Ölkənin Daxili Işlər Nazirliyi yaxın 3-5 illə bağlı həyəcan təbili çaldı
Züqanov Putinə rəqib oldu
Rusiyada dekabrın 4-də keçirilən parlament seçkilərinin nəticələrinə etirazlar davam edir. Ötən gün paytaxt Moskvanın Bolotnaya meydanında növbəti mitinq keçirilib. Aksiyanı rəsmi nəticələrə görə parlamentdən kənarda qalan “Yabloko” bloku təşkil edib. Paytaxt polisi mitinqə qatılanların sayının 1500 nəfər, müxaliflər isə aksiyaya 5000-dən çox “Yabloko” tərəfdarının qatıldığını bildirib.
Aksiyanın başlanmasına bir neçə saat qalmış Bolotnaya meydanına gedən yollar, yaxınlıqdakı metro stansiyalarının giriş-çıxışı bağlanıb. Polis təhlükəsizlik tədbirlərini gücləndirməklə yanaşı Bolotnaya meydanını mühasirəyə alıb. Mitinqdə çıxış edən “Yabloko” partiyasının lideri Sergey Mitroxin bildirib ki, seçkidə saxtakarlığa qarşı etiraz aksiyaları davam etdiriləcək. O, mitinqə toplaşanların müxalifətin dekabrın 10-da keçirilən etiraz aksiyasında irəli sürülən tələbləri təsdiqlədiklərini bildirib. Mitroxin seçkinin nəticələrinə yenidən baxılmasını, dekabrın 5 və 6-da keçirilən mitinqlərdən sonra həbs olunan bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb edib.
“Yabloko”nun qurucularından biri Qriqori Yavlinski də mitinqdə çıxışı zamanı yeni seçkilərin keçirilməsini tələb edib. O, müxalifətin əsas hədəfinin Rusiyadakı hazırkı sistemin dəyişdirilməsi olduğunu söyləyib. Yavlinski Rusiya hakimiyyətini korrupsiya və qapalı rejim yaratmaqda günahlandırıb. “Yabloko” qurucusu ölkədə yeni sistemin qurulması və yeni Rusiyanın formalaşması uğrunda mübarizəni davam etdirəcəklərini bildirib.
Bundan başqa, gələn il martın 4-də keçiriləcək prezident seçkilərində hazırkı baş nazir Vladimir Putinə yeni rəqib tapılıb. Bu, Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanovdur. Partiyanın ötən gün keçirilən konfransında Züqanovun kommunistlərin namizədi olması haqda qərar verilib. O, prezident seçiləcəyi təqdirdə dekabrın 4-də keçirilmiş parlament seçkilərinin nəticələrini ləğv edəcəyini söyləyib. Züqanov, həmçinin hakim partiyanın namizədi baş nazir Putini debata çağırıb.
Bu arada Rusiyanın Daxili Işlər Nazirliyi yaxın 3-5 ildə ölkəni gözləyən sosial-iqtisadi və siyasi böhranla bağlı proqnozlarını açıqlayıb. Nazirliyin açıqlamasında bildirilir ki, yaxın 3-5 ildə ölkədə kriminogen durum getdikcə pisləşəcək. Putinin prezidentliyi dönəminə düşəcək həmin illər ərzində sosial narazılığın səviyyəsi artaraq partlama halına gələcək. Alkoqolizmin səviyyəsinin, küçə zorakılığı və kriminal hadisələrin də artacağı proqnozlaşdırılır.
Nazirliyin proqnozlarında diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, yaxın illərdə sosial gərginliklə yanaşı hökumət strukturlarında da ciddi böhran gözlənilir: “Hökumətin xalq arasında nüfuzunun aşağı düşməsiylə yanaşı vətəndaşların dövlət strukturlarına olan inamında kəskin azalma olacaq. Yerli hakimiyyət qurumlarının korrupsiya və süründürməçiliyi də artacaq. Bu da insanların ciddi narazılığına səbəb olacaq. Hökumət bu tip problemləri önləmək üçün vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atmalıdır”.
Elxan