Azərbaycan jurnalistikasının vicdanı…

Həmkarları Nəcəf Nəcəfovu belə xatırlayır

Görkəmli qələm sahibinin ölümündən 12 il ötür

Müasir, azad Azərbaycan jurnalistikasının banisi… Çoxları onu belə adlandırır. Nəcəf Nəcəfov bu adı öz fəaliyyəti, zəhməti, məhêumiyyətləri ilə qazanıb. Sovet dövrünün “təbliğat və təşviqat” vasitəsi olan ÔAzərbaycan mətbuatına obyektivliyi, düzgünlüyü, səmimiliyi də N.Nəcəfov gətirib  desək, yanılmarıq. N.Nəcəfov həmin dövrün ən pupulyar qəzeti olan “Malodyoj Azərbaycana” qəzetinin rəhbəri vəzifəsində çalışıb, sonralar “Azadlıq” qəzetini, “Turan” Informasiya Agentliyini təsis edib. Onun Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizə tarixində öz yeri, öz imzası olub. AXC-nin təşəbbüs qrupuna daxil olub, 1990-1995-ci illərdə Azərbaycan parlamentinin deputatı, 1992-1993-cü illərdə o vaxtkı prezident Əbülfəz Elçibəyin mətbuat katibi vəzifələrində çalışıb. Ömrünün son illərində Müstəqil Sahibkarlığa Yardım Fondunun vitse-prezidenti olub.
Dekabrın 19-da onun ölümündən düz 12 il ötəcək. Ölümündən sonra Nəcəf bəy Azərbaycan jurnalistikasındakı xidmətlərinə görə, “Şöhrət” ordeni ilə təltif edilib.

“Turan” Informasiya Agentliyinin rəhbəri Mehman Əliyev N.Nəcəfovu “Azərbaycan jurnalistikasının şərəfi, vicdanı adlandırır(simsar.az): ”Nəcəf bəyi 88-ci ildən tanıyırdım. Mən jurnalistikaya gələndə “Molodyoj Azerbaydjana” qəzetini seçdim. Çünki, bu qəzet mediada yüksək qiymətləndirilirdi. Qəzet öz demokratikliyi, kollektivi isə səmimi münasibətləri ilə fərqlənirdi ki, bunda da ən böyük zəhmət o vaxtkı redaktor Nəcəf Nəcəfovun üzərinə düşürdü. Onun simasında alicənab bir insanı, böyük bir ziyalını tanıdım. Həmişə hörmət saxlayırdı, yaxınlarına belə “siz” deyə müraciət edirdi. Nadir hallarda özündən çıxa bilərdi. Ən vacibi o idi ki, özünəxas prinsipləri vardı: düzgünlük, açıqlıq, səmimilik. Heç vaxt tapşırıqla işə adam götürməzdi. Hətta yaxşı mütəxəssisi belə, kimsə tapşırırdısa onun işə girmək şansı aşağı düşərdi. Onun üçün ən vacibi hadisələrin obyektiv işıqlandırılması idi ki, jurnalisti ələ ala bilməsinlər”.
M.Əliyev hesab edir ki, N.Nəcəfov öz iş fəaliyyəti, şəxsi keyfiyyətləri ilə Azərbaycan jurnalistikasına rəmz gətirib: “Nəcəf Nəcəfov Azərbaycan jurnalistikasının mənəvi vicdanıdır”.

“Etiraf edim ki, bu, həmişə məndə böyük heyrət və təəccüb doğurub”

Vaxtilə N.Nəcəfovla bir yerdə işləyən, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid mərhum həmkarını belə xatırlayır: “Biz həmişə fəaliyyətimizi koordinasiya edirdik. Təbii ki, o, qəzetin redaktoru olmadığı vaxtlarda işə müdaxilə etməyi xoşlamazdı. Amma mən prinsipial məsələlərlə bağlı onunla məsləhətləşməyi özümə borc bilirdim. O, çox təcrübəli bir jurnalist idi. Onun işə yanaşması, işin təşkili kimi təcrübələrinə böyük ehtiyacımız var idi”.
Q.Zahid N.Nəcəfovu nikbin bir insan kimi tanıdığını deyir: “Hətta xəstəliyə tutulduğunu biləndə də qətiyyən yumorundan qalmırdı. Ölümün onu gözlədiyini bilsə də, heç vaxt ətrafa neqativ enerji saçmadı. Əksinə, ölümə cari qayğılardan biri kimi yanaşırdı. Etiraf edim ki, bu, məndə həmişə böyük heyrət və təəccüb doğurub”.

“Nəcəf bəy gözümün önündən getmir”

N.Nəcəfovun yaxın silahdaşlarından olan “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyir ki, onun nə xatirələri də, nə özü heç vaxt gözünün önündən getmir: “Hətta indinin özündə də bir iş görəndə onunla məsləhətləşirəm. Bəzən özü yuxuma gəlir. Nəcəf bəy müasir dövr Azərbaycan jurnalistikasının ən parlaq nümayəndəsi və vicdanıdır. Nəcəfin jurnalistikası, Nəcəfin qoyduğu prinsiplər hələ də Azərbaycan jurnalistikasında oturuşmayıb. Hələ də bizim mediamız o dərəcədə yetkinləşməyib. ”Azadlıq” qəzeti Nəcəfin sonuncu abidəsidir. Kaş o gün olaydı ki, “Azadlıq” qəzeti oxuculara başladığı o tirajla qayıda biləydi. Hesab edirəm ki, Nəcəfin adını ən yaxşı bu yolla yaşatmaq olar”.