«Bakı Elektroştamp» və «Bakı Poladtökmə»nin «sahibi» çoban Gəray Məmmədov müəssisələrdən imtina edir
Zülfüqarlı qardaşlarının zavodları adına rəsmiləşdirilən Lerik rayon sakini Gəray Məmmədov “Birlik” MMC-yə məxsus “Bakı Elektroştamp” və “Bakı Poladtökmə” zavodlarından imtina edib. Xəbəri “Bizim Yol” qəzeti yayıb.
Məlumatda deyilir ki, Gəray Məmmədov adına olan zavodlardan imtina etməsi barədə ərizə yazıb. Ərizəsində həmin zavodların Mahir Ağayevin adına keçirilməsini qeyd edib.
Zülfüqarlı qardaşlarının vəkili Aslan Ismayılov məlumatı təsdiqləyib. O, bildirib ki, Gəray Məmmədovun zavodların adından çıxarılmasını istəməsi barədə onda məlumat var: “Bu işin arxasında dayananlar həmin zavodları, özlərinin etibarlı saydıqları Rüstəm Şahbazovun keçmişdə sürücüsü olmuş, hazırda əmlak komitəsində işləyən Mahir Ağayevin adına keçirirlər”. Vəkil bildirib ki, hüquqi cəhətdən dəyişiklik olmayacaq. Sadəcə zavodların mülkiyyətçisi dəyişəcək. Bu isə qarşı tərəfin iddiasını məhkəmədən yayındırmaq məqsədi daşıyır: “Dekabrın 19-da ”Birlik” MMC-nin səhmdarlarının iclası keçiriləcək, iclasda özü və mətbuat nümayəndələri də iştirak edəcəklər”.
Gəray Məmmədovla bağlı mətbuatda qalmaqal yaranandan sonra Mahir Ağayev ortalığa çıxıb. O, mətbuata özünü Gəray Məmmədovun sözçüsü kimi təqdim edib.
“Bakı Elektroştamp” və “Bakı Poladtökmə” zavodları iş adamları Nurəddin və Loğman Zülfüqarlı qardaşlarına məxsus olub. Qardaşlar 2005-ci ildə həbs olunandan sonra zavodlar Gəray Məmmədovun adına rəsmiləşdirilib. Iş adamları müəssisələrin onlara məxsus olmasını əsas gətirərək məcburi qaydada əllərindən alınması ilə bağlı Xətai rayon Məhkəməsində iddia qaldırıblar.