Boris Nemtsovun tərəfdarlarıyla qalmaqal yaradacaq telefon danışıqları yayıldı
Rusiyada dekabrın 4-də baş tutmuş parlament seçkilərindən sonra Dövlət Dumasının ilk toplantısı keçirilib. Rəsmi nəticələrə görə deputat mandatı qazanmışların hamısı toplantıda iştirak edib. Ilk iclasda parlamentin komitələrinin və strukturunun formalaşdırılması məsələsi müzakirə olunub. Hakimiyyət və müxalifət partiyaları arasında bəzi komitələrin formalaşdırılması istiqamətində kompromis əldə olunub. Komitələrin formalaşdırılması zamanı yaranmış səs-küyü görən jurnalistlər Dumanı bazarla müqayisə ediblər.
Dumanın sədri postunda isə fikir ayrılığı davam edir. “Vahid Rusiya”nın spiker postuna Prezident Administrasiyasının keçmiş rəhbəri Sergey Narışkinin namizədliyini irəli sürəcəyi dəqiqləşsə də, müxaliflər onun bu posta seçilməsinə qarşı çıxacaqlarını bəyan ediblər. Müxalif Liberal Demokrat Partiyasının liderlərindən biri Iqor Lebedev bildirib ki, hər partiya spiker postuna öz namizədini irəli sürəcək və onun seçilməsi üçün digər fraksiyalardan dəstək almağa çalışacaq.
Qeyd edək ki, Dumanın spikeri seçilmək üçün 225 deputatın səsini qazanmaq lazımdır. Hakim “Vahid Rusiyanın” parlamentdə 238 deputatı var.
Bu arada, Rusiyanın aparıcı müxalif qüvvələrinin liderlərindən biri Boris Nemtsovun tərəfdarları ilə telefon danışığının audio-yazısı sosial şəbəkələrdə yayılıb. “Life News” saytında da yerləşdirilən audio-yazılarda Nemtsovun 6 saatlıq telefon danışığı öz əksini tapıb. Müxalifət lideri telefon danışığı zamanı etikadan kənar ifadələr işlədib. Tərəfdarlarıyla təxminən 6 saata yaxın danışan Nemtsov tanınmış müxaliflər Qriqori Yavlinski, Eduard Limonov, Boris Akunin və başqalarının adını çəkib.
Hadisəyə münasibət bildirən Boris Nemtsov telefon danışığının hökumət tərəfindən ortaya atıldığını və ona qarşı “qara piar” kampaniyasına start verildiyini söyləyib. O bildirib ki, Putin bu addımı ilə dekabrın 24-də keçiriləcək mitinqin təşkilat komitəsində parçalanma yaratmaq istəyir: “Kremldəki yaramazlar mitinqimizin kütləvi alınmasını önləmək üçün müxaliflər arasında parçalanma yaratmağı planlaşdırır. Ancaq Putin rejimi əmin olsun ki, bütün cədhləri nəticəsiz qalacaq”.
Nemtsov daha sonra telefon danışığı zamanı işlətdiyi etikadan kənar ifadələrə görə ictimaiyyətdən üzr istəyib. O, audio-yazıda adı çəkilən müxalifət liderləri və ictimai fəallara da üzrxahlıq edib. Nemtsov səhvini boynuna alaraq, hətta telefon danışığı zamanı belə, hisslərə qapılmamağın lazım olduğunu deyib: “Mən doğru etmədiyimi bilirəm. Emosiyalarımızı qorumalıyıq”.
Nemtsov baş verənlərlə əlaqədar məhkəməyə şikayət edəcəyini də bildirib.
Bu arada, Rusiya Mərkəzi Seçki Komissiyası baş nazir Vladimir Putinin 2012-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini qeydə alıb. Qeydiyyat barədə şəhadətnamə Putinin səlahiyyətli nümayəndəsinə təqdim olunub. Putin hazırkı seçki kampaniyası çərçivəsində qeydə alınmış ilk namizəd olub.
Xatırladaq ki, Rusiya baş nazirinin 2012-ci il prezident seçkilərində namizədliyi noyabrın 27-də hakim “Vahid Rusiya” partiyasının qurultayında irəli sürülmüş, Putin sənədlərini isə dekabrın 7-də Mərkəzi Seçki Komissiyasına təqdim etmişdi. Rusiyada növbəti prezident seçkiləri martın 4-nə təyin edilib. Dövlət başçısı postuna Vladimir Putindən başqa, Kommunist partiyasının lideri Gennadi Zyüqanov, Liberal-Demokratlar Partiyasının lideri Vladimir Jirinovski, “Yabloko” partiyasının Siyasi Şurasının üzvü Qriqori Yavlinski və iş adamı Mixail Proxorov öz namizədliklərini irəli sürüblər.
Informasiya şöbəsi