İlham Əliyev də Putinin üzləşdiklərini yaşayacaq…

YAP-ın qurucularından olan Sirus Təbrizli nə vaxtsa “Simasız quldurlar partiyası”“” ittihamını səsləndirəndə bizim ağlımıza gəlməzdi ki, bənzər deyim gələcəyin şüarlarından birinə çevriləcək.  Indi Rusiya təxminən eyni şüarla hərəkətə gəlir. “Partiya julikov i vorov”“” deyimi bu gün Rusiyada etirazçı kəsimin və mitinqlərin əsas şüarıdır. Sərrast və dəqiq şüardır. Etiraf etməliyik ki, bu deyimi ilə Sirus Təbrizli əsl uzaqgörənlik edib…

Amma bizim hakimiyyət hələ də uzağa baxmaq istəmir. Pul və hakimiyyətin təntənəsi gözlərini elə tutub ki, bir gün “Simasız quldurlar partiyası”“” şüarının ölkəni başına götürəcəyini ağıllarına gətirmirlər. Bu yaxınacan rus çarı Vladimir Putin bizimkilərdən daha inamlı idi. Ağlına gələni edir, ağzına gələni danışırdı. Elə bilirdi ki, Gürcüstana yeritdiyi tanklar onu həmişə qüdrətli və məğrur göstərəcək. Amma Aleksey Novalnının şüarı ilə pərt və kefsiz görkəm aldı. Xalqın etiraz səsini eşidəndən sonra duruşu da dəyişdi,  danışıq tərzi də. Hətta etiraf da etdi ki, Rusiyada hakim partiyaya həmişə “Partiya julikov i vorov”“” adı verilib. Oğurluğun olduğunu da qəbul edib. 
Ağır durumdur. Böyük zədədir. Eyni şeyi Ilham Əliyev də yaşayacaq. Bütün ümidini müxalifətin məhv edildiyinə, zəif olmasına bağlayan bu hakimiyyət anlamır ki, başlıca müxalifət onun özüdür. Öz qanunsuz əməlləri, ziyanlı siyasətidir. Xalq onsuz da sükutu qəfildən qırır və bizdə də məhz belə olacaq.  
Tarixin necə dəyişdiyini özləri də görür. Ərəbistanı gördülər, inanmadılar. Indi Rusiyanı görürlər. Orta Asiyanı da görəcəklər. Ermənistanı da görəcəklər. Yaxud tərsinə, bənzər olaylar Azərbaycanda daha qabağa düşə bilər.Bu təkcə tarixin dəyişməsi deyil, həm də nəsillərin dəyişməsidir. Seçkidən sonra canlı efirdə Putin xalq suallarına cavab verərkən bu məqamı boynuna aldı. Dedi ki, yeni gənclərə baxır, mitinqləri seyr edir, görür ki, gənclər fikirlərini gözəl ifadə edir, hədəflərini aydın şəkildə deyə bilirlər. Bunu öz xidməti sayan Putin əslində həmin gənclikdən çəkindiyini qəbul edir. Anlayır ki, fərqli nəsillərlə üz-üzədir və yeni nəsillərin istəyi və düşüncəsi onu rədd edir. O, canlı efirdə heç kimin xatırlatmadığı halda “Putin, poshyol tı…”“ çağırışlarına da münasibət bildirdi – görünür, bu söz onun qəlbini deşirmiş.   Mən özüm dəfələrlə Putinin canlı efirdə xalq suallarına cavab verdiyinə tamaşa etmişəm, əvvəlki çardan əsər-əlamət yoxdur. Başqa Putin, başqa Rusiyadır artıq…
Indi qayıdaq Azərbaycana. 2011-ci ilin ölkəmizdə siyasi məhbus ili olduğunu hamımız qəbul edirik. Bu ilin siyasi məhbuslarının çoxu həm də siyasətdən olan məhbuslardır. Üstəlik, gənclərdir. Gənclər siyasətdə təşəbbüsü ələ almayıb, sadəcə yeni gənclik, yeni nəsillər yetişib. Onlar həbsxanada da gözə çox dəyir, elə həbsxanadan kənarda da. Yeni Azərbaycan Partiyası yeni Azərbaycanı yarada bilmədiyi üçün, bunu istəyən yeni gənclik yetişir. Yeni gənclik sözün həqiqi mənasında yeni Azərbaycan qurmaq istəyir. Onlar adında “yeni”“” sözü olan, özü isə köhnə olan partiyanı qəbul etmir. Indi bu gənclik gerçək yeni azərbaycançılardır. Onlar hərfi mənada bu sözü qəbul etməzlər, amma bu həqiqətdir ki, onlar gerçək yeni azərbaycançılardır… 
YAP isə artıq sadəcə YAP-dır, Yeni Azərbaycan məzmununa iddia edə bilmir, yeni Azərbaycan arzularına dəxli yoxdur, üstəlik, bu arzulara əngəldir.