Gənclər Əliyevin fərmanına inanmır

Dövlət başçısı Ilham Əliyev 19 dekabr tarixində fərman imzalayıb. Fərmanla Gənclər və Idman Nazirliyi yanında Gənclər Fondunun yaradılması qərara alınıb. Gənclərin hərtərəfli inkişafı, cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədini əsas tutan bu fərman Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə nəzərən imzalanıb.

Fərmanla bağlı şərhini dinlədiyimiz AXCP Gənclər Komitəsinin rəhbəri Əbülfəz Qurbanlı söyləyir ki, gənclərlə bağlı təşəbbüslərin olması, onların qayğısı, inkişafı barədəki hansısa addım əslində, müsbət addımdır. Lakin Azərbaycanda bunu o zaman müsbət addım kimi qiymətləndirmək olar ki, verilən qərarlar, qəbul olunan sənədlər həyata keçirilsin: “Öncələr də gənclərlə bağlı oxşar addımlar olub, amma onların əksəriyyəti özünü doğrultmayıb. 2005-2009-cu ilə aid  gənclər proqramının icrasını qənaətbəxş hesab etmək olmaz. Azərbaycan gəncliyi həmin proqramın nəticəsini görmədi. Yüzlərlə gənc arasında apardığımız sorğuda proqram barədə cəmisi bir nəfərin xəbəri olduğunu müəyyənləşdirdik. Həmin gənc də H.Əliyevin ad günüylə bağlı bir musiqi yarışmasında iştirak etmişdi. Növbəti proqram qəbul olunanda da hökumət onu yalnız özünün siyasətini dəstəkləyən gənclərə aid etdi”. 2005-ci ildə gənclər proqramının qəbul olunması ərəfəsində Ruslan Bəşirlinin həbsini yada salan Ə.Qurbanlı 2011-ci ildə AXCP-yə gənclərin fəal axınını, aprel mitinqini və bundan təşvişə düşən hökumətin növbəti dəfə gənclər proqramını ortaya qoyduğunu söylədi: “Müxalifətçi gənclərin həbsinə baxmayaraq, sıralarımız durmadan artır, müxtəlif istiqamətdə vacib tədbirlər həyata keçiririk. Gənclər Fondunun yaradılması, hakimiyyətin gənclərlə bağlı taktiki addımı gənclərin sadəcə susdurulmasına, onların müəyyən müddətə sakitləşdirilməsinə hesablanıb. Fondun yaradılmasını yeni korrupsiya mənbəyi kimi qiymətləndirmək olar. Aidiyyəti nazirlik və onun ətrafı həmin vəsaitdən yaxşı istifadə edəcək, lakin Azərbaycan gəncliyi ondan bəhrələnməyəcək. Fond yaratmaqdansa, təhsildəki rüşvət məsələsi aradan qaldırılsın, siyasi məhbuslar azad edilsin, gənc sahibkarların inkişafına, ipoteka vasitəsilə mənzil almaq istəyən gənc ailələrə kömək olunsun”.

“Azad Gənclik” təşkilatının sözçüsü Ülvi Həsənlinin fikrincə, Gənclər Fondunun yaradılmasından əməli nəticə gözlənilmir. Çünki hökumətin gənclər və qeyri-hökumət təşkilatlarıyla bağlı qəbul etdiyi proqramlar indiyədək hansısa xüsusi effekt verməyib: “Müstəqil qeyri-hökumət təşkilatları və azad fikirli gənclərlə bağlı reallaşan proqramlar, demək olar, yoxdur. Bu baxımdan yeni fərmanla yaradılan Gənclər Fondunun da müxalif fikirli gənclər və müstəqil QHT kimi fəaliyyət göstərən təşkilatlara dəstək olacağını düşünmək mümkünsüzdür. Bu günə qədər qəbul edilən gənclər proqramları hakimiyyətə yaxınlığıyla seçilən təşkilat və qeyri-müstəqil QHT-lərə hesablanıb. Bu baxımdan Gənclər Fondunu da yeni korrupsiya mənbəyi kimi dəyərləndirmək olar”.

Nigar