Ankaradan Parisə sərt bəyanatlar göndərildi
Fransa parlamenti qondarma “erməni soyqırımı”nın inkar edilməsinin cinayət sayılmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsinə Türkiyə hökumətinin təmsilçiləri və müxalifət sərt reaksiya verib. Türkiyə baş nazirinin müavini Bülənd Arınc deyib ki, Fransa parlamenti belə bir qərar qəbul etməklə tarixə və həqiqətlərə qarşı qarayaxma əməliyyatına başlayıb.
Bülənd Arınc bəyan edib ki, alimlərin belə düşüncələrinə qadağa qoymaq absurddur: “Zatən Fransa parlamentinin 577 millət vəkilindən yalnız 50-si bu utan gətirən qanun layihəsi üçün səs verib. Parlamentin iclasına gəlməyən deputatlar bunun Fransaya inkvizisiya məhkəmələrini geri gətirmək anlamına gəldiyini yaxşı bilirlər. Keçmiş tarixində Qalileyi Yer kürəsinin Günəş ətrafında fırlandığını söylədiyinə görə mühakimə edən ölkə üçün bu, növbəti ayıbdır. Bu qərar Qalileydən bu günə qədər Fransada çox şeyin dəyişmədiyini ortaya qoydu”.
Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı qərarın böyük bir qalmaqal və ləkə olaraq tarixə düşdüyünü söyləyib. O bildirib ki, bu qanun layihəsi Senatda da qəbul olunarsa, Türkiyə və Fransa arasında bərpa edilməsi mümkün olmayan durum yaranacaq. Fransanın belə addım atmağa cəsarət etməsinə görə hökuməti günahkar sayan Dövlət Baxçalı deyib ki, hökumət qətiyyətini ortaya qoymaq üçün “erməni protokolları” Türkiyə Böyük Millət Məclisinin gündəmindən tamamilə çıxarılmalıdır. O, Türkiyənin Fransa ilə siyasi və iqtisadi əlaqələri dayandırmasını, fransız şirkətlərinin Türkiyədə tenderlərə buraxılmamasını, hava və sənaye sahəsində müqavilələrin ləğvini zəruri sayıb. Dövlət Baxçalı 1915-ci il hadisələrinin 100 illiyi ilə bağlı nüfuzlu tarixçilərdən ibarət komissiya yaradılmasını təklif edib. Milliyyətçi Hərəkat Partiyasının sədri gələn il Fransada keçiriləcək prezident seçkilərində türk əsilli Fransa vətəndaşlarının Nikola Sarkozi əleyhinə səs vermələri üçün lobbi fəaliyyəti aparılmasını da gərəkli hesab edib: “Əgər yol verilən yanlışlıqlar aradan qaldırılmazsa, Fransa ilə aradan qaldırılması mümkün olmayan bir prosesə daxil olacağımız birmənalıdır. Türk milləti imperialistlərin təhrikini və təxribatını qarşılıqsız qoymayacaq”.
Kamal Kılıçdaroğlunun sədrliyində toplanan Cümhuriyyət Xalq Partiyası da Fransa parlamentinin əsassız erməni iddialarının inkarının cəzalandırılmasını nəzərdə tutan qanunu qəbul etməsini qınayıb. Kamal Kılıçdaroğlu Fransa Milli Məclisinin bu qərarla öz tarixinə də xəyanət etdiyini söyləyib (lent.az).
Bu arada Türkiyənin Fransadakı səfiri Təhsin Burcuoğlunu məsləhətləşmə üçün Ankaraya çağırılıb. Türkiyənin Fransadakı səfirliyi bəyan edib ki, səfir qeyri-müəyyən müddətə geri çağırılır.
Təhsin Burcuoğlu Parisi dekabrın 23-də tərk edəcək.
Fransa parlamenti rüsvayçı qanunu qəbul etdi
Fransa parlamentinin aşağı palatası – Milli Məəclis saxta erməni soyqırımı iddialarını inkar edənlərə qarşı cəza nəzərdə tutan qanun layihəsini qəbul edib. Layihənin səsvermədə deputatların yalnız 10 faizi iştirak edib – 577 deputatdan 50-i.Layihənin lehinə 38 deputat səs verib. Layihə sadə səs çoxluğu ilə qəbul olunub.
Bundan sonra qanun təsdiqlənmək üçün parlamentin yuxarı palatasına – Senata göndəriləcək.
***
Fransa parlamentinin aşağı palatasında – Milli Məclisdə saxta erməni soyqırımı iddiasını inkar edənlərə qarşı cəza nəzərdə tutan qanunun müzakirəsi başlayıb.
Türkiyə-Fransa münasibətləri baxımından kritik olan iclasa 577 deputatdan 41-i qatılıb.
Parlament binasının qarşısında isə 5 min nəfər türk etiraz nümayişinə toplaşıb.
İclasda qanun layihəsinin müəllifi, iqtidar pariyası Xalq Hərəkəti Birliyindən deputat Valerie Boyer çıxış edərək məqsədlərinin Türkiyə ilə münasibətlərə zərər vurmaq olmadığını deyib. O, rəsmi Ankaranın qanun qəbul olunacağı təqdirdə Fransaya qarşı sanksiyalara əl atacağı haqda xəbərdarlığını qəbul edilməz hərəkət adlandırıb. Boyer Fransa iş adamlarını Türkiyənin təhdidlərinə boyun əyməməyə, deputatları isə qanun layihəsinin lehinə səs verməyə çağırıb.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxaracaq. Layihənin qəbulu üçün sadə səs çoxluğu yetərlidir. Yəni səsvermədə hətta 3 deputat da iştirak etsə, onlardan ikisinin səsi qərarın qəbulu üçün bəs edəcək.
Əgər qanun layihəsi Milli Məclisdən keçsə, təsdiqlənmək üçün yuxarı palataya, Senata göndəriləcək. Onun qüvvəyə minməsi yalnız Senatın təsdiqindən sonra mümkün olacaq.
***
Qalmaqallı qanun layihəsi Fransa parlamentində səsverməyə çıxarılır
Bu gün Fransa parlamentində qondarma erməni soyqırımının inkar edilməsini qadağan edən qanunu səsverməyə qoyulacaq. Ötən gün isə Türkiyə nümayəndə heyəti Parisdə danışıqlar aparırb. Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının sədri Volkan Bozkırın başçılıq etdiyi heyət Fransa prezidenti Nikolya Sarkozinin diplomatik təmsilçisi Jan-David Levit və Fransa parlamentinin sədri Bernar Akui ilə görüşüb.
Türkiyə nümayəndə heyəti Fransanın xarici işlər naziri Alen Jüpe ilə görüşü zamanı nazirin diqqətinə çatdırılıb ki, qanun layihəsinin qəbul ediləcəyi təqdirdə, Türkiyə-Fransa münasibətlərinin ciddi zərər görəcək. Əlavə edək ki, səsverməyə çıxarılacaq qanun layihəsinin qəbul edilcəyi təqdirdə, qondarma erməni soyqırımını inkar edən şəxsi 1 il həbs cəzası yaxud da 45000 avro məbləğində cərimə gözləyəcək.
Bu arada Rusiyanın aparıcı qəzetlərindən biri “Kommersant”ın yazdığına görə, Erməni soyqırımını inkara görə cəzanı nəzərdə tutan qanunun qəbulu Fransaya baha başa gələcək. Qəzetdə yayımlanan məqalədə vurğulanır ki, buna cavab kimi Türkiyənin hazırladığı sanksiyalar paketi Fransaya təsirsiz ötüşməyəcək:“İki ölkə arasında əmtəə dövriyyəsi 11,5 milyard avro təşkil edir. Ekspertlər Türkiyəyə yatırılmış fransız sərmayələrinin həcmini 6,5 milyard avro miqdarında dəyərləndirirlər. Türkiyədə minə yaxın fransız şirkəti çalışır”.
“Kommersant” əlavə edib ki, “Airbus” şirkəti 2023-cü ilə kimi aviaparkını tam yeniləməyi hədəfləyən Türkiyənin “Türk Hava Yollarına” sərnişin təyyarələrin satışına dair sazişdən məhrum ola bilər. Fransanın “Areva” şirkətinin isə Sinop əyalətində AES-in tikintisinə dair 15 milyard avroluq tenderdən qalib çıxmaq şansları azalacaq. İqtisadi sanksiyalarla yanaşı, Ankaranın Parislə diplomatik münasibətlərini də aşağı səviyyəyə endirəcəyi istisna deyil.