Rəbiyyət Aslanovanın ölkədən qaçmağa vadar etdiyi YAP-çının hekayəti
YAP Səbail rayon təşkilatı Idarə heyətinin keçmiş üzvü Məhəmməd Nooyevin repressiya maşınının çarxı arasındakı iniltiləri
2000-ci ildə MTN-nin mətbuat orqanı “Sərhəd” qəzeti 1937-ci il Azərbaycanda repressiya qurbanlarının siyahısını dərc etməyə başladı. Qəzetin bir-iki sayını izləməyim beynimdəki böyük bir stereotipin sındırılmasına bəs etdi. O stereotip yanlış ictimai müzakirələr əsasında yaranmışdı və əminəm ki, bu gün də onu beyinlərində daşıyanlarımız az deyil. O siyahı ilə tanış olana qədər mənə elə gəlirdi ki, Sovetlər Birliyinin ən şiddətli repressiyası Azərbaycanda olub, özü də bu qəddar akt əsasən Azərbaycan türklərinə qarşı yönəlib. Siyahı qəddarlığı istisna etmirdi, lakin ondan görsənirdi ki, həmin illərdə bizim ölkəmizdə heç də rus, yəhudi, erməni və başqa xalqın nümayəndləri də azərbaycanlılardan az qırılmayıb.
Bu müqəddimə bəlkə də uğursuz müqayisə sayıla bilər, lakin bəzən bizə elə gəlir ki, Azərbaycanda pöhrələnən yeni avtoritarizmin də qurbanı ancaq milli demokratik düşərgə və ona simpatiya bəsləyənlərdir. Əksini sübut etmək niyyətim yoxdur, sadəcə bu gün adi azərbaycanlılar kimi, “yeni azərbaycanlı”ların da Əliyevçi rejimdən nə sitəmlər çəkdiyinə sizi şahid edəcəyəm.
Bizim yazının qəhrəmanı…
Məhəmməd Nooyev – bu ad Zaqatala-Balakən zonası üçün tanış addır. Nooyev həmin bölgədə hörmətlə anılan bir ziyalı kimi məşhurdur. Geniş oxucu kütləsində aydınlıq yaranmaq üçün onun bioqrafiyasından xırda iqtibas verək: “Mən Balakən rayonunda doğulub böyümüşəm, milliyyətcə avaram. Ali təhsilliyəm. Kənd Təsərrüfatı Akademiyasını bitirmişəm. Ali təhsilli mütəxəssis kimi Balakən rayonunda və Bakı şəhərində müxtəlif dövlət orqanlarında məsul vəzifələrdə çalışmışam. 1993-1998-ci illərdə ulu öndərimiz Heydər Əliyev, 2003-2008-cı illərdə isə cənab Ilham Əliyevin qələbə qazanması üçün seçki kampaniyasında Yeni Azərbaycan Partiyasının təbliğat-təşviqat qrupunun üzvü kimi Balakən-Zaqatala rayonlarında fəal iştirak etmişəm…”.
Rəbiyyət Aslanovaya alternativ olmaq ona baha başa gəlir
2010-cu ilin parlament seçkilərində M.Nooyev özünün konstitusion hüququnu, Balakən ağsaqqallarının və ziyalılarının mövqeyini nəzərə alaraq deputatlığa namizədliyini müstəqil şəkildə irəli sürür. Və bu yetir ki, aramsız repressiya maşını onun üzərinə hərəkətə başlasın.
“Parlament seçkisində YAP siyahısını açıqlamaqda gecikdiyi üçün mən namizədliyimi müstəqil şəkildə irəli sürdüm. Məndən bir neçə gün sonra isə YAP siyahısını açıqladı. Məlum oldu ki, YAP bu dairədən Rəbiyyət Aslanovanın 3-cü dəfə namizədliyini irəli sürüb. Seçki kampaniyası isə başladığı üçün mənim artıq seçim etmək imkanım qalmamışdı. Buna baxmayaraq, elə ilk gündən ciddi təzyiqlərlə üzləşdim” (M.Nooyevin dövlət başçısı, YAP sədri Ilham Əliyevə müraciətindən).
Balakənin o zamankı icra başçısı Asif Məmmədov M.Nooyevi yanına çağırıb Rəbiyyət Aslanovanın bu dairədən deputat seçilməsinin yuxarıdan tapşırıldığını, namizədliyini geri götürməyəcəyi təqdirdə onu gözləyən bəlalar barədə açıq söhbət aparır. Nooyev geri çəkilməyi qüruruna sığışdırmır, bu bölgədən namizəd olması üçün mənəvi və hüquqi haqqı çatdığını xatırladır və geri çəkilməyərək mübarizə aparacağını deyir.
YAP da işə qarışır, ancaq yenə də onu yolundan döndərmək olmur. 06 oktyabr 2010-cu ildə YAP Səbail rayon təşkilatının Idarə heyəti qərara alır: “Nooyev partiyanın vahid namizədinə alternativ olaraq gərginlik yaratdığından, partiyanın Nizamnaməsinin 7-ci maddəsini pozduğundan partiya sıralarından xaric edilsin”.
Ayrı-seçkilik…
Yalnız partiyanın əsas namizədinə alternativ olmaq partiyadan qovulmağa əsas ola bilirsə, Nooyevin aşağıdakı sualı qarşısında YAP aciz qalmalıdır: “Başqa seçki dairələrində də YAP üzvləri müstəqil şəkildə iştirak edib. Konkret olaraq, 111 saylı Zaqatala-Balakən seçki dairəsində partiyanın rəsmi namizədi Namidə Süleymanova olsa da, namizədliyini müstəqil şəkildə irəli sürmüş YAP üzvü Kamilə Əliyeva deputat seçildi və ona heç bir irad bildirilmədi. Partiya qərar qəbul edirsə, bu qərar niyə təkcə mənə şamil edilir, başqa namizədlərə yox!?” (Ilham Əliyevə müraciətdən).
Oxucu üçün maraqlı olacaq. Kamilə xanım deputat seçilməsini baxın necə əsaslandırıb…
“- Ancaq poçt müdiri olan rəqibinizi sizdən daha çox tanıyardılar…
– Ola bilər ki, onu Zaqatalada tanıyırdılar. Mən obyektiv insan olduğuma görə o vaxt insanlarla çox təmasda olmuşam. Xüsusilə genetika elə bir sahədir ki, irsi xəstəliklərlə əlaqədar camaatla daha çox ünsiyyətdə olurdum. Işim də elə idi ki, mən bilavasitə hər bir ailə ilə sıx əlaqədə olur, söhbətlər aparırdım. Vallah, təvazökarlıqdan uzaq çıxsa da, bəlkə mən o rayonlarda daha çox tanınırdım, nəinki poçt müdiri” (“Yeni Müsavat” 12 noyabr 2011).
Qara siyahıya düşənlərin sayı artır
Partiyadan uzaqlaşdırılandan sonra da Nooyevə təzyiqlər bitmir. O iddia edir ki, topladığı 10 mindən artıq səsi başqa namizədlərin adına yazıb seçkini onun ziyanına saxtalaşdırıblar. Bunun mükafatı olaraq isə icra başçısının iş yerini daha gəlirli yerə – Şamaxıya dəyişirlər. Saxtakarlıq faktları ilə bağlı onun onlarla şikayətinə heç bir dövlət orqanı, ombudsman aparatı məhəl qoymur.
Bu təzyiqlər azmış kimi, seçkidən sonra M.Nooyevin ailə üzvləri və yaxınları repressiya maşınının cənginə düşür. Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər Idarəsində çalışan, müsabiqə yolu ilə işə qəbul olunan, Iqtisad Universitetini fərqlənmə diplomi ilə bitirən, bir neçə xarici dil bilən qardaşı oğlu Nooyev Şamil Nurəddin oğlu məzuniyyətdə olduğu zaman “yaxşı işləmədiyinə görə” qanunsuz olaraq işdən azad edilir. Halbuki iki ay öncə nazirlik yaxşı işçi kimi onun işini qiymətləndirmişdi.
Növbə N.Nooyevin oğluna da çatır, onu işlədiyi bankların birindən heç bir səbəb göstərilmədən azad edirlər. Sonra isə heç bir əsas göstərilmədən onun özünü çalışdığı Iqtisadi Inkişaf Nazirliyindən qanunsuz olaraq azad etdilər.
Onun harayı
Nooyev böyük acı ilə yazır: “Bu işlərin təşkilatçıları bilavasitə Rəbiyyət Aslanovanın və icra başçısının havadarları olmuşdur. Necə olar ki, Rəbiyyət Aslanovanın və icra başçının ailə üzvləri dövlət orqanlarında işləyə, hətta deputat seçilə bilər, ancaq Sizlərə və dövlətə bağlı olan mənim ali təhsilli ailə üzvlərimin heç biri dövlət qulluğunda işləyə bilməz, hətta tutduqları vəzifədən qanunsuz azad edilirlər. Bunu necə başa düşmək olar? Bu mənə və mənim mənsub olduğum millətə qarşı hörmətsizlik deyilmi? Bəziləri avar xalqı adından Sizləri aldadıb nə qədər məsul vəzifələrdə işləyəcəklər?”.
Ibrət almalı
M.Nooyev özünün və qardaşı oğlunun üzləşdiyi haqsızlığı bərpa etmək üçün Ali Məhkəməyə qədər məhkəmə çəkişmələri aparıb. Artıq o, Avropa Insan Haqları Məhkəməsinə yön götürüb. Keçmiş YAP namizədi Ilham Əliyevin ona tolerant yanaşacağına ümidlərini tam itirməyib, o, hüquqlarının ölkə daxilində bərpa olunmasını tələb edir. Əks halda “məcbur olub ailəmlə birgə xarici ölkələrdən birindən siyasi sığınacaq istəyəcəyəm”- deyə o, Ilham Əliyevə müraciətində yazır.
Beləliklə, biz bir insanın misalında Ilham Əliyevin əqidədaşlarına, gənclərə, mütəxəssislərə, milli azlıqlara “diqqət və qayğısına” əyani şahid olduq.
Və bu məqamı da unutmaq olmaz: Nooyevin başına gətirilən müsibətlər adi konstitusion hüququndan yararlandığına görədir və nə qədər acı gülüş doğurur ki, bu işlərin əsas “memarlarından” biri parlamentdə Insan Haqları Komitəsinə rəhbərlik edir.
Natiq Güləhmədoğlu