Fəzail Ağamalı: «Azərbaycan bu məsələdə və gələcəkdə də qardaş dövlətin yanında olmalıdır»
Məlahət Ibrahimqızı: «Rəsmi şəkildə Fransa Parlamentinə etiraz məktubları ünvanlanmalıdır»
Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyənin Fransa ilə münasibətlərinin gərginləşməsi ilə bağlı rəsmi Bakının mövqeyi hələ açıqlanmayıb. Xatırladaq ki, Türkiyənin Israillə münasibətləri kəskinləşəndə Ankaranın çağırışına baxmayaraq, Azərbaycan hakimiyyəti Israillə münasibətlərə yenidən baxmadı. Hərçənd ki, Türkiyə Azərbaycanla müharibə şəraitində olan Ermənistanla bütün əlaqələri kəsib. Hətta buna görə beynəlxalq aləmdə problemlərlə də üzləşib. Indi isə Fransanın hakim partiyası qondarma erməni soyqırımını tanımayanların cinayət məsuliyyətinə cəlb edilməsi təklifini Senata göndərib. Təklif qəbul ediləcəyi təqdirdə Ankara ilə Paris arasında münasibətlərin daha da gərginləşəcəyini gözləmək olar. Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin bu addımına rəsmi Bakı da laqeyd qalmamalıdır. Lakin iqtidar hələ ki, susur. Bəs hakimiyyətin bu məsələdə mövqeyi nədən ibarət olmalıdır?
AVP sədri, millət vəkili Fəzail Ağamalı Fransanın Türkiyəyə qarşı yönəlmiş bu siyasətini qərəzli sayır. O, bunu erməniləri himayə edən dövlətin Türkiyəyə qarşı təzyiqi kimi qiymətləndirdi: “Fransa Əlcəzairdə soyqırım törədən dövlətdir. Bu xalqın azadlıq uğrunda mübarizəsini qan içində boğub, iki milyondan artıq insanı qətlə yetirib. Əgər bu dövlət həqiqətən də soyqırıma belə həssaslıq nümayiş etdirirsə, ilk növbədə Əlcəzairdə törətdiklərini etiraf etməli və bu xalqdan üzr istəməlidir”.
F.Ağamalının sözlərinə görə, Azərbaycan bu məsələdə və gələcəkdə də qardaş dövlətin yanında olmalıdır.
YAP-çı deputat Məlahət Ibrahimqızı da “Modern.az” saytına açıqlamasında məsələyə münasibət açıqlayıb. Onun sözlərinə görə, erməni soyqırımını inkar edənlərin cəzalandırılması ilə bağlı qanun layihəsini Fransa parlamentinin aşağı palatasının yenidən müzakirəyə çıxarmaq niyyəti Fransanın yalnız Türkiyə dövlətinə, hökumətinə və millətinə deyil, bütövlükdə türk dünyasına və xüsusilə də Azərbaycana qarşı yönəlmiş bir addımdır. Bu qanun layihəsinin müzakirəyə çıxarılması dolayı yolla həm də Qarabağ münaqişəsinin nizamlanmasını əngəlləmək və dünya ictimaiyyətinin diqqətini Qarabağ problemindən yayındıraraq, erməni yalanına hüquqi don geyindirməkdir. Deputatın sözlərinə görə, Azərbaycan Parlamenti və Azərbaycan rəsmiləri də bu qanun layihəsinin müzakirəsi ilə bağlı öz kəskin mövqelərini bildirməlidirlər. Bununla bağlı həm rəsmi şəkildə, həm də vətəndaş cəmiyyəti təmsilçiləri Fransa Parlamentinə etiraz məktubları ünvanlamalıdır. Çünki Türkiyə və Azərbaycanı təkcə “Bir millət, iki dövlət” fəlsəfəsi deyil, həm də ən yüksək səviyyəli strateji əməkdaşlıq bir-birinə bağlayır.
Xarici işlər nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elman Abdullayev isə ölkəmizin Türkiyənin digər ölkələrlə münasibətlərinin yüksək səviyyədə olmasının tərəfdarı olduğunu qeyd etdi: “Türkiyə həmişə strateji müttəfiqimiz olub. Bizim qardaşlıq münasibətlərimiz həmişə olacaq. Türkiyə Azərbaycanın maraqlarını müdafiə edən ölkə olub. Ümidvaram ki, Türkiyə ilə Fransa arasında münasibətlər yaxın zamanda öz həllini tapacaq. Biz də Türkiyənin dünyada bütün ölkələrlə münasibətlərinin yaxşı olmasında maraqlıyıq”.
Fizzə