Fransanın yaxın dönəmdə ən populyar siyasətçilərindən biri, “Heydər Əliyev” ordenli eks-prezident Jak Şirak 2 il şərti olaraq azadlıqdan məhrum edilib. Məhkəmənin belə bir qərar çıxarmasına səbəb odur ki, Jak Şirak mer olduğu müddətdə 28 saxta ştat yaradıbmış və bu saxtakarlıqdan gələn gəlirləri partiyasının saxlanılmasına xərcləyibmiş.
Biabırçılıq və rüsvayçılıqdır, vallah! Adam söz tapa bilmir. Ona görə yox ki, Jak Şirak nə vaxtsa partiyasını yaşatmaq üçün belə bir saxtakarlığa əl atıb. Ona görə ki, fransızlar kimi ayıq millət hələ də saxtakarlığın nə olmasıyla bağlı dolğun təsəvvürə malik deyillər. 28 “ölü can” nə vaxtdan saxtakarlıq oldu? Sizlər buna saxtakarlıqmı deyirsiniz?
“Ölü canlar” – sıravi məmurların adi saxtakarlıqlarıdır ki, buna bizdə “dolanmaq üçün vasitə” deyirlər. O boyda merə, o yekəlikdə prezidentə belə saxtakarlıqları irad tutanı isə hoydu-hoyduya götürərlər.
Əzizlərim, saxta iş yerlərinin sayı olar bir milyon, ən azı, ölən yeri 900 min! Hər il 100 minə yaxın iş yerinin açılması barədə Azərbaycandan gələn informasiyaları eşidəndən sonra da 28 rəqəminə “saxta” deyirsizsə, deməli, siz dünyadan bixəbərsiniz. Əgər 28 “ölü can” yaradan saxtakardırsa, bəs, milyonlarla seçicinin səsini oğurlayıb hakimiyyəti zəbt edənin adı nədir? Meriyanın binasında təntənəli surətdə müşavirə keçirib, sənədsiz evlərin qeydiyyata alınması üçün qısa müddətdə lahiyə hazırlanmasına göstəriş verən, bunun üstündən cəmi-cümlətani bir ay ötəndən sonra “qanunsuz evlərin” söküntüsünə start verənlərə nə ad qoyursunuz? Avropa standartlarına uyğun yol çəkdiyi ilə qürrələnib, 3 ay ötməmiş həmin yolu təmirə bağlayan, oxuduğu məktəbi dövlət büdcəsindən ayırdığı milyonlarla manata təmir etdirəndən sonra onu sökdürüb yerində “yeni və daha müasir” məktəb ucaldanlara nə ad verirsiniz? Dövlət büdcəsinin təxminən 10 faizi qədərində vəsaiti atasının adını daşıyan kompleksin tikintisinə ayıran, ölkənin ən önəmli obyektlərini övladlarının adına olan şirkətlərə təhkim etdirən, korrupsiyaya qarşı mübarizə kampaniyasını korrupsionerlərin rəhbərliyi ilə aparan dövlət rəhbərlərini hansı ifadələrlə tanıdırsınız?
Mülkiyyət hüquqları pozulduğu, yaşadığı evləri başlarına uçurulduğu üçün etiraza qalxanları dəmir ling, bel, kərənti, dəyənək altına salıb şikəst edən hakimiyyətə sizlərdə hansısa ad verilirmi?
28 saxta iş yeri yaradıb, siyasi fəaliyyət üçün xərcləyən Jak Şiraka 2 il həbs cəzası verirsizsə, bəs, minlərlə sahibkarın varidatını əlindən alıb mənimsəyən, xalqın sərvətini oğurlayıb xizək sürməyə, ayı basıb yeməyə, həyətində delfin saxlamağa, ceyran sürüsü bəsləməyə, cütdırnaqlı eşşək, yarışlarda dombalaq aşan at, sala oturdulan kater almağa sərf edənlərə neçə il iş verilməlidir? Üç nəfərlik ailəsi ilə nahar eləmək üçün böyük bir restoranı həftələrlə bağlatdırmaq, dünyanın ən bahalı avtomobilləri ilə yarışa çıxıb qəza törətmək, bir günlük istirahət naminə bir neçə milyon xərcləmək, xaricdə villalar almaq üçün 28 yox, 28 min saxta iş yerindən gələn vəsait də bəs eləmir. Bundan ötrü 10 milyonluq millətin taleyini oğurlamaq, gələcəyini təhlükə altına atmaq, özlərini qul və kölə kimi işlətmək, millətini nəinki cütdırnaqlı, həm də təkdırnaqlı eşşəkdən qat-qat aşağı tutmaq lazımdır. Bəs, bunun cəzası Fransa qanunları ilə neçə il eləyir?
Hələ bu harasıdır? Təzəliklə konstitusiya maddəsi də qəbul etməyə hazırlaşırıq. Eks-prezidentlər haqqında qanunda yazılıb ki, prezidentlər fəaliyyətləri müddətində atdıqları addımlara, verdikləri qərarlara görə heç bir cinayət məsuliyyəti daşıya bilməzlər. Yəni biz – bir oturuma ayı basıb yeyən, bir günlük xarici səfərə özü ilə 50 kiloqram quzu əti götürən, tək canına 4 yanaşı villada yaşayacağını düşünəcək səviyyədə əjdaha, div, fövqəlinsan rəhbərlərimizin gələcək təhlükəsizliyini indidən sığortalayırıq. Başqa sözlə, Azərbaycan Konstitusiyası bizim rəhbərlərimizin “Paşa Sığorta”sıdır.
Yeri gəlmişkən, Fransada hələ də “Şir Sığorta” yoxdursa, heyf Şiraka verdiyimiz o yekəlikdə “Heydər Əliyev” ordeninə…