Türk televiziyası Azərbaycanda iş adamına basqılardan danışıb

«Kanaltürk» basqıların arxasında Bəylər Əyyubovla Ramiz Mehdiyevin dayandığını bildirib

Mülkləri zorla əllərindən alınan və ölkəni tərk etməyə məcbur olan azərbaycanlı sahibkarlar Zülfüqarlı qardaşlarının problemləri Türkiyə mətbuatının da marağına səbəb olub. Dekabrın 15-də “Kanaltürk” televiziyası həmin ölkəyə sığınan iş adamı Nurəddin Zülfüqarlının Azərbaycanda üzləşdiyi təzyiqlərdən, 150 milyondan çox dəyəri olan zavodlarının həbs, silahlı şantaj və təhdidlər yolu ilə əlindən alınmasından bəhs edən reportaj yayıb.
Reportajda Nurəddin Zülfüqarlı illər öncə Azərbaycana dönməsindən və iki böyük zavodun – “Bakıelektroştamp” və “Bakıpoladtökmə”nin fəaliyyətini bərpa etməsindən, onlara külli miqdarda sərmayə qoymasından söz açıb. O, sonradan həmin zavodların yüksək vəzifəli dövlət məmurları tərəfindən əlindən alınmasından və həbs edilməsindən danışıb. N.Zülfüqarlı deyib ki, 2005-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov onu otağına çağıraraq zavodları təhvil verməsini tələb edib. N.Zülfüqarlı müsahibəsində bildirib ki, K.Həsənovun bu təklifindən imtina etdikləri üçün iki qardaşı ilə birlikdə həbs ediliblər.ÿ “Kanaltürk” televiziyası reportajında zavodların formal sahibinə çevrilən Lerikin Ordahal kənd sakini Gəray Məmmədovun kasıb görkəmini də nümayiş etdirib.
Bu zaman “Yeni Müsavat” qəzetinin və “Azadlıq” radiosunun müxbirinin G.Məmmədovdan müsahibə alarkən çəkdiyi kadrlar efirə verilib.
N.Zülfüqarlı “Xəzər Boru” zavodunun ətrafında baş verənlərdən də danışıb və sentyabr ayında bir qrup silahlı şəxsin zavodu zəbt etməsini də xatırladıb. O, bu basqıların arxasında prezidentin şəxsi mühafizəsinin rəhbəri, general Bəylər Əyyubovla Prezident Administrasiyasının rəhbəriÿ Ramiz Mehdiyevin durduğunu bildirib.

Informasiya şöbəsi