Uğurun sirri

Qazaxıstan da oyandı. Oysa təzəlikcə orada Nursultan Nazarbayevə “Xalq Qəhrəmanı” adı vermişdilər. Bunun üçün ayrıca qanun da qəbul etdilər.

Amma biz indi elə bir dövrdə yaşayırıq, indi elə bir zamandayıq ki, artıq şəxsiyyətə pərəstişin, bütpərəstliyin, milli köləliyin belə iyrənc variantları işləmir. Artıq kimlərdənsə xalq ataları, xalq qəhrəmanları düzəltmək keçmişdə qalır. Artıq xalqın özü bütöv qəhrəman kimi meydana çıxır. Kölə və qul kimi yaşamaqdan bezir, onun bədbəxtliyi üzərində qurulan təmtərağı, təntənəni yalançı ümummilli liderlərin, saxta xilaskarların, qondarma millət atalarının başına uçurur.

Indi ərəb ölkələrindən Rusiyaya, Qazaxıstanadək uzanan böyük oyanışın, yeni intibah dövrünün bizi gələcəyə necə ümidləndirdiyi göz önündədir. Bəlkə hər kəs başlanan bu nəhəng dəyişikliklər dalğasının Azərbaycanı da ağuşuna alacağına bizim qədər inanmır. Amma açıq-aydın görünür ki,”ərəb baharı”, Rusiya və Qazaxıstan hadisələri cəmiyyətin ən ümidsiz, ən pessimist kəsimini belə tərpətməyə başlayıb. Onları yenidən ictimai müzakirələrə qoşulmağa məcbur edib. Saysız-hesabsız adam tanıyıram ki, çoxdan siyasi proseslərdən əl-ayaqlarını çəkmişdilər. Ancaq yenidən siyasi proseslərin içinə qayıdırlar.

Artıq öz taleyinə ən biganə, ən yad adamlar belə, ənənəvi suallardan imtina ediblər. Indi siz bir yaşlı adamdan “Ay bala, bəlkə eşitmiş olasan, bu pensiyalar nə vaxt artırılacaq?” kimi sırf şəxsi, məişət məzmunlu sual eşitməzsiniz. Gəncindən qocasınadək insanların bazarlarda, çayxanalarda, xeyir-şər məclislərində ən çox müzakirə etdiyi mövzu ərəb baharıdır, Rusiyadır. Ən çox soruşulan sual artıq maaşların, təqaüdlərin nə vaxt artırılacağı deyil, heç əmanətlərin qaytarılmasına ümidlərin ən çox artdığı bir dövrdə adamlar bu barədə əvvəlki həvəslə, həyəcanla da danışmırlar. Indi o ənənəvi sualları yeni suallar əvəzləyib:

– Niyə ərəblər qədər də deyilik?

– O əjdahadan bizdə niyə yoxdur?

– Azərbaycanın növbəsi nə vaxt çatacaq?

Əslində bu sualları verməli olan xalq deyil. Xalq bu sualların cavabını verməlidir. Ancaq başa düşmək lazımdır ki, inqilabi situasiya da qəfildən yetişmir. Bu gün xalq soruşursa, deməli, cavab eşitmək istəyir. Hər şey isə artıq onun özünün cavab axtarışına çıxması ilə başlayacaq.

Bu gün xalqın özünə verdiyi suallarda əslində bir də özünəironiya var, özünütənqid var: “Niyə ərəblər qədər də deyilik?”, “Ərəblərdən haramız əskikdir?”, “Ərəb qədər də yoxuqmu?”. Bunlar sıradan suallar deyil. Bu suallardakı özünəironiya və özünütənqid xalqın inqilabi prosesə hazırlığını ifadə edir. Xalqın təkcə öz vəziyyəti ilə razı olmadığının yox, həm də düşdüyü bu vəziyyətə görə özünü ittiham etməsinin göstəricisidir. Əgər xalq üzləşdiyi bu çirkin situasiyada öz günahlarını və məsuliyyətini dərk edirsə, deməli, o, bu situasiyadan çıxışın da yalnız onun öz əlində olduğunun fərqindədir.

Tələsmək, tələsib də tıpkı bu ilin yazındakı kimi təndirə düşmək lazım deyil. Bu prosesi dözümlü şəkildə, yüksək əhval-ruhiyyədə, güclü daxili inamla, addım-addım irəli aparmalıyıq. Hərə bir şəkildə xalqın qəhrəman rolunda, xilaskar rolunda ortaya çıxmasına öz töhfələrini verməlidir. Heç kim ətrafındakı insanların onlardan nə baş verdiyi və bu işlərin axırının necə olacağı barədə soruşduğu sualları cavabsız qoymamalı, təmkinli, səbrli şəkildə onları bilgiləndirməyə çalışmalıdır. Hər fərd bizim üçün qiymətldidir. Hər fərdə hörmət və diqqətlə yanaşmalı, onların ictimai düşüncələrinin, siyasi təfəkkürlərinin gəlişməsinə kömək etməliyik. Hər bir fərdi qazanmağa çalışmalıyıq.

Başa düşürəm, içimizdə uğura böyük tamarzılıq var, təşnəlik var. Bu çirkin vəziyyətin, bu iyrənc gedişatın bir an içində bitməsini istəyirik. Amma unuduruq ki, xəstə nə qədər tələssə də, armud öz vaxtında yetişir. Bu gün biz üzərimizə düşən vəzifələri vicdanlı, ləyaqətli, məsuliyyətli şəkildə həyata keçirməyə, zərrəcə saxtakarlıq, riyakarlıq eləmədən, ümumi maraqları xırda, cılız firqə maraqlarına, gərəksiz birincilik mübahisələrinə dəyişmədən yürüməyə davam edək, gerisini düşünməyək.

Hər şey gözəl olacaq, bəlkə bizim istədiyimizdən gec olacaq, amma inanın ki, rejimin gözlədiyindən tez olacaq.