Səriyyə adlı tələbə ilə bağlı müzakirələr sosial şəbəkələrdə də, mətbuatda da davam edir. Söhbətin nədən getdiyini bilməyənlərə xatırladım ki, özünü Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin tələbəsi kimi təqdim edən Səriyyə Əliyevanın Rusiyanın Afisha.ru saytına verdiyi müsahibəsi hamını dəhşətə gətirib. Səriyyənin savad səviyyəsi adamları şoka salıb. Məsələn, o deyir: “Azərbaycan rus və Azərbaycan sektorlarına bölünüb və ”mən rus sektorunda yaşayıram”. Yaxud söyləyir ki, 20 yanvar 1990-cı ildə ermənilər tanklarla Bakıya hücum etmişdi.
Saytda başqa ölkələrdən olan tələbələrin də çıxışları var, amma azərbaycanlı tələbənin çıxışı digərlərindən çox fərqlənir. Bu səbəbdən hamı dərhal sual etdi ki, o cür aşağı savadlı bir insan BDU-nun ən prestijli fakültələrindən birinə necə daxil olub?
Indi isə bəlli olur ki, Səriyyədə böyük günah yoxdur, ümumiyyətlə, savadsızlıq günah deyil. Günah belələrini qanunsuz yolla ali məktəblərə qəbul edənlərdədir. Həm də qanunsuz yollarla…
Buyurun, dünən 1news.az saytında oxudum ki, TQDK sədri Səriyyənin necə tələbə olması ilə bağlı suala cavab verib: “Bu şəxslə bağlı (Səriyyə Əliyeva nəzərdə tutulur – müəllif) araşdırmalarımız göstərir ki, o, bir dəfə – 2008-ci ildə ali məktəblərə qəbulda iştirak etmək üçün ərizə verib. Rus bölməsinə sənəd verdiyindən mövcud qaydalara əsasən, o, əsas imtahanlara qədər Azərbaycan dilindən test imtahanı verməli idi. S.Əliyeva, ümumiyyətlə, bu imtahana gəlməyib və deməli, qəbul imtahanlarında da iştirak etməyib. Beləliklə, bizim bu şəxsin bilik səviyyəsi haqqında hər hansı məlumatımız yoxdur və o, TQDK-nın keçirdiyi imtahanlar nəticəsində heç bir ali məktəbə daxil olmayıb” (1news.az, 12.12.2011).
Deməli, Səriyyə BDU-ya qanunsuz yolla daxil olub. Məleykə Abbaszadənin açıqlaması bunu sübut edir. Axı TQDK-nın keçirdiyi qəbul imtahanlarından əlavə hansı qəbul yolu var? Təhsil Nazirliyi və BDU-nun rəhbərliyi niyə susur?
Azxeber.com portalı isə BDU-nun beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsindən məsələ ilə bağlı açıqlama alıb. Açıqlamada bildirilir ki, həmin fakültədə Səriyyə Əliyeva adlı tələbə oxumur, o, sadəcə olaraq, bir neçə ay azad dinləyici kimi mühazirələrdə iştirak edib. Səriyyə hazırda BDU-nun şərqşünaslıq fakültəsində oxuyur. O, Rusiya universitetlərinin birindən BDU-ya köçürmə yolu ilə gəlib.
Heç cür anlamaq olmur: Şərqşünaslıq fakültəsinin tələbəsi niyə hüquq fakültəsinin dərslərində iştirak edir? Bəs həmin zamanlarda şərqşünaslıq fakültəsindəki dərslərdə kim əvəz edir onu? Belədirsə, Səriyyə niyə özünü şərqşünaslıq fakültəsinin tələbəsi kimi təqdim etməyib? Bu təzadlı açıqlamanın yalnız bir izahı ola bilər. Görünür, Səriyyə Rusiyada şərqşünaslıq fakültəsindən sənəd gətirib deyə, BDU rəhbərliyi onu tez həmin fakültəyə qaytarıb ki, belə bir izahla vəziyyətdən çıxsınlar.
Ikinci məsələ. Görürsünüzmü, Səriyyə tələbə adını necə qazanıb. Məşhur ötür-ötür üsulu ilə. Əgər maraqlansaq bəlli olacaq ki, o, Rusiyanın hansısa intizamsız ali məktəbindən gətirilmiş sənədlə BDU-ya girib. Bu da ona sənədləşdirməni aparmaq üçün lazım olub. Halbuki, bu da qanunsuzdur. Çünki illər öncə qərar verilib ki, ali məktəblərdə köçürmə ləğv edilir. Ali məktəblərimizdə yalnız dövlətin qanunlarına uyğun şəkildə, hamı kimi TQDK-nın keçirdiyi müsabiqədə iştirak etməklə daxil olmaq mümkündür. Bəs niyə kimlərsə başqa yollardan istifadə edə bilir? Niyə bu köçürmə əməliyyatı hələ də qalır?
Bir vaxtlar həmkarım Natiq Güləhmədoğlu müğənni Röyanın qanunsuz yolla BDU-da oxumasını aşkara çıxarmışdı. Səriyyə olayı isə sübut edir ki, BDU-da və yəqin ki, digər ali məktəblərdə bu cür hallar geniş yayılıb, yenə də davam edir. Əlin cibində olsa, bizim istənilən ali məktəbin diplomuna sahib ola bilərsən. Nə üçün?
Təhsil Nazirliyi və BDU rəhbərliyi bu olaya izah verməlidir. Nə baş verir? Səriyyə kimiləri necə və niyə tələbə olur? Ölkə rəhbərliyi açıqlama verməlidir. Budurmu inkişaf edən Azərbaycan?