Bəşər Əsəd geri çəkildi

Suriya hakimiyyəti xarici müşahidəçilərin ölkəyə buraxılması protokolunu imzaladı

Suriya ilə Ərəb Ölkələri Liqası arasında təşkilat tərəfindən təklif edilən sülh planı çərçivəsində müşahidəçilərin Suriyaya göndərilməsini nəzərdə tutan protokol imzalanıb. Sənədi Suriya xarici işlər nazirinin müavini Faysal Miqdadi ilə Ərəb Ölkələri Liqasının baş katibi Nəbil əl Ərəbinin başçılıq etdiyi heyət imzalayıb.

Xatırladaq ki, bundan əvvəl Suriyanın xarici işlər naziri Valid Müəllim Suriya Ərəb Ölkələri Liqasının ölkəyə beynəlxalq müşahidəçilərin buraxılması təklifi ilə bağlı sazişi imzalamağa razılaşdığını bəyan etmişdi. Saziş Ərəb Ölkələri Liqasının planının ilkin variantı deyil, Suriyanın etdiyi düzəlişlərlərlə qəbul edilmiş sənəddir. Valid Muallim Ərəb Liqasının Dəməşqin tələb etdiyi düzəlişləri qəbul etdiyini bildirib.

Suriya xarici işlər nazirinin sözlərinə görə, hökumət böhranın siyasi həllini istədiyi üçün Ərəb Liqasının xahişini qəbul edib. Valid Müəllim həmçinin bildirib ki, Suriya beynəlxalq müşahidəçilərin Dəməşqə girişinə icazə versə də, onlar üçün 1 ay müddətinə limit qoyulub. Suriyanın xarici işlər naziri qeyd edib ki, bu, Suriya ilə Ərəb Ölkələri Liqası arasında əməkdaşlığın başlaması üçün bir addımdır. Nazir protokolu Rusiyanın təklifindən sonra imzaladağını da vurğulayıb.

Əsəd rejimi sazişi imzalamağa Qətərin paytaxtı Dohada aparılan danışıqlardan sonra razılaşıb. Ərəb Liqası Suriyada 5000-dən çox adamın ölümü ilə nəticələnmiş zorakılığa son qoyulması üzrə sülh planının qəbulu üçün BMT Təhlükəsizlik Şurasına müracət edəcəyi ilə hədələyirdi.