Natiq Kərimov: «Qəsəbə barıt çəlləyinə dönüb»
Nardaranda son vaxtlar həbs olunan şəxslərin məsələsi dekabrın 19-da kəndin Ağsaqqallar Şurasında müzakirə olunub. Şuranın sədri Kərbəlayi Natiq Kərimov “Media forum” saytına açıqlamasında hüquq müdafiəçilərinə, Ombudsman Aparatına həbs olunan kənd sakinləri Hacı Elçin Hüseynəliyev, Hacı Dilavər Yaxşıbəyov və Kərbəlayi Imran ilə bağlı müraciət olunması qərarına gəlindiyini deyib. Ağsaqqallar Şurasının sədri bildirib ki, hazırda kənddə vəziyyət ürəkaçan deyil: “Nardaranlıları Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları aparıb. Elə indi də onların əməkdaşları kənddə dolaşır. Kənd sakinlərində belə bir təlaş var ki, yenə də kimisə həbs edəcəklər”.
N.Kərimovun sözlərinə görə, həcc ziyarətindən qayıtmış kənd sakini Elçin Hüseynəliyevi noyabrın 20-də evindən aparıblar: “Hacı Elçin uzun illərdir sahibkarlıqla məşğuldur. Xarici ölkələrdən qiymətli gül şitilləri gətirir. Din adamıdır, həm də xeyriyyəçidir. Əvvəl elə bildik ki, onu bizneslə məşğul olduğu üçün saxlayıblar. Bu səbəbdən Ağsaqqallar Şurası Hacı Elçinin ailəsinin xahişini nəzərə alıb heç yerə məlumat vermədi. Ümid edirdik ki, bu həbs anlaşılmazlıqdır, qısa zamanda çözülər. Amma Hacı Elçin barədə şər və böhtanla cinayət işi açıldı. Guya axtarış zamanı onun üzərindən 53 qram heroin tapılıb”.
N.Kərimov əlavə edib ki, Dilavər Yaxşibəyov dekabrın 17-də həbs olunub: “Onu Maştağada həbs ediblər. Guya üzərindən 47 qram heroin çıxıb. Adi, öz zəhməti ilə dolanan kənd sakinidir. Bundan öncə Nardaranda camaatın qaza görə borcunun ödənməsinə köməklik edən Kərbəlayi Imran adlı kənd sakinini həbs etmişdilər. Daha doğrusu, onu da oğurlamışdılar. Kərbəlayi Imran Qarabağ müharibəsi veteranıdır. Cəbhəyə könüllü gedənlərdəndir, vətən uğrunda gedən döyüşlərdə ağır yaralanıb”.
N.Kərimovun sözlərinə görə, Nardarandakı məlum həbslər qəsəbədə ciddi narazılıq doğurub. Artıq bugündən qəsəbədə kütləvi aksiyaların başlayacağı gözlənilir: “Kənd barıt çəlləyinə dönüb. Sakinlərin bu cür həbsi və qeyri-qanuni şərlənməsi yaxşı nəticələrə gətirib çıxarmayacaq. Bəlkə Nardaran sakinlərinin Islama, Əhli-beytə (ə) bağlılığı birilərində qıcıq yaradır? Bəlkə Nardaranda Aşura mərasimlərinin izdihamlı keçməsi, Azərbaycanın hər yerindən buraya zəvvarların gəlməsi müəyyən qisim məmurların narahatlıqlarına səbəb olur? Məhərrəm-səfər əyyamında Nardaranda yerləşən ”Həkimə xanım (s.ə.)” hərəminə yüz minlərlə zəvvar gəlir. Bəlkə bu amil kimlərisə narahat edir? Bu suallara birmənalı cavab vermək çətindir”.
N.Kərimov üzləşdikləri vəziyyətlə bağlı yuxarı orqanlara, deputatlara və KIV-ə müraciət edəcəklərini də bildirib.