Məğlubiyyətin ümummilli lideri…

Ümummilli lider haqqında qanun… Bu söhbət ortalığa təzə atılandan bu haqda yazmaq istədim, nə üçünsə qaldı. Sağ olsun “qafqazinfo”nu… “Mediaforum”un Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, sabiq deputat Alqış Həsənoğlu ilə müsahibəsini yaymaqla yaddaşımı təzələdi.

Bu ağlagəlməz fikri kimin beyni istehsal eləyib, bilmirəm. O cəbhədə bu tip ideyalar bir yarış məzmunu alıb. Hamı Əliyevlər sülaləsi ilə bağlı ən ilginc ideyalar düşünüb-tapmağa, parlamentdə bu məsələni qaldırmağa, ideya verməyə və özünə əlavə xal qazanmağa çalışır. Əlbəttə, bu qəbildən ideyaların yuxarıdan hazır şəkildə gəldiyi də olur və “təkliflər”i parlamentdə kim səsləndirir səsləndirsin, həyata keçir.
Son vaxtlar belə parlaq ideyaları eşidəndə yadıma Sovet Ittifaqı Kommunist Partiyası ləğv ediləndən bir gün qabaq kəndimizdə partiyaya üzv olan adamlar düşür. Indi də söhbət düşəndə onları doyunca masqaraya qoyub gülür, əylənirlər. Üstündən o qədər vaxt keçməsinə baxmayaraq, o bir günlük “kommunistlər” indi də qulaqlarının dibinə qədər qızarırlar. Görəsən, bizim bu indiki “ideyalı kommunistlər” də haçansa qızaracaqlarmı? Yəni o kənd cavanlarının abır-həyasından bunlarda da varmı?
Ümumiyyətlə, “ümummilli” adının özü çox dolaşıqdı. Onu kim verir, necə, hansı şəraitdə, nəyə görə verir? Bu tip mənəvi kateqoriyaya aid olan adların rəsmi şəkildə verilmə forması ola bilərmi? Axı bu hərbi rütbə deyil… Dövlətin hər yoldan ötənə, deyək ki, 70 min dolları və o dəyərdə adamı olan və ya hansısa barter ödəniş imkanı əsasında verilən “Xalq artisti” fəxri adı da deyil ki, prezidentin fərmanıyla kiməsə verəsən. Bu, xalqın özünün içindən qaynaqlanan, formalaşan və özü-özünə cəmiyyətdə yayılan bir sevgi izharıdı ki, sevgini də heç vaxt qanun şəklinə salmaq olmaz. Əgər bu ad konkret şəxs deyil, ümumi, hansısa tələblərə cavab verəcək şəxsiyyətlər haqda qanun olacaqsa (təbii ki, indi bu, Heydər Əliyevə aid edilir), onda sonra da həmin prinsiplərə cavab verən yeni birisi meydana çıxanda ona da şamil ediləcək. Sonra daha birinə, sonra daha birinə…
Ona görə yeniləri çıxacaq deyirəm ki, taledəndi-nədi, bu xalq taleyi boyu ağır durumlarda yaşayır və hər dəfə kiminsə onu bu durumdan xilas etməsini, eynilə Yəhudi xalqının hansısa bir padşah Məsihin gəlib onları xilas eləyəcəyini gözlədiyi kimi gözləyir. “Ümummilli” kimi sözcüklər də məhz qarabəxt xalqlarda ağıza alınır. O zaman millətin nə qədər ümummillisi olacaq? I ümummilli, II ümummilli, III və s…
Lakin bayaq da dediyim kimi, indi bu adı şəriksiz olaraq ancaq bir adama aid eləyirlər. Hələ rəsmi dərəcə almamışdan bu ad artıq ironik çalarda işlənir. Tabulamış adları çəkməyə qorxanlar, pıçıltı ilə “ümummilli” deyirlər və ağızların küncü qulaqlarının dibinə gedir. Eynən gülüş “smaylikində” olduğu kimi. Yaxşı, lap indi belə bir qanun qəbul edildi. Axı bunun əbədi olmadığını kim bilmir? Bu sülalə hakimiyyətini başa vuranda gələn yeni hakimiyyət bütün bu tip titulları ləğv edəcək, heykəllər uçurulacaq, parkların və minlərlə küçə-meydanın, xiyabanın adı dəyişdiriləcək. O zaman bu nəyə lazımdı? Alqış Həsənoğlu demişkən, “15 Iyun” var da. Indi Alqış bəy obyektiv səbəbdən deyə bilməsə də, kim bilmir ki, heç o günün özü bayram kimi bir azərbaycanlının qəlbində belə əks olunmur. Sadəcə, hakimiyyət bəzi tədbirlər keçirir, TV-lər efirin bir küncünü “ümummillinin” şəklinə bağışlayırlar, vəssalam.
Məğlub, əzilmiş, alçaldılmış, simasızlaşdırılmış, mütiləşdirilmiş, susdurulmuş xalqın ümummilli lideri… Necə də kədərli səslənir! Məğlubiyyətin ümummilli lideri…