Azadlığın simvolu və qaranlıq dünyanın “günəşi”

Fərqli əqidə, fərqli lider və kəsişən sonuncu yol – ölüm

Dekabrın 17-də müasir tarixin ən tanınmış iki siması dünyasını dəyişdi. Eyni dövrdə yaşayıb, fəaliyyət göstərən bu şəxslərdən biri bütün həyatı boyu totalitar kommunist rejiminə qarşı mübarizə aparan Vatslav Havel, digəri isə kommunist rejiminin hökm sürdüyü ölkənin diktatoru olan Kim Çen Irdi. Bəs bu şəxslər yaddaşlarda nə ilə qalacaq?

Müasir dövrün ən parlaq siması – Vatslav Havel

Müasir siyasi və mədəni həyatın ən parlaq şəxsiyyətlərindən olan Havel bir çoxları üçün Şərqi Avropada dəyişikliklərin simvoludur. Bütün şüurlu həyatını ölkəsində azadlıq və demokratiyanın bərqərar olması uğrunda mübarizəyə həsr edib. 1968-ci ildə Praqa baharı olaylarından sonra öz azadfikirliliyi ilə tanınan Havel totalitar kommunist rejimi ilə mübarizə apardığı dövrlərdə dəfələrlə həbs olunub, bu da onun səhhətində öz əksini tapıb. 1975-ci ildə, fəal müqavimət dövründə Çexoslovakiya prezidenti Qustav Qusaka məktub yazaraq rejimi kəskin şəkildə tənqid edir. 1977-ci ildə isə “Xartiya-77”nin birinci mətbuat katibi olur. O dövrdən onun adı bu qurumla bağlı olur. ”Məxməri inqilab” zamanı o, Vətəndaş Forumunu yaradır və inqilabın məşhur ilhamvericilərindən olur. 1989-cu il dekabrın 29-da isə Havel Çexoslovakiya respublikasının prezidenti seçilir.

Havelin siyasi karyerasının yüksəliş və enişləri olub. 1992-ci ilin iyulunda prezident seçkilərində ona cəmi 20 səs çatmadı. Prezident postunu tərk edən Havel siyasi həyatdan uzaqlaşdı. Lakin Çexoslovakiya parçalanandan sonra yenidən prezident seçildi. Bu dəfə artıq müstəqil Çexiyanın prezidenti. Beş il sonra, 1996-cı ildə o yalnız üçüncü turda qalib gələ bilir. Çexiyaya başçılıq edən Havel onu yenidən Avropaya qaytarmaq, Qərb qonşuları üçün açıq etmək istəyir və bu məqsədinə də nail olur. Əsas xidməti isə 1999-cu ildə ölkəsinin NATO-ya üzv olmasıdır. Havel Çexiyanın Avropa Ittifaqının tam hüquqlu üzvü olması üçün də çalışırdı. Ölkənin ictimai-siyasi həyatındakı demokratikləşmə də məhz onun adı ilə bağlıdır. Prezidentliyi dövründə dəfələrlə amnistiya və əfv fərmanları imzalayan Havel buna görə hətta tənqidə də məruz qalıb. Həyatını demokratiya və ölkəsinin azadlığı uğrunla mübarizəyə həsr etmiş Vatslav Havel Çexiya cəmiyyəti, eyni zamanda demokratik dünyanın yaddaşında parlaq bir şəxsiyyət kimi qalacaq.

Bioqrafiyası saxta Koreya lideri


Bəs dünyanın ən qaranlıq ölkələrindən olan Şimali Koreyanın diktatoru Kim Çen Ir necə xatırlanacaq?
Amerikanın “Parade” jurnalının siyahısına görə, müasir dövrün ən pis diktatoru sayılan Kim Çen Ir 1941-ci il fevralın 16-da (rəsmi bioqrafiyaya əsasən – 1942-ci ildə) Koreyanın gələcək prezidenti Kim Ir Senin ailəsində doğulub. Şimali Koreya təbliğatı iddia edir ki, Kim Çen Ir ölkənin ən hündür və sitayiş yeri olan Pektuan dağında partizan düşərgəsində anadan olub. Bu an göydə ikili göy qurşağı və parlaq ulduz görsənib. Lakin sovet və Çin sənədlərinə əsasən, o SSRI-də, Xabarovsk diyarında doğulub və adı Yuri Irsenoviç Kimdir. Uşaqlığını o zaman Qırmızı ordunun kapitanı olan atasının rəhbərlik etdiyi batalyonun yerləşdiyi Vyatskoye kəndində keçirib. Ikinci dünya mübaribəsindən sonra isə Pxenyana gətirilir. Koreya müharibəsi dövründə (1950-1953-cü illərdə) yenidən ölkədən çıxarılıb, bu dəfə Çinə aparılıb. Təhsilini məhz orda aldığı ehtimal edilir. Lakin rəsmi bioqrafiyasında bu məlumat təsdiqini tapmır. Təhsil aldığı universitet isə atası Kim Ir Senin adını daşıyıb.

Anormal varis


1961-ci ildə Koreya Əmək partiyasına üzv olan Kim Çen Ir 1964-cü ildən partiyanın mərkəzi komitəsində işləməyə başlayır. 1973-cü ildə partiya MK-nın katibi, bir il sonra isə Siyasi Komitənin üzvü və Kim Ir Senin varisi seçilir. 70-ci illərdə ölkə mətbuatında onu “Partiyanın mərkəzi” adlandırmağa başlayırlar. 1980-ci ildə partiyanın növbəti qurultayında Kim Çen Ir MK Siyasi Bürosunun prezidiumunun üzvü, MK katibi, partiyanın mərkəzi hərbi komitəsinin üzvü seçilir. Rəsmi təbliğat onun müdrikliyini mədh etməyə başlayır. Bəzi məlumatlara görə, Kim Çen Ir xüsusi xidmət orqanlarının işinə rəhbərlik edib. Onu hətta 1983-cü ildə Birmada (Myanma) Cənubi Koreyanın 17 rəsmi şəxsinin ölümü ilə nəticələnən terror aktının təşkilində, həmçinin 1987-ci ildə 115 nəfəri olduğu Cənubi Koreya laynerinin partladılmasında günahlandırıblar. 1991-ci ildə partiyanın plenar iclasında Kim Ir Sen Koreya Xalq Ordusunun ali baş komandanının səlahiyyətlərinin oğluna verilməsini elan edib. Bir il sonra Kim Ir Senə generalissimus rütbəsi, bundan bir həftə sonra isə Kim Çen Irə KXDR marşalı rütbəsi verilir. 1994-cü ildə “Əbədi prezident” Kim Ir Sen ürək tutmasından dünyasını dəyişəndən sonra Kim Ir Çen ölkədə üç illik matəm elan edir. Atasının ölümündən sarsılan oğul diktator uzun müddət özünə gələ bilmir. Onun şəxsi aşpazının sözlərinə görə, atasının ölümündən sonra Kim Çen Ir düz bir ay əli tapançada oturub. 1994-cü il iyulun 12-də partiya mərkəzi komitəsinin qapalı plenumunda hakimiyyətin bütünlüklə Kim Çen Irə verilməsinə dair qərar qəbul edilir. Həmin il oktyabrın 6-da ona rəsmən “dahi rəhbər” titulu verilir. 1997-ci ildə “dahi rəhbər”in Əmək partiyasının baş katibi vəzifəsinə seçildiyi elan edilib. Bir il sonra isə o, KXDR-nin müdafiə komitəsinin sədri postuna seçilib.

“Dahi rəhbər”in  saysız titulları…


Beləliklə, Koreya-Xalq Demokratik Respublikasının başçısı, Koreya Əmək partiyasının baş katibi, Koreya xalq ordusunun (sayına görə dünyanın dördüncü ordusu) ali baş komandanı, KXDR-in dövlət müdafiə komitəsinin sədri, “dahi rəhbər” Kim Ir Senin oğlu Kim Çen Ir “dahi rəhbər” titulu ilə yanaşı “Sevimli rəhbər” də adlandırılırdı. Onu həmçinin “Sərkərdə” də adlandırırdılar. Ancaq Kim Çen Irin titulları bununla da bitmir. O, “Böyük marşal”, “Partiyanın mərkəzi”, “Sevimli rəhbər”, “Hörmətli rəhbər”, “Vətənin birləşməsinin qarantı”, “Millətin taleyi”, “Xalqın atası”, “Xalqın günəşi”, “Dahi sərkərdə”, “Pektusanın parlaq ulduzu”, “Dahi sərkərdə”, “Dahi rəhbər” titullarını da daşıyıb.

Axmaqlığa görə mükafatlandırılan diktator

Titullarla yanaşı onun çoxsaylı mükafatları da olub. Bunlar KXDR qəhrəmanı (1975, 1982 və 1992), I dərəcəli dövlət bayrağı ordeni, Kim Ir Sen ordeni (1978, 1982 və 1992), “Qızıl ulduz” medalı, 1941-1945-ci illər Böyük Vətən Müharibəsində “Qələbənin 50 illiyi” medalı (5 may 1995-ci il), RFKP MK-nin “Böyük Oktyabr Sosialist Inqilabının 90 illiyi” medalı (2008), “Xidmətlərə görə” Qvineya milli ordeni (Böyük xaç kavaleri), Anna Pavlyukova adına mərhəmət Fondu Ordeni, “Dünyanın çiçəklənməsi və bərqərar olunması işinə töhfələrə görə” orden, “Böyük Vətən Müharibəsində qələbənin 60 illiyi” yubiley medalı (2005-ci il), Triyest şəhərinin medalı (1997-ci il), “Dünya mədəniyyətinə töhfələrinə görə” orden, “Mesenat ulduzu” ordeni, Piskaryov qəbiristanlığının xatirə medalı, “Böyük Vətən Müharibəsində qələbənin 65 illiyi” medallarıdır. O, eyni zamanda Kim Ir Sen mükafatı (1973-ci il), Beynəlxalq Kim Ir Sen mükafatı, “Mərhəmətli Sülh mələyi” mükafatının laureatıdır. Kim Çen Ir Uzaq Şərq Dövlət Universitetinin fəxri doktoru, Beynəlxalq Incəsənət və Mədəniyyət Akademiyasının fəxri akademiki, Beynəlxalq Mesenatlıq Akademiyasının fəxri doktoru, Beynəlxalq Ictimai Elmlər Akademiyasının fəxri doktorudu. Koreya diktatoru həmçinin Axmaqlığa görə beynəlxalq mükafata da layiq görülüb (planetə təhlükə yaradan axmaqlığa görə – 2005-ci il).

Internetin olmadığı ölkə

Kim Çen Irin hakimiyyəti dövründə Şimali Koreya insan haqlarının pozulmasında, edamlarda, quldarlıqda, məcburi abortlarda, Yaponiya və Cənubi Koreya vətəndaşlarının oğurlanmasında, həmçinin əmək konslagerlərinin yaradılmasında günahlandırılırdı. Ölkədə mətbuat bütövlükdə hakimiyyətin nəzarəti altındadır, xarici radio kanallarının dinlənilməsi qəti qadağandır. Bu ölkənin vətəndaşları hələ də internetin nə olduğunu bilmir.
Çik Çen Irin hakimiyyəti dövründə onun şəxsiyyətinin ilahiləşdirilməsi həyata keçirilirdi. Bu mənada onu Stalinlə müqayisə etmək olardı. Kim Çen Irin şəkilləri bütün dövlət və ictimai müəssisələri bəzəyir, rəhbərin ünvanına istənilən tənqid isə həbs və konslagerə göndərilməklə nəticələnir. 1980-ci illərdən atası ilə yanaşı Kim Çen Irin bioqrafiyası məktəblərdə rəsmi dərs kimi tədris edilirdi. Bütün kitablar və məqalələr onun sitatları ilə başlayır, “dahi rəhbərin” adı isə nəşrlərdə xüsusi şriftlə yığılır. Kim Çen Irin şəninə şeirlər yazılır, mahnılar qoşulur. Ölkənin artistləri öz çıxışlarını ona həsr edir. Rəhbərin ad günü isə ölkənin ikinci dövlət bayramıdır. 1988-ci ildə onun ad günü münasibətilə xüsusi gül yetişdirilib və ona “kimçeniriya” adı verilib.

Bəstəkar… içki düşgünü

Ölkəsində Kim Çen Ir görkəmli bəstəkar hesab edilir. Özü də onun müəllifi kimi göstərildiyi altı opera cəmi iki ilə yazılıb. Onun “Çuçxe haqqında ideyalar”, “Çuçxe fəlsəfəsini öyrənərkən yaranan bəzi suallar haqqında”, “Kino yaradıcılığı”, “Çuçxe prinsiplərinə əsaslanan ədəbiyyat haqqında” əsərləri klassik sayılır. Kim Çen Ir ölkəsində həm də Pxenyanda “Çuçxe gülləsi”nin planını hazırlayan böyük memar hesab edilir.
Diktator həmçinin içki düşgünü və yüngül həyat tərzi keçirən şəxs kimi tanınıb.
Üç dəfə evli olan Kim Çen Irin rəsmi məlumatlara görə, üç oğlu var (Kim Çon Nam, Kim Çon Çxol və Kim Çcon In). Ancaq qeyri-rəsmi məlumatlara görə, Şimali Koreya rəhbərinin 17 uşağı var. Onlardan 9-u nikahdan kənardı.

Təyyarədən qorxan diktator

Səhər yuxudan oyanan Kim Çen Ir adətən öz yaddaşını məşq elətdirirmiş. Onun dediyinə görə, baş, yaddaşı daha çox məşq elətdirəndə yaxşı işləyir. Boş vaxtını necə keçirməsi ilə bağlı suala isə Kim Çen Ir belə cavab verib: “Xalq kütlələrinin içinə getməyi, onlarla vaxt keçirməyi xoşlayıram. Ölkəmizin vətəndaşlarının necə yaşadığı və işlədiyi ilə maraqlanıram. Onlara qayğı göstərir, dərdlərini və sevinclərini bölüşürəm. Mənim üçün ən sevincli iş budur. Bir də mən mütaliəni və musiqini sevirəm. Kitab və musiqi – bizim işimiz üçün ”qidadı”, bu, bizim həyatımızdır.
Təyyarədən qorxan Kim Çen Ir hər yerə getdiyi öz zirehli qatarında ölüb. O cəmi beş dəfə, iki ölkədə – Rusiya və Çində səfərdə olub. Diktator uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkirmiş. Lakin Koreya KIV-nin məlumatına görə, o, “xalqın mənafeyi üçün çalışaraq fiziki və zehni yorğunluqdan” ölüb. Onun varisi kimi isə kiçik  oğlu Kim Çen Ir elan edilib.

Fizzə Heydərli