Avtobus maşınları əzib keçdi, xeyli insan yaralandı
Dekabrın 20-də saat 8:10 radələrində Bakıda qeyri-adi yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, Yeni Günəşli qəsəbəsində reys üzrə hərəkət edən keçmiş 316, hazırda 50 saylı xətt üzrə hərəkət edən “Shaolin” markalı, 90 DX 546 dövlət nömrə nişanlı iritutumlu sərnişin avtobusunun əyləc sistemi sıradan çıxıb. Əyləc sistemi sərnişinlə dolu avtobus yüksək sürətlə hərəkət etdiyi vaxtda sıradan çıxdığından sürücü nəqliyyat vasitəsini saxlaya bilməyib və avtobus yolda şütüyən, həmçinin Yeni Günəşlidən Qaraçuxura qədər olan yolun kənarındakı maşınları əzərək keçib. Nəhayət, avtobus 2 kilometrədək yolu yüksək sürətlə keçərək, Qaraçuxur qəsəbəsindəki Xarici Dillər Təmayüllü Gimnaziyanın qarşısındakı 90 KC 496 dövlət nömrə nişanlı Cipə çırpılıb və dayanıb.
Cip-in sahibi əməkdaşımızla söhbətində deyib ki, övladlarını məktəbə gətiribmiş: “Maşından düşüb uşağı məktəbə apardım. Birdən dəhşətli səs gəldi. Baxdıq ki, avtobus mənim maşınıma çırpılıb dayandı”.
Hadisə baş verəndən sonra avtobusun sürücüsünü hadisə yerində tapmaq mümkün olmayıb.
Suraxanı rayon Polis İdarəsi 32-ci Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, faktla bağlı ilkin məlumat verilib. İlkin məlumata görə, avtobusun törətdiyi qəza nəticəsində 5 nəfər ağır və nisbətən ağır xəsarətlər alıblar. Yaralılar təcili tibbi yardım maşınları ilə 3 saylı şəhər xəstəxanasına aparılıblar.
Xəstəxanadan Lent.az-a verilən məlumata görə, saat 08:50 radələrində 5 nəfər daxil olub. Hazırda həmin şəxslər adları dəqiqləşdirilir. Yaralıların daha çox olması da istisna edilmir.
***
Xəstəxanadan Lent.az-a verilən məlumata görə, səhər saatlarında təcili tibbi yardım maşını ilə gətirilən şəxslərin adları belədir:
İsmayılzadə İsmayıl Teymur oğlu – 1990-cı il təvəllüdlü
Heydərova Nərminə – 1959-cu il təvəllüdlü
Qəhrəmanova Nəzrin Rəşid qızı – 1999-cu il təvəllüdlü
Həsənov Tapdıq Qabil oğlu – 1960-cı il təvəllüdlü
Daha bir neçə nəfərə isə hadisə yerindəcə tibbi yardım göstərildikdən sonra buraxılıb.