“Hökumətlər kimin jurnalist olub-olmamasını araşdırmağa son qoymalıdır”
Reportyorların Azadlıq və Təhlükəsizlik Institutu ATƏT-in media azadlığı üzrə nümayəndəsinin dəstəyi ilə keçirdiyi “Onlayn Azadlıq: Inernetin özünütənzimləməsi” üzrə beynəlxalq konfransda əsas müzakirələr internetin özünütənzimləməsi və ya hökumət tənzimləməsinin lazım olub-olmaması ətrafında olub. Çoxsaylı vətəndaş cəmiyyəti təmsilçilərinin, hökumət rəsmilərinin, blogerlərin, jurnalistlərin, beynəlxalq və yerli ekspertlərin iştirak etdiyi forumda səslənən fikirlər əsasında gələn ilin oktyabrında Azərbaycanda keçiriləcək Internetin Idarə olunması üzrə Forumuna tövsiyələr hazırlanacaq.
“Azərbaycanda məlumat məkanı qütbləşib. Hökuməti tənqid edənlər və tərif edənlər var. Bu səbəbdən də iştirakçılar müvafiq seçim edə bilmir. Mediada işıqlandırılmayan məsələlər internetdə əksini tapır və bu ölkənin ictimai marağına uyğundur”, – deyə ATƏT-in Bakı ofisinin rəhbər müavini Melissa Stoun qeyd edib.
Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli deyib ki, ümumiyyətlə, dövlətin müdaxiləsi yönündən internetin tənzimlənməsi yolverilməzdir. Hökumət bunun adını internet TV və ya Internet Radio qoyub nəyisə lisenziyalaşdırmaq istəyirsə, bu, qəbuledilməzdir.
ATƏT-in media azadlığı üzrə nümayəndəsinin məsləhətçisi Kristian Moller deyib ki, 21-ci əsrdə hökumətlər kimin jurnalist olub-olmaması araşdırmasına son qoymalıdır. “Heç bir hökumətin ayrılıqda interneti tənzimləmə imkanı yoxdur. Internetdə yayılan informasiyaların məzmununa görə də hər hansı hökumət məsuliyyət daşımır. Internetdə özünü tənzimləmə var və bu, əslində internet azadlığıdır. Hər bir məlumatdan sonra hər kəs sözünü deyib cəmiyyətin inkişafına təsir edə, təkan verə bilir. Nifrət dolu fikirlərə əks arqumentlər irəli sürülür”, – deyə ATƏT-in media azadlığı üzrə nümayəndəsinin məsləhətçisi Kristian Moller vurğulayıb.
Blogerlər də internetin tənzimlənməsi ilə bağlı bəyanatları sərt tənqid edib. “Hökumət əslində ”Lider” televiziyasını tənzimləməlidir” – deyə bloger Pərviz Əliyev vurğulayıb.
RATI-nin direktoru Emin Hüseynov konfransın təşkilinə dəstəyə görə ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçə minnətdarlıq bildirib. O 2012-ci ili Azərbaycanda internet azadlığı üçün mühüm il adlandırıb.
E.Hüseynov, həmçinin keçirilən konfransda səslənən təklif və tövsiyələrin yekun versiyası ilə bağlı dekabrın 19-da RATI-də mətbuat konfransı keçiriləcəyini bildirib.