Qəsəbə sakinləri ARDNŞ şefinin özbaşınalığından dad elədi
Qəsəbədə onlarla ev xəbərdarlıq edilmədən yerlə-yeksan olundu; Neft Şirkətinin maskalıları qadına, uşağa qarşı amansızlıq etdi
“Onlar bizim üstümüzə yeridikləri kimi ermənilərin üzərinə getsəydilər Qarabağı çoxdan işğaldan azad edərdik. Azərbaycan dilində danışırdılar, ancaq azərbaycanlı deyillər. Azərbaycanlı olan insan öz millətinin nümayəndələri ilə bu cür vəhşiliklə davranmazdı” – bu sözləri Sulutəpə qəsəbəsinin sakinləri deyir. Iki gün öncə Dövlət Neft Şirkətinin 300-dən artıq üzvü qəsəbəyə gələrək insanları döyüb, tikililəri söküblər.
Belə vəhşilik kinolarda da olmayıb
4 aylıq körpə uşağı ilə boğazına bıçaq dirəyərək bayıra atılan Yusubovlar ailəsinin evi yerlə-yeksan edilib. “Ailəm evdə idi, heç bir xəbərdarlıq olmadan evi söküblər. Əşyaları götürməyə imkan vermədilər. Hər şeyi darmadağın etdilər. Heç kəs bizimlə maraqlanmır” – deyir, ailənin başçısı Eşqin Yusubov.
Tikilini başa çatdırmaq üzrə olan Firdovsi Səfiyevin evinin divarlarını uçurublar. 2002-ci ildə qəsəbədə torpaq sahəsi alan Səfiyevlər ailəsi 2003-cü ildən torpaq vergisi verirlər. Firdovsi Qarabağ əlilidir. Ailəyə müəyyən güzəştlər olunmalıdır, ancaq edilmir. Onlar bununla da razıdırlar, təki evlərini uçurmasınlar. Məşhur məsəldə deyildiyi kimi – Əzrayıl balama əl vurmasın, onun balasını istəmirəm.
Firdovsi Neft Şirkətinin mənzilinə basqını bu cür təsvir edir: “Üç uşaqla yoldaşım Nəsibə Səfiyeva evdə idi. Atam da qonaq gəlmişdi. Heç nə demədən Neft Şirkətinin 30-dan çox işçisi evə hücum çəkdi. Imkan vermədilər uşaqları evdən götürək. Yoldaşımı, atamı döyərək küçəyə atdılar. Uşaqları isə evdən qova-qova yanımıza gətirdilər. Bu cür vəhşiliyi kinolarda da görməmişik. Həqiqətənmi bunlar azərbaycanlıdırlar? Evimizin sənədləri var, bələdiyyədən icazə kağızı, dövlət rüsumu… hamısını ödəmişik. Kommunal borcumuz belə, yoxdur. Ancaq şirkətin qoluzorluları istədiklərini edirlər”.
Samiq Salmanov deyir ki, ona 5 min manatdan çox ziyan dəyib: “Biz necə icazəsiz ev tikə bilərik ki, sahə müvəkkili, bələdiyyə hər gün ərazidə var-gəl edir. Onların gözündən yayınmaq mümkün deyil. Evi tikib bitirəndən sonra sənədləri alacaqdıq, imkan vermədilər”.
Heç bir çıxış yolu yoxdur
Qəsəbədə onlarla ev sökülüb. Sakinlər deyirlər ki, iki gün öncə Neft Şirkətinin qoçu dəstələri özlərinin əvvəlcədən müəyyənləşdirdiyi mənzillərə daxil olaraq qadınlara, uşaqlara, qocalara diqqət etmədən hamını döyüb, qolun-qılçın sındırıblar: “Hər evə 50-60 maskalı adam girib, dubinkayla, bıçaqla insanları hədələyirdi. Heç bir sənəd göstərmirdilər, bu ərazinin Neft Şirkətinə məxsus olduğunu söyləyirdilər”.
Qəsəbə sakini Kibrət Mirzəyevin 71 yaşı var. Maskalılar dubinka ilə onun başına bir neçə zərbə endirəndən sonra tikdirdiyi evin yaxınlığındakı qum topasının üstünə atıblar. Evi bünövrəsinə qədər uçurublar.
Ayağının birini itirən, digərində isə mil gəzdirən ikinci qrup əlil Sədaqət Şirinov da xəsarət alıb.
“Bu ərazi vaxtilə mədən olub. Amma evləri tikəndə özbaşına gəlib torpağı zəbt etməyiblər. Bundan ötrü bələdiyyəsinə, icra hakimiyyətinə, polisinə nə qədər pul vermişik. Hər şeyin bir ölçüsü, əndazəsi var. Insana deyərlər ki, bu torpaqlar mədən torpaqlarıdır, sizi başqa yerə köçürmək istəyirik. Kompensasiya və ya başqa çıxış yolu təklif etsinlər, biz də barışaq. Məhkəmə, Nazirlər Kabinetinin qərarı yoxdur, evlər qəzalı olmadan, Ilham Əliyevin sənədsiz evlərin sənədləşdirilməsi haqda göstərişi olduğu halda belə rəftar sadəcə harınlıqdır” – bunu da sakinlər dilə gətirirlər.
Suallar cavabsız qalanda…
Bir otaqlı ev 6000, həyəti hasara almaq 1000, quyu qazmaq 3000, tualet tikmək üçün isə 100 manat ödəmək lazımdır. Bu pulu ödəməyənlər daşı daş üstünə belə, qoya bilməzlər. Sakinlər iddia edirlər ki, Neft Şirkətinin əməkdaşları onların evlərinə hücum çəkəndə “bizim haqqımızı verməmisiniz” deyiblər.
Mahir Bəndəliyev tikinti üçün iki gün öncə icazə alıb. Bunun üçün 3 min manat pul verib. Razılığa əsasən o, dörd gün ərzində yarımçıq qalan tikilini başa çatdırmalı imiş. Ancaq bir gün sonra nəinki tikinti işini davam etdirə bilib, güc-bəla ilə ərsəyə gətirdiyini də ona haram ediblər. Indi o nə verdiyi pulu ala, nə də evini yenidən tikə bilir.
“Sulutəpədə məktəb, bağça niyə tikildi, yol nə üçün salındı? Bizimlə niyə belə edirlər? Kasıbların evini söküb, arxalı adamlardan nə üçün çəkinirlər? Binəqədinin icra başçısı Alı Qocayevin, Zəlimxan Yaqubun və başqa imkanlı şəxlərin villaları var, onları nədən sökmürlər? Deputatımız hara baxır? Ayrı-seçkilik etmək üçün bu şəxslərə səlahiyyəti kim verib?” – deyə, sakinlər haqlı sual edirlər. Onlara cavab verilməsə də, sulutəpəlilərə sual və onun cavabı çox aydındır.
***
Sulutəpədən ayrılırıq. Yerlə-yeksan edilən evlərin sahibləri dağıntının arasından taxta-şalbanları çıxarıb yenidən tikintiyə başlamaq istəyirlər.
Döyülən körpələr isə heç nə olmamış kimi evcik-evcik oynayırdılar…
Ramin DEKO
HƏMÇİNİN BAX: