Koreyalı kəndli Kvanq niyə ağlayır?

Belə mənzərəni insanlar sonuncu dəfə bəlkə də Stalin öləndə görmüşdülər.

Təsəvvür edin, insanlar özlərini daşa çırpır, ölmüş diktatorun əlləri dəymiş yerləri öpürlər! Əcəba nə baş verib? Koreyalı diktator Kim Çen Ir ölüb! Mən Stalinin ölümü haqda kitablardan və bir də o dövrün adamlarının bu haqda danışdıqları xatirələrdən eşitmişəm. Şair Y.Yevtuşenko böyük insan selinin bir-birini necə əzməsini xatırlayır… O deyirdi ki, həmin vaxt mən ilk dəfə olaraq Stalinə və stalinizmə nifrət etdim! Koreyalılar bu nifrət həddinə hələ ki, çatmayıblar. Mən isə bu hadisəyə çox sadə yanaşıram: 2011-ci il sözün əsl mənasında diktatorlara düşərli olmadı, neçə-neçə diktator hakimiyyət ilə, biri də həyatla vidalaşdı. Başqa illər də belə uğurlu olsa, inşallah, bütün diktatorların axırı çatar! Nə isə. Indisə Koreya hadisəsi haqda bir qədər ciddi və ironiyasız…
Biz koreyalılardan nə ilə fərqlənirik?
Bəli, ötən həftə dünyanın bir ucunda V.Havel, o biri ucunda isə Koreya lideri Kim Çen Ir dünyasını dəyişdi. Koreya diktatoru Kim Çen Ir dekabrın düz 17-də ürək tutmasından keçinmişdi. Mən sovetlər vaxtında koreyalıları görmüş və hətta onlarla bir-iki kəlmə (təbii ki, rusca) söz də kəsmişdim. O vaxtlar onlar bizə o qədər də qəribə görünmürdülər. Onlar yaxalarında Kim Ir Senin, biz isə Leninin surətini gəzdirirdik. Koreyalılar elə indi də mənə çox qəribə görünmür, çünki mən də elə ölkədə yaşayıram ki, burada da avtoritar liderin doğum və ölüm günü böyük təntənə ilə qeyd edilir. Tək bir fərq var. Yanlış olsa da, onların ideyası var, bizim isə elə bir ideyamız yoxdur, biz elə-belə, necə deyərlər, milli ideyasız yaşayırıq. Düzdür, Prezidentin Administrasiyası çox çalışır ki, bizim üçün bir milli ideya tapsın, biz boş-boşuna yaşamayaq və nəyinsə uğrunda yaşadığımızı düşünək. Hətta bu “ideya”ya ad da tapılıb və onu “modernləşdirmə” adlandırıblar. Amma əhalinin böyük hissəsinin o haqda xəbəri yoxdur. Mən bunun əsl səbəbini bilmirəm: ola bilsin, camaatı bu ideya maraqlandırmır, ya da rəsmi qəzetlər az oxunduğundan bu haqda çoxunun məlumatı yoxdur. Hələ onu demirəm ki, Koreyada ata hakimiyyəti oğluna, oğul da öz növbəsində öz oğluna, yəni ki, böyük rəhbərin nəvəsinə verdi. Azərbaycanda da belə oldu – hakimiyyət atadan oğula keçdi. Gələcək keçidlər haqqında da müxtəlif söhbətlər gəzir, amma mən bu haqda heç nə bilmirəm. Indi Koreya Kim Çen Ununun gəlişini gözləyir. Bu adamın, vur-tut, 29 yaşı var, amma artıq generaldır!..
Millət həmişə öz hakimiyyətinə layiq olurmu?
Belə bir fikir var ki, hər bir millət öz hakimiyyətinə layiqdir. Amma ortalıqda iki fərqli Koreya var. Ona görə də mən çaşıb qalıram: koreyalılar bunlardan hansına layiqdir? Bir tərəfdə demokratiya, bazar iqtisadiyyatı və beynəlxalq hüquq, o biri tərəfdə isə totalitar idarəçilik! Burada bir mübahisəli fikir deyib öz mövqeyimi bir qədər əsaslandırmaq istəyirəm. Elə ölkələr var ki, onların heç bir düşərgədə yeri yoxdur, nə demokratların cərgəsində sayılırlar, nə də avtoritarların! Amma Cənubi Koreya sayılan ölkədir, buna söz yox. Ən əsası isə, Şimali Koreya da, necə deyərlər, özünə görə deyil: yeməyə bir şey tapa bilməsələr də silah-sursat sarıdan bolluqdur! Ona görə də mən kəskin bir nəticəyə gəlmək istəmirəm. Üstəlik, yadıma düşür ki, təxminən 20 il əvvəl almanlar da bu aqibəti yaşamışdılar: bir AFR vardı və bir də ADR! Indi özünüz deyin: almanlar bu sistemlərdən hansına daha çox layiq idilər? Hələ onu demirəm ki, AFR kapitalist ölkələri arasında nə qədər sayılan idisə, ADR də sosialist düşərgəsində bir o qədər sayılırdı! Ümumiyyətlə, götürdükdə isə xalq iki üsulla səfərbər olur: bu, ya totalitar qaydalarla baş verir, ya da fərdi təşəbbüslər şəklində öz mahiyyətini büruzə verir. Milli səfərbərliyin bu iki üsulunu biz iki Koreyanın timsalında görürük. Bəla isə onda baş verir ki, millət ətalətə yuvarlanır: nə fərdiyyət kimi özünü büruzə verir, nə də kollektiv kimi, nə fərdi təşəbbüs göstərir, nə də kollektiv. Sonuncusu isə bizə aiddir…