AŞPA üzvləri Əliyevi ilin sonunadək mitinq dustaqlarını buraxmağa çağırdı
Avropa Şurası Parlament Assambleyasının üzvləri rəsmi Bakını mart və aprel aylarında keçirilmiş nümayişlərdən sonra “siyasi baxışlarına görə” həbs olunmuş 17 nəfəri azadlığa buraxmağa çağırıb.
Ölkə başçısı İlham Əliyevə ünvanlanan çağırış məktubunu AŞ PA-nın Azərbaycan üzrə məruzəçiləri, ispaniyalı Pedro Agramunt Font de Mora və maltalı Joseph Debono Grech imzalayıblar. Məktubda vicdan məhbuslarının dekabrın 31-dək azadlığa buraxılması istənilir. Məktub AŞ PA monitorinq komitəsinin Parisdə ötən gün keçirilən Azərbaycana dair müzakirələrindən sonra imzalanıb.
“Məlumdur ki, 17 adam yazda nümayişlərdən sonra siyasi səbəblərdən həbs olunublar və biz prezidentdən onları ilin sonundək azad etməyi xahiş edirik” – cənab Agramaunt “BBC Azərbaycanca”ya müsahibəsində deyib.
Parisdə bağlı qapılar arxasında keçirilən müzakirələr “Amnesty İnternational” insan haqları təşkilatının son hesabatı üzərində aparılıb.
Hesabatda Azərbaycan hökuməti dinc nümayişləri kriminallaşdırmaqda və “Ərəb baharı”ndan ilhamlanan nümayişçilərə qarşı mart-aprel aylarında aşırı gücdən istifadə etməkdə, onları qorxutmaqda ittiham olunur.
Cənab Agramunt deyib ki, iclas iştirakçılarının bəziləri Azərbaycana qarşı tənqidlərlə razılaşıb, digərləri isə ölkəni müdafiə edib. O, “Amnesty İnternational”ın nümayişlərdən sonra həbs olunmuş 17 nəfəri siyasi məhbus hesab etməsilə və onların dərhal azadlığa buraxılması tələbilə razılaşdığını deyib.
O, Avropadan 47 dövlətin üzv olduğu Avropa Şurasının, 17 məhbus azadlığa buraxılmazsa, Azərbaycana qarşı hansı tədbirlər görəcəyini şərh etməyib. “Biz prezidentdən onları azad etməsini istəyirik. Gözləyək, ümid edirəm ki, nəticə yaxşı olacaq” – deyə cənab Agramunt bildirib.