Əliyev hakimiyyətinin aldatdığı fırıldaqçı

Kojeni və azərbaycanlı məmurlar investorlara necə kələk gəldi?

«Məmurlar milyonlarla dollar rüşvət alandan sonra məni aldatdı»

Beləliklə, 1998-ci ilin yazında amerikalılar hər şeyin onların planlarına uyğun getdiyinə və böyük gəlirlərin ciblərinə axacağına tam əmindilər. Kojeninin vəkil etdiyi Tom Farrel vauçerləri qutularla alır. Vauçerlərə görə nağd pul ödəyən Farrel bunun üçün Sürixdən bir neçə çemodan pul gətirmişdi (Kojeni eksperimental yolla çemodanların hər birinə 5 milyon dolların yerləşdiyini hesablamışdı). Viktor Bakıda “Minaret Group” investisiya bankı açır. Bunun üçün şəhərdə ən bahalı ofis binasını kirayələyir və ABŞ-dan rəhbərlik və əməkdaşları dəvət edərək onlara nəhəng faizlər vəd edir. Vauçerlərin saxlanılması üçün polad qapılı, iyirmi dörd saatlı gücləndirilmiş mühafizə və müşahidə sistemi ilə böyük zirehli bunker tikdirir. Azərbaycanda onun işlərinin aparılması ilə indi həmin bank məşğul olur.

başlanğıcı ötən sayımızda

Imkan düşən kimi amerikalılar azərbaycanlı dostları üçün xoş nəsə etməyə çalışır: Nuriyevin oğluna Miçiqan universitetinə qəbul olmağa kömək etmək, onun qızı və nəvəsi üçün sevimli “Back Street Boys”la görüş təşkil etmək. Özəlləşdirmə isə başlamaq bilmir. Işin başlanılmasından bir il keçir. Neçə aylar ərzində Nuriyev və Azərbaycan hökuməti investorları əmin edir ki, proses bu günlərdə başlamalıdır. Özəlləşdirilmənin vaxtı apreldən iyuna, sonradan yayın axırına keçirilir. Nəhayət, amerikalılara bildirirlər ki, prezident seçkisindən sonra – az qala lap səhəri günü SOCAR-ı özəlləşdirmək mümkün olacaq. Qarşılıqlı mehribanlıq gözlənilmədən qurtarır – qəflətən Əliyev investorların Bakının mərkəzinin yenidən qurulmasına 15 milyon dollar qoymaq təklifindən imtina edir. Prezident seçkisindən sonra isə özəlləşdirməni başlamaq barədə heç düşünmürlər də.
“Minaret Group”da xoşagəlməz şübhələr yaranmağa başlayır – nəinki nəsə qazanmaq, son sentə qədər hər şeyi itirmək də olar. “Omega” nümayəndələri və bir neçə iri investor xüsusi olaraq vəziyyəti yerli siyasətçilərlə müzakirə etmək üçün Azərbaycana gəlirlər. Cavabında növbətçi şam yeməkləri və hər şeyin əla olacağına dair vədlər alırlar. ABŞ-a qayıdan tərəfdaşlardan biri artıq uzun müddətdir Bakıda olmayan Kojenidən vauçerlərin vaxtının nə vaxt başa çatacağını soruşur. Maraqlıdır ki, buna qədər bu sadə sualı vermək heç kimin ağlına gəlməmişdi. Məlum olur ki, vauçerlərin istifadə müddəti 2000-ci ilin avqustunda bitir. “Bəs o vaxta qədər özəlləşdirmə başlamasa, onların aqibəti necə olacaq?”. “Onlardan divar kağızı kimi istifadə etmək olar” – deyə məsləhət görür mehriban Viktor.
Kimin kimi aldatdığı sual olunur. Investorlar bilib ki, Kojeni Azərbaycan hökumətindən vauçerləri 25 dollardan deyil, 1 dollardan alıb. Yalnız korporativ investorlar (Omega və AIG) Kojeniyə opsionları almaq üçün 100 milyon dollar ayırıb. Ancaq “Omega”nın əldə etdiyi Avropa Ittifaqının sənədlərində deyilir ki, azərbaycanlı məmurlar opsionlara görə ümumilikdə 13 milyon dollar əldə edib. Investorlar məntiqi olaraq ehtimal edir ki, qalan pulların taleyi müxtəlif ola bilərdi: pulları Kojeni cibinə qoya bilərdi; azərbaycanlılar mənimsəyə bilərdi; ola bilər Kojenı və azərbaycanlılar onları öz aralarında bölüb.
Təbii ki, dərhal Kojeninin fırıldaqçı olduğu barədə şübhələr yaranır. Ancaq görüş təkliflərini biznesmen nəzakətli şəkildə cavabsız qoyur. Vauçerlərin istifadə müddətinin bitməsinə isə yarım ildən az vaxt qalır. Həssas Qərb investorları isə gündən-günə işin uğurlu sonluğuna ümidlərini itirir və özlərini axmaq kimi hiss edirlər. Təəccüblü deyil ki, alınmamış layihənin bütün iştirakçıları baş verənlərin günahını bir-birinin üzərinə atmağa çalışır. Birini kurs tələbələri kimi aldanan investorlar Viktor Kojeninin onları “başdan çıxardıqlarını” deyir. “Omega” və “AIG” Kojenini məhkəmə verib zərərin ödənilməsini tələb edirdi. Viktor özü isə baş verənlərə tamamilə fərqli yanaşır və günahı öz boynuna götürməyə hazırlaşmır. Kojeni ilk növbədə hər şeydə azərbaycanlı məmurları günahlandırır. Onun sözlərinə görə, məmurlar milyonlarla dollar rüşvət alandan sonra onu aldadıblar. Ancaq Azərbaycan hakimiyyəti ölkədə korrupsiyanın olduğunu inkar edir. Azərbaycanın ABŞ-dakı o zamankı səfiri Hafiz Paşayev bildirib: “Qərb Azərbaycan iqtisadiyyatına investisiya qoya bilər, ancaq bunun Kojeninin köməkliyi ilə həyata keçirilməsi mümkünsüzdü”. Nuriyev iddia edir ki, heç bir məmur Kojenidən heç vaxt pul götürməyib.
Kojeni investorların nankor davranışından, hətta pərt olub. Axı onlar nəyə getdiklərini bilirdi. Onun özü isə, yeri gəlmişkən, xeyli zərər çəkib. Əlindəki vauçerlərin bir hissəsini Azərbaycandakı kiçik şirkətlərdən birinin payına dəyişmək istəsə də, onları qəbul etməkdən imtina ediblər.
Artıq on ildən çoxdur Rusiyada yaşayan və Azərbaycana Kojeninin tapşırığı ilə gələn Tom Farrel Viktorun tərəfdaşlarının halına acımır. Farrel hesab edir ki, onların axırına acgözlükləri çıxıb. Təcrübəli biznesmenlər bilməli idi ki, belə niyyət risklidir, fantastik faizlər isə, sadəcə, real deyil. Üstəlik, prezident Əliyevin bütün azərbaycanlı məmurların tükənməz varlanma mənbəyi olan neft şirkətini bir dəstə əcnəbiyə satmasına imkan verəcəyini təsəvvür etmək çətindir.
Hər şey çox sadə izah olunur. Milyonçular qonşuluqlarında yaşayan Kojenini öz adamları hesab edirdi. Üstəlik, o, dəhşətli dərəcədə cazibəli idi. O, böyük dayıların boğaza qədər ilişdiyi bu tarixçəyə romantik macəra ruhu verdi. Kojeninin qeyri-adi cazibəsi barədə danışan Omega-nın nümayəndələrindən biri onu küçüklə müqayisə edir: “Onunla oynayanda o çox xoş və təsirlidir. Ancaq üzünü çevirən kimi xalçanın üstünə batırır”.
Azərbaycanda başına gələnlərdən bir müddət sonra Kojeni Baham adalarında həcminə görə gölü xatırladan nəhəng basseynli evini, yaxtasını, təyyarəsini və avtomobil parkını satıb. Özünə yalnız bir “Mersedes” saxlayıb. O, yeni ideyalarla doludur. Internetdə bizneslə və tədrislə məşğul olmağı planlaşdırır. Leksiya kurslarına ad da tapıb: “Idarəolunmaz şəraitdə biznes”, “Real dünyada təcrübə”. Bəlkə Kojeni həqiqətən də pul götürməyib? Axı əgər ona bu əməliyyatdan nəsə çatsaydı, mütləq dostları üçün növbəti ziyafət təşkil edərdi! Ancaq Viktor hələlik heç kimə dəvət göndərməyib…
Beləliklə, dünyanın ən məşhur fırıldaqçıları siyahısında yer alan, müasir dövrün ən böyük avantüristi, yalanları ilə bir çoxlarının etimadını qazana bilən Viktor Kojenini məhz Əliyev hakimiyyəti aldada bilmişdi.

Fizzə