Məmurlar təbiətlə zarafat edir, onun bədəlini isə sadə camaat ödəyir
Ötən ilin yazında baş vermiş Kür daşqınlarından əvvəl sonuncu dəfə Kür və Araz çaylarının daşması 2007-ci ilin baharında qeydə alınmışdı. O vaxt daşqının vurduğu ziyan 2010-cu illə müqayisədə az olmuşdu…
2008, 2009-cu illərdə Kür və Arazın daşması hiss olunmamışdı. Bundan təəccüblənən əhali arasında şayiə, bəlkə də həqiqət olan zarafat yayılmışdı ki, guya, 2007-ci il daşqınından sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Su Təsərrüfatı” ASC-nin rəhbəri Əhməd Əhmədzadədən daşqından qazandığı pula onu da şərik etməsini tələb edib. Sonuncu isə daşqından heç bir qazanc əldə etmədiyini bildirərək, nazirə qarşı səxavətsizlik edib. Heydərov isə öz növbəsində “Onda Kür daşmayacaq!” deyib.
Buna görə də 2008 və 2009-cu illərdə insanlar deyirdi: “Fövqəlnazir Kürə əmr etdiyi üçün o daşmır!”
Lakin bu zarafat uzun çəkmədi. 2010-cu ilin yazında Kür və Araz çayları ətraf rayonlara, ən çox isə Sabirabad rayonuna böyük bəla gətirdi. Hakimiyyət bunun təbii fəlakət olduğunu ciddi-cəhdlə sübut etməyə çalışsa da, buna heç kim inanmır. Çünki Kürün kənarında yaşayan əhali yaxşı bilir ki, bu çay daşan zaman bir yerdən bəndi yararsa, həmin yerdən yuxarıda suyun səviyyəsi kəskin şəkildə aşağı düşməlidir. 2010-cu ildə isə Bayramlı, Qaragünə, Mürsəlli, Meyniman və bir çox başqa yerlərdən Kür bəndi yarsa da, buna baxmayaraq, çayda suyun səviyyəsi nəinki düşdü, əksinə, artmağa başladı. Hətta Gürcüstan hökuməti də Kürdə suyun səviyyəsinin əvvəlki illərdən kəskin fərqlənmədiyini elan etdi.
Göydə ALLAH, yerdə isə insanların fədakarlığı fəlakətin daha qlobal olmasına imkan vermədi.
2010-cu ilin daşqınlarında Kürün sağ sahilində yerləşən kəndlər, Yuxarı Axtaçı, Qasımbəyli, Əsgərbəyli, Novruzlu və başqa kəndlər Sarısu gölünə yığılan həddən çox su kütləsinin hesabına ziyan çəkdi.
Sarısu gölü SSRI dövründən daşqınlar zamanı Kürdəki artıq suyun bir hissəsini çaydan çəkmək üçün ehtiyat anbar rolunu oynayır. Kürdə suyun səviyyəsinin nizamlanması əsasən Mingəçevir su anbarının öhdəsindədir. Bəndlər isə Mingəçevirdən aşağı Kürə tökülən Kürəkçay, Tərtərçay, Girdmançay və başqa çayların şıltaqlığının qarşısını almaq üçündür. Indi Kür və Araz çaylarına vurulan bəndlər nəinki yuxarıda adları göstərilən xırda çayların, hətta Kür böyüklükdə bir neçə çayın suyunu götürə bilər.
Hazırda Sarısu gölünün ətrafına da nəhəng bənd vurulur. Onlarla müasir ağır texnika səhər saat 7-dən axşam 7-yə qədər bəndin qaldırılması ilə məşğuldur.
Təbii ki, bir sual meydana çıxır: bəs min illər boyu Mingəçevir su anbarı kimi böyük bir anbar mövcud olmamışdan Aranda bu qədər su kütləsi niyə yığılmırdı?
Belə nəticə çıxır ki, 2010-cu il daşqınından əhalinin əziyyəti hesabına kimlərsə milyonlar qazandı. Və bu, onlara azlıq edir. Gələcəkdə faciənin irimiqyaslı olması üçün indidən hazırlıq görülür.
Sarısu gölünün ətrafına vurulan bənd onu göstərir ki, gölə 2010-cu ildəkindən dəfələrlə çox su yığmaq olar. Göl isə Suqovuşandan, yəni Kürlə Arazın birləşdiyi yerdən 15 kilometrə qədər məsafədədir və səviyyəsi Suqovuşandan bir neçə metr yüksəkdir. Əgər gölə o həcmdə su yığılsa və bu su bəndi yarsa, qarşısında heç bir maneə görmədən böyük sürətlə Suqovuşana girə bilər. Belə olduqda, Kür və Araz istənilən qədər Suqovuşandan yuxarı qalxar və bunun qarşısında heç bir bənd tab gətirə bilməz. Belə olan halda isə, nəinki Sabirabad, hətta Aranın bir neçə başqa rayonu da su altında qala bilər. Son nəticədə də dəyəri maksimum 10 min, lakin kağızda 40 min manat yazılan evlər indikindən yüzlərlə çox ailə üçün tikilə bilər.
Əhalinin bütün bu narahatlığına son qoymaq üçün hakimiyyət gördüyü işlər və bu işlərin məqsədi barədə tez-tez mediada hesabat verməlidir. Necə deyərlər, ilan vuran ala çatıdan da qorxar…
Sahib Rüstəmli,
“Azadlıq”ın bölgə müxbiri