Vicdan məhbusundan qılınc kimi sözlər

2 aprel mitinqinə görə həbs edilmiş vicdan məhbuslarından biri, AXCP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəmməd Məcidlinin məhbəsdə qələmə aldığı bir şeiri təqdim edirik. Məhəmməd bəy bu şeridən bir parçanı apellyasiya məhkəməsində hakimin üzünə oxuyub. Şeir belə adlanır:

Nökər bəyə hökm oxuyur

Nökərə tax-tac qurulur
Nökər bəyə hökm oxuyur
Qollara qandal vurulur
Nökər bəyə hökm oxuyur

Davam edir 37
Sərhədsizdir, yoxdur həddi
Bükülübdür haqqın qəddi
Nökər bəyə hökm oxuyur

Polis döyür, polis vurur
Min bir yolla hiylə qurur
Məhkəmədə üzə durur
Nökər bəyə hökm oxuyur

Cinayətkar şahid olur
Üzün cırır, saçın yolur
Bir üzə yüz sifət durur
Nökər bəyə hökm oxuyur

Sınan biz yox, polis olur
Hakimlərin üzü solur
Gör axırda bəs nə olur?
Nökər bəyə hökm oxuyur

Sitat çəkir Avropadan
Ittihamçı utanmadan
Qarışqadan fil yaradan
Nökər bəyə hökm oxuyur

Ağsaqqalı susdururlar
Dinənə qan qusdururlar
Söz deyəni busdururlar
Nökər bəyə hökm oxuyur

Düzü dedim, cinayətdir
Rüşvət pulu inayətdir
Bu nə plan, nə niyyətdir?
Nökər bəyə hökm oxuyur

Hökm oxunur yalan-palan
Budu məni dərdə salan
Vicdanı yox, andı yalan
Nökər bəyə hökm oxuyur

Haqq-ədalət eyhamçısı
Başı üstə çar qamçısı
Sumbatyanın davamçısı
Nökər bəyə hökm oxuyur

Vicdansızdır hər bir şeyə
Suçu sığmaz yerə-göyə
Ağasını öyə-öyə
Nökər bəyə hökm oxuyur

Gen əzir hey qanunlardan
Əl çəkmir heç yalanlardan
Götürüb şər böhtanlardan
Nökər bəyə hökm oxuyur

Ağıl gərək ola başda
Qeyrət yoxsa, yoxdur baş da
Bəy ayaqda, nökər başda
Nökər bəyə hökm oxuyur

Bəy sözündə bir vurğu var
Hər əməldə bir sorğu var
Bu işdə də bir qurğu var
Nökər bəyə hökm oxuyur

Bu ölkədə ədalət yox
Quldurbaşı, başkəsən çox
Alimi ac, qanmazı tox
Nökər bəyə hökm oxuyur

Qara yellər hardan əsir
Kimdir axı, o müqəssir?
Millət olub əsir-yesir
Nökər bəyə hökm oxuyur

Millət yaman darda qalıb
Şaxta, boran, darda qalıb
Bəs ədalət harda qalıb?
Nökər bəyə hökm oxuyur

Dəlil, sübut dəymir gözə
Hakim quldur yalan sözə
Ürək buna nece dözə?
Nökər bəyə hökm oxuyur

Məhkəmələr boyun əyir
Zərbə bütöv xalqa dəyir
Bütün aləm, dünya deyir
Nökər bəyə hökm oxuyur

Azad söz də cinayətmiş
“ İstefa “ ondan betərmiş
Bilmədim hakim nökərmiş
Nökər bəyə hökm oxuyur

Bu sığmır heç insanlığa
Taxt-tac keçib heyvanlığa
Həyat durur bir anlığa
Nökər bəyə hökm oxuyur

And içib öz vicdanına
Sadiq qalacaq andına
Qanuni–ali adına
Nökər bəyə hökm oxuyur

Mənə tut bir o üzünü
Görüm o xain gözünü
Qoy hamı bilsin düzünü
Nökər bəyə hökm oxuyur

Sənin deyil bu taxt, bu tac
Xalqın cibi boş, qarnı ac
Tapmalıyıq buna əlac
Nökər bəyə hökm oxuyur

Belə qalmaz dünya, cahan
Dəyişəcək hər şey bir an
Haqqdan deyil belə fərman
Nökər bəyə hökm oxuyur

Ər-ərənlik itib gedir
Nökər, kölə şahlıq edir
Quldur olub xalqı didir
Nökər bəyə hökm oxuyur

Xəbər verin eldən-elə
Suçumuz yoxç bilə-bilə
Üzümüzə gülə-gülə
Nökər bəyə hökm oxuyur

Qəhramanıq hər birimiz
Millət olub dərd–sərimiz
Tərsə düşübdür yerimiz
Nökər bəyə hökm oxuyur

Nə deyəsən, neyləyəsən?
Dərdi kimə söyləyəsən?
Bircə bunu görməyəsən
Nökər bəyə hökm oxuyur

Vətən oğlu, aman gündür
Söz danışma yaman gündür
Beynimə qan daman gündür
Nökər bəyə hökm oxuyur

Nə demişik, neyləmişik?
Qeyrət, namus söyləmişik
Heydər nəymiş bilməmişik
Nökər bəyə hökm oxuyur

Bu nə yeldir əsdi belə
Ümidlər kəsdi belə
Yetər, bəsdi, bəsdi belə
Nökər bəyə hökm oxuyur

Hanı haqq, ədalət hanı?
Quldur alıb 4 bir yanı
Nökəri gör, bəyi tanı
Nökər bəyə hökm oxuyur

Saxtakarlıq tüğyan edir
Namus itir, qeyrət gedir
Deyin görüm, bəs bu nədir
Nökər bəyə hökm oxuyur

Dörd divardır ünvanımız
Qürbətdədir hər anımız
Tanınsa da ad-sanımız
Nökər bəyə hökm oxuyur

Hakimi belə sanmazdım
Göz görməsə, inanmazdım
Bəy oxusa heç yanmazdım
Nökər bəyə hökm oxuyur

Yox ol, dünya, dağıl, dünya
Qalmaz məndə ağıl, dünya
Həyat olub nağıl, dünya
Nökər bəyə hökm oxuyur

Yoxdu köku, yoxdu zatı
Keçirib boynuna çatı
Əynində qara xalatı
Nökər bəyə hökm oxuyur

Meydanımız qəfəs oldu
Qəfəsimiz nəfəs oldu
Ədalətsiz, əbəs oldu
Nökər bəyə hökm oxuyur

Hər əzabın bir dadı var
Naləsi var, fəryadı var
Bu işinsə bir adı var –
Nökər bəyə hökm oxuyur.