«Fövqəlnazir»in müavini Faiq Tağızadə partiya yaratmaq istəyən keçmiş YAP-çının çox yaxın qohumudur
“Azadlıq”ın ötən saylarında YAP-ın qurucusu, Azərbaycanın Belarusdakı sabiq səfiri, hazırda işsiz olan Əli Nağıyevin partiya yaratması barədə məlumatlar dərc olunmuşdu. Bildirilirdi ki, Əli Nağıyevin partiya yaratması hakimiyyətdəki Bakı-Şirvan klanının hazırladığı xüsusi plandır. Bu plan iqtidardakı Naxçıvan klanını parçalamaq məqsədilə həyata keçirilir. Bakı-Şirvan klanı düşünür ki, Əli Nağıyevin vasitəsilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin nəzarətində olan YAP-dakı naxçıvanlıları, o cümlədən YAP-ın “köhnə qvardiyası”nı öz tərəfinə çəkə bilər və s.
Onu da yazmışdıq ki, Bakı-Şirvan klanı təşkilatlanma işində Əli Nağıyevə hər cür dəstək verəcəyini vəd edib. Plana görə onun yaratdığı təşkilat ikinci iqtidar partiyasına çevrilməlidir. Məlumata görə, Bakının keçmiş polis rəisi Məhərrəm Əliyevin də adı bu layihədə keçir.
Dünən redaksiyamıza daha bir maraqlı məlumat daxil olub. Bu, Paşayevlərin yaxın adamlarından və ölkənin birinci xanımı Mehriban Əliyevanın xalası oğlu olan Faiq Tağızadə ilə bağlıdır.
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasının baş həkimi olan Faiq Tağızadə bir müddət əvvəl fövqəladə hallar naziri Kəmaləddin Heydərova müavin gətirilib. Məlumata görə, “fövqəlnazir”, bütövlükdə Naxçıvan klanı bu təyinatdan narazı olub. Amma Paşayevlərin hökmü keçib.
Maraqlıdır ki, Əli Nağıyevin yeni partiyasının formalaşmasında Faiq Tağızadənin adı çəkilir. Faiq Tağızadə sabiq nazirin qohumudur. Daha dəqiq söyləsək “fövqəlnazir”in müavini Əli Nağıyevin həyat yoldaşının dayısı qızının əridir. Lakin Əli Nağıyevlə Faiq Tağızadəni təkcə qohumluq əlaqələri deyil, başqa tellər də bağlayır ki, bu barədə növbəti saylarımızda məlumat verəcəyik.
Əli Nağıyevin baldızı olan Leyla Yaradanquliyevanın həyat yoldaşının və onun digər qohumlarının da bu işdə adı çəkilir. Məsələn, Azərbaycan Beynəlxalq Bankında məsul sahədə çalışan Leyla Yaradanquliyeva bu bankda kredit məsələlərindən tutmuş digər vacib sahələrədək, çox problemləri həll edə bilir. Hətta məlumatlara görə, hazırda onun Yasamal rayon Məhkəməsində hakim Xəqani Tağıyevin icraatında xüsusi ittiham qaydasında verilmiş şikayətinə də baxılır.
Bir sözlə, Əli Nağıyevin yeni partiyasına Paşayevlərdən əlavə, həm də ümumilikdə Bakı-Şirvan klanı da dəstək vermək zorundadır. Layihənin istiqamətləri isə artıq ayrı-ayrı nazirliklərə kimi uzanır.
Başqa bir məlumat isə “Yeni Azərbaycan” qəzetinin sabiq baş redaktoru Alqış Həsənoğlunun da Əli Nağıyevin layihəsində yer alması barədədir. Yeri gəlmişkən, bu məsələ gündəmə gələndən Alqış Həsənoğlu da tez-tez mətbuatda görünməyə başlayıb. Xatırladaq ki, sabiq baş redaktor uzun müddət Ramiz Mehdiyevlə konfliktdə olub. Nəticədə PA rəhbəri onu və əmisi oğlu Musa Musayevi neytrallaşdırıb.
Bir məqamı da vurğulamaq lazımdır ki, Əli Nağıyev indiyə qədər bu məlumatlara aydınlıq gətirməyib. Ondan fərqli olaraq, Məhərrəm Əliyev qardaşı Adil Əliyevin vasitəsilə heç bir partiyaya qoşulmadığını bəyan edib.
Informasiya şöbəsi