Suriya hakimiyyəti isə ərəb liderləri seks kasetlərlə şantaj edir
Suriyada Əsəd rejiminin hakimiyyət əleyhdarlarına qarşı hücumları davam edir. Ölkə müxalifətinin yaydığı məlumata görə, həftənin ilk günü 20 nəfərdən çox hakimiyyət əleyhdarı hökumət qüvvələri tərəfindən öldürülüb. BMT-nin insan haqları üzrə rəsmisi Nevi Pilay Suriyada Əsəd rejiminə qarşı etirazlar başlanan gündən bu yana 5 mindən çox insanın həlak olduğunu söyləyib. Pilay qətllərə görə Bəşər Əsəd hakimiyyətinin məsuliyyət daşıdığını vurğulayıb.
Əsədə qarşı etirazların mərkəzinə çevrilən və hazırda hökumət qüvvələrinin mühasirədə saxladığı Homs vilayətində qaz kəməri partladılıb. Rastan şəhəri yaxınlığından keçən qaz borusunda partlayışdan sonra güclü yanğın baş verib. Homsda hökumət qüvvələri ilə ordudan qaçan keçmiş hərbçilər arasında döyüşlər davam edir. Suriya müxalifəti təkcə ötən gün 11 nəfərin öldürüldüyünü açıqlayıb.
Xatırladaq ki, dekabrın 8-də də ölkənin şərqindən Homs şəhərindəki neft emalı zavoduna xam neft daşıyan boru kəməri partladılmışdı. Yerli media hər iki partlayışa görə məsuliyyəti terror qruplaşmasının üzərinə qoysa da, müxalifət bunun hökumət qüvvələrinin işi olduğunu iddia edir.
Bu arada, Suriya hakimiyyəti Bəşər Əsəd rejiminə qarşı üsyanların və beynəlxalq birliyin təzyiqləri qarşısında duruş gətirmək üçün bütün vasitələrdən istifadə edir. “Kuwait Times” qəzetinin yaydığı məlumata görə, Əsəd hakimiyyəti onlara dəstək verməyən ərəb ölkələri liderlərini seks qalmaqalı ilə təhdid edib. Bəşər Əsədin sözçüsü Buseyna Şaban açıqlamasında bildirib ki, əllərində bir çox ərəb liderlərinin seks kasetləri var. Sözçü bunları internet vasitəsilə yayımlaya biləcəklərini söyləyib: “Bu kasetləri yayandan sonra ərəb ölkələrinin liderləri əlimizdəki kartları görəcək”.
Əsəd rejimini dəstəkləyən dövlətdən olan Rusiya Suriya hakimiyyətini Ərəb Ölkələri Liqasının təklifilə razılaşmağa və bu barədə protokolu tezliklə imzalamağa çağırıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov suriyalı həmkarı Murad Medelsi ilə görüşdən sonra birgə mətbuat konfransında Dəməşqə tezliklə ölkəyə beynəlxalq müşahidəçiləri buraxmağı məsləhət görüb.
Lavrov, həmçinin Rusiyanın Suriyaya öz müşahidəçilərini göndərməyə hazır olduğunu da bəyan edib: “Biz artıq Ərəb Ölkələri Liqası və Suriya hökuməti ilə danışıqlarımızda bəyan etmişik ki, maraq göstərilərsə, ərəb müşahidəçilərə Rusiyadan, eləcə də digər ölkələrdən müşahidəçilər qoşmağa hazırıq”.