitin ekoloji tarazlığının mühafizəsindən, bu sahədə təhlükəsizliyin təmin edilməsindən, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınmasından, bioloji müxtəlifliyin qorunub saxlanılmasından və təbiətdən istifadənin səmərəli təşkilindən ibarətdir. Azərbaycanda təklif olunan layihələr üzrə ətraf mühitin qiymətləndirilməsi üçün əsas prosedur Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət və Ətraf Mühitin Mühafizəsi Departamentinin nəzdində fəaliyyət göstərən Dövlət Ekoloji Ekspertizası vasitəsilə həyata keçirilir. Təbii resurslardan istifadəni nəzərdə tutan müqavilə (kontrakt) layihələrinin ekoloji bölmələri də ekspertizaya cəlb olunmalıdır. “Kolin”ə satılan çınqılın layihələndirilmiş yolda istifadəsinə uyğun olub-olmadığı da ekoloji ekspertiza yolu ilə müəyyən olunmalı məsələdir. Maraqlıdır: yataq qanunsuz istismar edilirsə, məhsulu ekspertiza üçün kim təqdim edib? Burada yalnız təxmin edilə bilər ki, ekspertiza üçün məlum fəaliyyətlə məşğul olan başqa hüquqi şəxsin adından və onun istehsal etdiyi məhsuldan istifadə olunub.
Azərbaycanda dövlət avtomobil yollarının planlaşdırılması, tikintisi, istifadəsi və saxlanılması üçün cavabdeh olan “Azəryolservis” ASC layihənin həyata keçirilməsi zamanı ətraf mühitin mühafizəsi üzrə işlərə nəzarət etməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Monitorinq Idarəsi ətraf mühitlə bağlı qayda və standartlara müvafiqliyin təmin edilməsi üçün müntəzəm və təsadüfi monitorinqlər keçirməlidir. Nəzarətin həyata keçirilməsi üzrə xərclər hesablanıb və bu, layihəyə ayrıca bənd kimi daxil edilib. Alman mütəxəssisləri elə zənn edib ki, bu məqsədlə pul ayrılması müvafiq fəaliyyəti gerçəkləşdirəcək. Daha düşünülməyib ki, elə bu xərclər də “yeyinti” predmeti ola bilər.
Azər Əli