Fransa-Türkiyə münasibətlərinin gərginləşməsi hakimiyyəti çıxılmaz vəziyyətə salıb
Türkiyə ilə Fransa arasında münasibətlərin korlanması Azərbaycan hakimiyyətini çıxılmaz vəziyyətə salıb. Oxucuların diqqətinə çatdıraq ki, dekabrın 22-də Fransa parlamenti “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxarmağa hazırlaşır. Bu isə Ankaranın kəskin etirazına səbəb olub. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Sarkoziyə səslənərək deyib: “Fransada başqa, Ermənistanda başqa, Türkiyəyə gələndə isə tamam fərqli danışırsan. Belə iki istiqamətli, üç istiqamətli siyasi lider olmaz. Siyasət dürüstlük istəyir. Özünə fikir ver. Siyasət hər şeydən əvvəl dürüstlük istəyir”.
Türkiyə rəsmiləri bəyan edib ki, qanun layihəsi qəbul olunacağı təqdirdə Fransa ilə münasibətlərə yenidən baxılacaq. Indi gələk Azərbaycan hakimiyyətinin narahatçılığına. Məsələ burasındadır ki, rəsmi Bakı həmişə Fransa ilə münasibətlərə xüsusi diqqət yetirib. Prezident Jak Şirakın dövründə münasibətlər çox sıcaq olsa da, Sarkozinin hakimiyyətə gəlişindən sonra Paris Bakıdan müəyyən qədər soyumuşdu. Son vaxtlara qədər münasibətlər əvvəlki kimi deyildi. Lakin bir müddət sonra Əliyevlər münasibətləri qaydaya sala bildilər. Sarkozinin Azərbaycana səfəri Ilham Əliyevin xanımı Mehriban Əliyevanı Fransanın ali mükafatı ilə təltif etməsi buna misal ola bilər. Eyni zamanda Mehriban Əliyeva da Azərbaycan-ABŞ parlamentlərarası dostluq qrupundan çıxaraq Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbərliyinə gəldi. Indi hakimiyyət, xüsusilə Paşayevlərin lideri hesab edilən Mehriban Əliyeva çətin durumdadır. Hətta vəziyyət o həddədir ki, Qənirə Paşayeva və Məlahət Ibrahimqızının simasında onun çevrəsinə daxil olan şəxslər belə, Fransanın bu addımına sərt reaksiya göstəriblər. Daha doğrusu, buna məcbur olublar. Fransa-Türkiyə münasibətlərindəki gərginlik dərinləşdikcə isə hakimiyyət daha ağır duruma düşəcək.