Səkkiz gün əvvəl Fb-dəki dostlarımdan biri məlul-məlul soruşdu: “Eşidibsən, Cabbar prezidentə əfv ərizəsi yazıb… Nə deməkdi bu?”.
Bundan bir gün qabaq Cabbarın anasının video-müraciətini dinləmişdim. Belə mərd anadan belə də oğul olar, demişdim öz-özümə. Xəyalən o ananın əllərindən öpmüşdüm. Mən arxayın idim. Ancaq yenə də insan haqda fikirlərimi özümdə saxlayaraq dostuma: “Yazıb yazıb da,- dedim.- Insan dəmirdən deyil, ağılla, hisslə idarə edir özünü. Hər şey mümkündü. Mən istənilən addıma sakit baxa bilirəm. Insanın özgür düşüncəsi bütün ideyalardan üstündü. Mən həmişə Üzeyir bəy Hacıbəylinin sözünü sitat gətirirəm bu məqamlarda: ”Gedənlərə yaxşı yol. Bizə, qalanlar qalacaq”. Dostum ehtimallarını irəli sürdü. “Bunu zorla yazdırıblar ona,- dedi,- nəsə şərtlər altında”. Heç bir şərt ola bilməz,- dedim.- Mən buna yerli-dibli inanmıram. Insan elə bir sirli varlıqdı ki, bir dəqiqə sonra hansı addımı atacağı bəlli olmaz. Ona görə də mən həmişə başqalarının addımını müzakirə etməyin yox, özü haqda düşünməyin, yəni öz mənəviyyatını qoruması haqda düşünməyin tərəfdarıyam. Daha sonra dostuma bu haqda harada oxuduğunu soruşdum. “Heç yerdə,- dedi,- Fb-də dost siyahımda olanlardan biri dedi”,- dostum cavab verdi. O “dostun” kim olduğunu soruşdum, “Filankəs”,- dedi və… offf, dərindən nəfəs aldım. “Yalandı, dostum, rahat nəfəs ala bilərsən”,- dedim…”.Bax belə…
Bu gün “Azadlıq”da “Cabbar Savalanlıya böhtan atırlar” başlıqlı xəbəri oxudum: “AXCP üzvü, gənc siyasi məhbus Cabbar Savalanlının əfv üçün ərizə yazması barədə yayılan məlumatları onun vəkili Əsabəli Mustafayev təkzib edib: ”Cabbar Savalanlı əfv ərizəsi yazmayıb. Bu məlumat mətbuata məqsədli şəkildə ötürülüb”. Vəkilin sözlərinə görə, təxminən bir ay əvvəl rəsmi qurumlardan Cabbara əfv ərizəsi yazmaq barədə təklif gəlib. Lakin o, bu təklifi qəbul etməyib”.
Demək, mən “Filankəs”in dediyini eşitdiyimdə rahat nəfəs almaqda haqlıymışam. Bu, məqsədli şəkildə ötürülən şayiə olub. Onlar hər yolu sınayırlar. Həm də bu axırıncı cınaqdan çıxarılan yol, eləcə havadan deyil. Vikiliks saytının Azərbaycanla bağlı yaydığı məxfi materiallardan birində məhz bu haqda yazılmışdı və o da bu hakimiyyətin, bu dövlətin başçısının həbsə alınanlarla bağlı düşüncəsini ortaya qoyurdu. Bu düşüncə tərzi indi hakimiyyət məmurları üçün təlimat rolu oynayır. Həbs etdikləri hər kəsə bu biabırçı ərizəni yazdırmağa çalışırlar. Hə, Ilham Əliyev deyəsən Israil səfiri ilə söhbətində siyasi məhbusların ABŞ-a, BMT-yə, Avropa təşkilatlarına üz tutduqlarından əməlli-başlı incidiyini söyləmişdi. Təxminən belə demişdi ki, elə mənə müraciət eləsinlər də. Görünür, dünya təşkilatlarına müraciətlə (əslində siyasi məhbuslar heç vaxt hansısa Qərb təşkilatına yardım üçün ağız açmırlar, bunu Hüquq müdafiəçiləri, Vətəndaş cəmiyyətlərinin üzvləri həyata keçirirlər) dövlət başçısına yazılası əfv ərizələri arasında yerlə göy qədər fərq var. Lap Avropaya ağız açılıbsa belə, deməyiblər ki, biz narkomanıq, bizi əfv edin. Deyiblər ki, Ilham Əliyev azadlıq istədiyimizə görə bizi narkoman adıyla həbs etdirib.
Gerçəkdən dövlət başçısını anlaya bilmirəm. Görəsən o, doğrudan da bilmir ki, bu adamları niyə həbs elətdirib, ya bilir, sadəcə, dünyanın kor olduğunu düşünür? Hər halda bunlardan heç biri ona yaxşı bir şey vəd eləmir.Məncə, Cabbarların dövlət başçısına yox, dövlət başçısının onlara elə bir ərizə yazmasına gərək var. O da insandı, bir də gördün yazdı. Nə bilmək olar. Axı bayaq dedim, insan sirli məxluqdu…