Hökumətə etiraz edənlər polislə toqquşdu; azı 10 ölü, onlarla yaralı
Qazaxıstanın qərbindəki Manqistausk əyalətinin Janaozen şəhərində dövlət müstəqilliyinin ildönümü ilə bağlı tədbir zamanı iğtişaşlar baş verib. “Novosti-Qazaxıstan” xəbər agentliyinin məlumatına görə, qarşıdurmalar nəticəsində iki polis yaralanıb. Ölkənin Baş Prokurorluğunda hadisə ilə bağlı cinayət işi başlanıb.
Janaozendə yarım ilə yaxındır ki, məvaciblərindən narazı olan neftçilərin kütləvi aksiyaları keçirilir. Şəhərin mərkəzində 3 min nəfərin iştirakı ilə mitinq keçirilib. Mitinq iştirakçıları tətil edən neftçilərlə həmrəylik nümayiş etdirərək, hökumətə etirazlarını bildiriblər. Qazaxıstanın Sosial Hərəkat və Fəhlə Təşkilatından verilən məlumata görə, mitinq zamanı UAZ markalı polis maşını bir neçə dəfə kütlənin üzərinə hərəkət edərək, insanları qorxutmağa çalışıb. Lakin bundan qəzəblənən etirazçılar polislərə hücum edib. Nəticədə mitinq iştirakçıları polis maşınını çevirərək yandırıblar. Meydanda Qazaxıstanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar qurulmuş bayram çadırına da od vurublar. Polis etirazçılara atəş açıb. Açılan atəş nəticəsində 10 nəfərin öldüyü, 10-dan artıq etirazçının isə yaralandığı bildirilir. Aksiyadan sonra Tvitter və Fasebook kimi şəbəkələrə giriş məhdudlaşdırılıb.
“Life News” agentliyi yazır ki, etirazçılar şəhər meriyasının binasını və “OzenMunayQaz”ın Janaozen filialının binasını da yandırıblar. Yerli hakimiyyət qurumları şəhərin mərkəzi meydan və küçələrinə hərbi texnika yeridib. Dövlət qurumlarının binasının mühafizəsi gücləndirilib. “Lada” xəbər saytı isə məlumat yayıb ki, Maqnistauski regionunun administrativ mərkəzi olan Aktau şəhərinin rəhbərliyi Janaozen hadisələri zamanı yaralılara qan verilməsi üçün sakinlərə müraciət edib.
Baş Prokurorluğun hadisə ilə bağlı məlumatında bildirilir ki, Janaozenin mərkəzi meydanında ölkə müstəqilliyinin 20 illiyi münasibəti ilə keçirilən bayram tədbiri dağıdılıb: “Müstəqillik günü ilə bağlı qurulan çadır və daşınan səhnə dağıdılıb. Iki polis əməkdaşına bədən xəsarətləri yetirilib. Iğtişaş faktı ilə bağlı ölkənin daxili işlər nazirinin rəhbərliyi ilə operativ təhqiqat qrupu yaradılıb”.
Sosial şəbəkələrdə atışma və insan ölümü barədə yayılan məlumatlar isə təkzib edilib. Bildirilib ki, bu məlumatlar həqiqətə uyğun deyil. Qazaxıstanın Baş Prokurorluğu adıçəkilən şəhərin sakinlərinə müraciət edərək, onları müvəqqəti insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağa çağırıb.
Informasiya şöbəsi