Qəzzafi vəkil istəyir

Diktatorun oğlunu müdafiə etmək istəyən tapılmır

Liviyanın öldürülmüş lideri Müəmmər Qəzzafinin oğlu Seyfülislam Qəzzafinin saxlandığı həbsxanada olan Insan Haqları Müşahidə Təşkilatı diktatorun oğluna vəkil verilməli olduğunu bildirib. Hərbi və insanlığa qarşı cinayətlərdə ittiham olunan Seyfülislam Qəzzafi hazırda saxlandığı Zintan həbsxanasındakı şərait və davranışdan şikayət etməsə də peşəkar vəkil istəyib.
Oğul Qəzzafinin vəkil tələbinə münasibət bildirən Liviyanın baş prokuroru Əl Həsadi Seyfülislamın paytaxt Tripoliyə gətirilib təhlükəsizliyi tam təmin olunduqdan və qaça bilməyəcəyi bir yerdə saxlandıqdan sonra ona vəkil veriləcəyini vurğulayıb. Baş prokurorun köməkçisi Əbdülməcid Səad isə Seyfülislamın istədiyi zaman pulunu ödəyib vəkil tuta biləcəyini, ancaq Qəzzafi ailəsinin pis imici səbəbindən bu vəzifəni almaq istəyən vəkilin çətin tapılacağını da bildirib.