Bəşər Əsəd onu niyə devirmək istədiklərini dedi

“Rusiya ilə yaxınlıq sonumu gətirdi”

Türkiyə Suriya diktatoruna qarşı yeni plan hazırlayıb

Suriyada Əsəd rejiminə qarşı etirazlarla yanaşı, hökumət qüvvələri ilə müxaliflərin tərəfinə keçmiş hərbçilər arasında silahlı qarşıdurmalar da davam edir. Suriya insan haqları müdafiəçilərinin yaratdığı “Yerli Koordinasiya Komitələri” məlumat yayıb ki, dekabrın 13-də yaşanan qarşıdurma nəticəsində 36 nəfər öldürülüb. Mərkəzi qərargahı Londonda yerləşən Suriya İnsan Haqları Müşahidəçiləri Təşkilatı toqquşmaların əsasən İdlib əyalətində baş verdiyini bildirib.

Türkiyə ilə sərhəddə yerləşən İdlib əyalətinin Marat Masrin və Kəfr Bahmul kəndlərində 11 dinc sakin hökumət qüvvələri tərəfindən qətlə yetirilib, onlarla insan isə yaralanıb. Müxaliflərin tərəfinə keçən hərbçilər isə buna cavab olaraq, hökumət qüvvələrinin karvanına hücum edib və 7 hərbçini qətlə yetiriblər. Daha 8 nəfər Həma şəhərində, 5 nəfər Əsəd əleyhinə etirazların mərkəzinə çevrilən Homsda, 2 nəfər isə Dəraa vilayətində öldürülüb. Dəraa xüsusilə sabiq hərbçilərdən formalaşan və “Azad Suriya Ordusu” adlanan qrupun nəzarətindədir.

Bu arada Suriya hakimiyyətinə qarşı sərt mövqe sərgiləyən Türkiyənin Bəşər Əsədin hakimiyyətdən getməsini tezləşdirəcək yeni planı ortaya çıxıb. Ankara Əsədi daxili dəstəkdən məhrum etmək üçün yeni addım atmağa hazırlaşır. Yayılan məlumatlara görə, Türkiyə bu günə qədər Suriya müxalifəti, ABŞ, Avropa Birliyi və Ərəb Ölkələri Liqası tərəfindən diqqət görmədiyi üçün Əsəd rejimini dəstəkləyən kürd, türkmən, xristian və başqa dini- etnik azlıqlarla birbaşa əlaqə qurmağı planlaşdırır.

1.5 milyon nəfərə yaxın olan dini-etnik azlıqlar Əsədin devrilməsindən sonrakı dövrdə haqlarını qoruya bilməyəcəyi narahatlığından hazırki hakimiyyətə qarşı çıxmağa tərəddüd edir. Türkiyə isə bu narahatlığı aradan qaldırmaq, onları Əsəd rejiminə qarşı qoymaq üçün dini-etnik azlıqların təmsilçilərilə görüşmək, onlara zəmanət vermək fikrindədir. Ankara danışıqlar zamanı tərəflərə dəqiq mesajlar çatdıracaq və Əsəd rejiminin devrilməsindən sonra qurulacaq yeni sistemdə bütün dini və etnik azlıqların zəmanət altına alınacağına dair təminat verəcək.

“Əl Cəzirə” kanalının yaydığı məlumata görə isə Suriya müxalifətinin formalaşdırdığı Milli Şura Əsədə qarşı müxaliflərin daha yaxşı təşkilatlanması və beynəlxalq arenada dəstək qazanması üçün İstanbulda nümayəndəlik açmaq qərarına gəlib. Milli Şura Suriya hakimiyyəti ilə bütün dialoq variantlarını rədd edərək Bəşər Əsədin qeyd-şərtsiz istefa verməsindən sonra hökumətlə hər hansı danışıqlara başlaya biləcəklərini bildirib.

Hakimiyətinə qarşı etirazlar gücləndikdən sonra mətbuatda az-az görünən Suriya diktatoru isə Rusiyada yayımlanan “İzvestiya” qəzetinə açıqlama verib. Əsəd deyib ki, Rusiya ilə sıx əməkdaşlığı onun sonunu gətirib. Əsədin sözlərinə görə, ABŞ Suriya ilə Rusiya arasındakı əlaqələrin dayandırılmasını və Kremllə strateji əməkdaşlıqdan imtina edilməsini istəyib.
Avropanın nüfuzlu qəzetlərindən biri “The Financial Times” isə Bəşər Əsədin taleyini Türkiyənin müəyyən edəcəyini yazıb. Qəzetin bununla bağlı məqaləsində deyilir ki, “Yaxın Şərqin yüksələn lideri olan Türkiyə” qonşusu və keçmiş dostuna Adolf Hitler, Nikolay Çauşeskinin sonunu xatırladarsa Əsəd bu xəbərdarlığa mütləq qulaq asacaq. “Çünki bu qulaqardına vurulacaq xəbərdarlıq deyil”.

İnformasiya şöbəsi