Türkiyə səfiri İntiqam Əliyevə söz verdi

Istanbulda azərbaycanlı hüquq müdafiəçisinə qarşı zorakılıqla əlaqədar iş qaldırılıb

Türkiyənin Azərbaycandakı səfirliyi dekabrın 7-də Istanbulun Atatürk hava limanında Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti, tanınmış hüquqşünas Intiqam Əliyevə qarşı zorakılıqla bağlı prosesləri nəzarətdə saxlayır. Bunu səfir Hulusi Kılıc Intiqam Əliyevlə görüşündə bildirib.
Görüş barədə “Azadlıq”a məlumat verən Intiqam Əliyev bildirib ki, səfir hava limanında yaşananlarla bağlı narahatlığını ifadə edib, eyni zamanda, üzrxahlığını çatdırıb. Bu olayın təkcə Intiqam Əliyevin deyil, həm də Türkiyənin məsələsi olduğunu vurğulayan Hulusi Kılıc baş verənlərin hərtərəfli araşdırılacağını və olaya obyektiv hüquqi qiymət veriləcəyini söyləyib.
Səfirlə görüş zamanı Intiqam Əliyevə o da məlum olub ki, artıq Türkiyədə faktla bağlı iş qaldırılıb: “Səfir bildirdi ki, əvvəlcə olay barədə yetərincə məlumatı yox idi. Sonradan dəqiqləşdirmə aparıb, lazım olan məlumatları əldə edib. Cənab Hulusi Kılıc məni əmin etdi ki, prosesi həm Türkiyə dövləti, həm də şəxsən özü nəzarətdə saxlayır”.
Intiqam Əliyev də öz növbəsində hava limanındakı kameraların yaddaşındakı görüntülərin yoxa çıxacağından narahatlığını səfirə çatdırıb: “Çünki hava limanından Türkiyə mətbuatına bildirilib ki, guya, orada belə bir olay baş verməyib. Bu işlə bağlı səfirliyin yerli medianı qınamasına gəlincə, bildirdim ki, ictimaiyyət baş verənlərə təkcə Intiqam Əliyevə qarşı zorakılıq kimi yox, ictimai hadisə kimi yanaşır. Ona görə də toplum olaraq, Türkiyə dövlətindən yeganə istəyimiz budur ki, mövqe ortaya qoysun, baş verənlər obyektiv araşdırılsın, cinayətkarlar cəzalandırılsın. Bütün bunlar olmasa, Azərbaycan ictimaiyyətinin bu olayın sifarişlə təşkil olunduğunu düşünməyə əsası olacaq”.

Aytən