İlham Əliyev kasıbları şəhərin mərkəzindən köçürür

Səməd Vurğun küçəsində evləri sökülən sakinlər mətbuat konfransı keçirdi

Başxanım Abbaslı: «Süleyman Nemətov qarşısına kim çıxırdısa söyərək zorakılıqla polis maşınına mindirirdi»

Səməd Vurğun küçəsi 49 ünvanındakı sökülən binanın sakinləri dünən mətbuat konfransı keçirib. Binanın sakinlərindən 2 aprel məhbusu Tural Abbaslının anası Başxanım Abbaslı bildirib ki, binanın sökülməsinə dekabrın 18-də axşam saatlarında start verilib. Söküntü işləri sakinlərdən bir çoxu evdə ola-ola aparılıb.
Başxanım Abbaslı bildirib ki, binanın sakinləri söküntüyə etiraz edərkən əraziyə polis qüvvələri yeridilib: “Insafən, polislər əvvəlcə sakinlərlə mülayim rəftar edirdilər. Lakin Nəsimi polisinin rəis müavini Süleyman Nemətov əraziyə gəldikdən sonra vəziyyət dəyişdi. O, sakinləri söyməyə, həbs etməyə başladı. Süleyman Nemətov qarşısına kim çıxırdısa söyərək zorakılıqla polis maşınına mindirirdi. Mən etdiyi hərəkətlərə görə heç vaxt onu bağışlamayacağam”.
Tural Abbaslının anası deyib ki, onu, oğlunu və sakinlərdən başqa bir neçə nəfəri həbs edərək 21-ci polis bölməsinə aparıblar: “Bizi gecə 4-ə qədər orada saxladılar. Sərbəst buraxıldıqdan sonra gəldik gördük ki, evimizi uçurublar. Əşyalarımızı da çıxara bilməmişik. Mənim uzun illər ərzində yığdıqlarım hamısı bir anın içində məhv oldu. Bu qədər allahsızlıq, qəddarlıq olmaz. Hakimiyyət bununla bir daha göstərdi ki, xalq onu maraqlandırmır. Xalq bu hakimiyyət üçün ikinci dərəcəlidir
Evimin sökülməməsi haqqında 1 saylı Inzibati-Iqtisad Məhkəməsinin qərarı var. Buna baxmayaraq mənim evimi sökdülər. Bunun müqabilində mənə verdikləri pulla həmin ərazidən ikiotaqlı ev də ala bilmərəm. 137 kvadratmetr ərazimə görə mənə 200 min manat pul veriblər. Mən bu pulla üç ailəyə üç evi nəinki şəhərin mərkəzində, heç şəhərin kənarından da ala bilmərəm. Çünki son vaxtlar şəhərdə evlər süni şəkildə bahalaşıb. Bizim ailədən başqa 18 ailənin də evini söküblər. Hətta 2 ailəyə nə pul, nə də ev veriblər”.
Hadisə zamanı özü və övladları polis zorakılığı ilə üzləşmiş Reyhanə Hüseynova da Süleyman Nemətovun xüsusi qəddarlıq nümayiş etdirdiyini vurğulayıb: “Bu adam uşağa, böyüyə baxmırdı. Mənim qızım, hətta huşunu itirmişdi. Mənim özümə qarşı da amansızlıq nümayiş etdirildi”.
Evi sökülənlərdən Şirinxanım Rzayevanın sözlərinə görə, hökumətin bu addımı sıravi insanların şəhərin mərkəzindən köçürülməsi planıdır: “Istəmirlər ki, şəhərin mərkəzində kasıb yaşasın. Bunlar şəhərin mərkəzini şəxsi mülkiyyətləri hesab edirlər”.
Evi sökülənlər bildiriblər ki, onlar baş verənlərlə barışmaq niyyətində deyillər. Hüquqlarının bərpası uğrunda mübarizəni sona qədər davam etdirməkdə israrlıdırlar.

Ramin DEKO