Bizim bir Türkiyəmiz var!

Biz Türkiyəni çox sevirik. Sevməyə bilmərik – Türkiyə bizim ikinci Ölkəmiz, ikinci Dövlətimizdir. Biz Türkiyəni sevməyə bilmərik – Türkiyə bizim Keçmişimiz, Bugünümüz, Gələcəyimiz deməkdir. Sözsüz, görk olası-olmayası görsənişlərlə birgə. Siz mənə dünəninin, bugününün hansısa çatışmazlıqdan uzaq olduğu ölkə, xalq göstərin. Çağdaş dünyanın hər baxımdan ən ideal ölkəsi sayılan Norveçdə görün gözlənilmədən nə baş verdi: bir norveçli çıxıb çoxlu sayda adamı öldürdü. Ən qanunçu ölkədə belə, birdən lap dövlət-hakimiyyət strukturlarının özündə elə olay baş verir, görüb-eşidənlər istər-istəməz şok yaşamalı olur. Bu olayın özündən daha çox onun qanunçu, demokratik hüquq dövlətində baş verməsi faktına görə.

Belə bir olay yaxında qardaş Türkiyədə baş verdi. Bu, Azərbaycanın tanınmış hüquqçusu, sayılıb-seçilən vəkil (Azər Tağıyev kimi despotik rejim əlaltıları onu sayıb seçməsə də!) Intiqam Əliyevin başına gələn olaydır. Bu olay bizim üçün ikiqat acı, ikiqat üzüntülü oldu: birinci, Intiqam Əliyevlə; ikinci, sevgili Türkiyə ilə bağlılığına görə. Intiqam Əliyev bir persona, bir hüquqçu-vəkil, bir Azərbaycan türkü kimi aşağılanıb. Bizim üçün ən başlıcası o, Azərbaycan türkü, Azərbaycan yurddaşı olaraq aşağılanıb. Bizim üçün başlıca olaraq burası keçilməz, burası bağışlanmazdır. Başlıca olaraq da bu neqativ olay Türkiyədə baş verdiyindən. Azərbaycanın saya kimsəsi də yox, tanınmış hüquqçusu, ünlü kimliyi Türkiyədə aşağılandığından.
Sözsüz, Atatürk hava alanında I.Əliyevlə kobud davrananlar onu bizim tanıdığımız kimi tanımaya bilərdilər. Biz buna görə oralardakı kimsəni qınaya bilmərik. Ancaq kimliyə baxandan sonra, üstəlik, I.Əliyev özü kimliyini dilə gətirəndən sonra onunla kobud davranış sərgiləyənləri qınamaya bilmərik. O adamlar yalnız Intiqam Əliyevi aşağıladıqlarına, yalnız hüquqçu-vəkil adına sayğısızlıq göstərdiklərinə, yalnız Azərbaycan adına qabalıq sərgilədiklərinə görə deyil, bunlardan öncə sevgili Türkiyə adına, Ulu Atatürk adına utanc gətirdiklərinə, sayğısızlıq sərgilədiklərinə görə Ağır Cəza Yarğısı (məhkəməsi) qarşısında dayanmalıdırlar!
Burdan beləsinə gəlincə, burası bizlikdir. Baş vermiş olayla bağlı indi bizdə, mən deyərdim, aşırı qızğınlıq var – Türkiyəyə qarşı, Türkiyə dövlətinə qarşı. Olmaz! Olamaz, xanımlar, bəylər!! Hələ kimliyi bilinməyən bir neçə kimsəyə görə, belələrinin üzündən Türkiyəyə qızmaq, Türkiyədən üz döndərmək bizə yaraşmaz! Unutmayaq: Azərbaycanın bugünkü varlığına görə Türkiyəyə borcluyuq. Unutmayaq: Azərbaycanın bugünkü varlığına görə Şəhidlər xiyabanında 1130 türkiyəli əsgərin adını yaşadırıq. Bizi yaşatdıqlarımız yaşadır. Yaşatdıqlarımız yalnız keçmişimiz deyil, eləcə də gələcəyimizdir. Keçmişimiz keçərli olacaqsa, gələcəyimiz də keçərli olacaq. Hər ikisi bizim bir-birimizə sevgimizə, sayğımıza bağlıdır. Kimlərinsə qabalığı, yaramazlığı üzündən ortaya çıxan tək-tək neqativ görsənişlər bizim qarşılıqlı sevgimizə, sayğımıza üstün gələ bilməz, gəlməməlidir!
Burasını da unutmamalıyıq: 40 illik Əliyevlər rejimi planlı olaraq xalqımızın böyük çoxluğunu aşınmış, deformasiya olunmuş duruma gətirib. Uzun illər boyunca ölkədə yaradılmış dözülməz sosial-ekonomik durum üzündən dünyanın hər yerinə yayılmış bu çoxluq əskik davranışları ilə bizə daha çox neqativ imic qazandırır. Azərbaycanda Sovetdən, dünyanın ən üstün təhsil sistemlərinin birindən – Sovet təhsil sistemindən qalma çoxsaylı, Türkiyənin özünə örnək olacaq intelligensiya var. Ancaq əliyevçi rejimin kəsinliklə apardığı ANTIMILLI siyasətlər üzündən bu intelligensiya Azərbaycandan qırağa çıxa bilmir. Indi Azərbaycandan qırağa daha çox kimlər gedir? Yoxsulluq yolçuları: alverçilər, qazanc dalınca gedən kişilər, qadınlar. Yüzlərlə beləsinin gəlib keçdiyi yerdən… birdən bir Intiqam Əliyev gəlib keçir!