“Onlar bu oyunu uduzmaq istəyirlərsə, qoy onu davam etdirsinlər!”. Mənə elə gəlir ki, bundan yaxşı demək mümkün deyil. Qeyd edim ki, bu sözləri bir əcnəbi hüquq müdafiəçisi deyib. Burada diqqəti çəkən nədir? Bəli, bu oyun uduzulacaq, özü də bu, tezliklə olacaq. Indi hakimiyyət bunun fərqində deyil və özünü elə aparır ki, sanki dünyadakı proseslər yad bir planetdə baş verir.
Rusiyadan danışan jurnalistlərə fikir verdim, belə təəssürat yarandı ki, onlar da yeni “baharlar”ın müjdəsindədir, statik bir durum, donuq, həm də sönük həyat onları da darıxdırır. Bəli, hamı bezib! Sanki bizi sınıq bir karuselə, bir köhnə çarxın üstünə oturdublar, hara baxırsan eyni təsvir, eyni mənzərədir! 18 ildir ki, “fırlanmaq”la məşğuluq! Bu, hətta zərbi-məsələ dönüb. Bəli, bir də görürsən ki, biri o birindən soruşur ki, nə var, nə yox? O birisi də qayıdır ki, fırlanırıq da yavaş-yavaş! Beləcə, düz 18 il… Mən ona təəssüf edirəm ki, 20 illik müstəqilliyin 18 ili bu hakimiyyətin vaxtında keçdi. Amma bu 18 ildə nə qədər iş görmək, nə qədər prosesə dönməz xarakter vermək olardı?! O gün baxıram, NATO-dan danışırlar. Bu hakimiyyət öz siyasətilə gürcülərin də NATO-ya yolunu bağladı. Hiss olunur ki, Alyans tək Gürcüstanı özünün tərkibinə qatmağa bir qədər tərəddüd edir. Indi çox şey demək olar, olduqca mürəkkəb məsələləri çözmək olar. Amma ən böyük ittiham budur ki, ölkədə 1993-cü ildən bu tərəfə bircə normal seçki keçirilməyib və bütün seçkilər saxtalaşdırılıb! Indi 20 ildir ki, dizləri bükülmüş Rusiya da bu şüarla – ədalətli seçki şüarı ilə ayağa qalxmaq istəyir! Hər halda, bunu azca da olsa təhlil etməyə dəyər…
Putinin ssenarisi pozula bilər?
Mən tələsik nəticələri sevmirəm. Baxaq, görək, növbəti aksiya necə olacaq.
Amma müxalifət azacıq da olsa taktiki addım atsa və aksiyalarına mütəmadi xarakter versə, Putinin vəziyyəti mürəkkəbləşəcək, çünki aksiyalar 2012-ci ilin əvvəlinə qədər artan istiqamətdə gedə bilər. Lakin Rusiya müxalifəti haqda tərəddüdlərimi ötən yazıda yazmışdım. Hə, həmin bu düşərgədə yeni adam yoxdur, üstəlik, elə adamlardır ki, ruslar bir çox bəlaları – SSRI-nin dağılmasını, ədalətsiz özəlləşməni, sosial bərabərsizliyi bu adamların adı ilə bağlayırlar. Putinin üstünlüyü nədə idi? O, bu “günahlar”dan kənarda idi və onlarla o qədər də bağlı deyildi. Amma Yavlinski, Nemtsov… Eləcə də adını çəkmədiyim digərləri bu işin içində olublar. Məsələn, mənə elə gəlir ki, rus siyasətçiləri arasında ən ağıllı adamlardan biri A.Çubaysdır. Lakin nə qədər ki, rus ictimai şüurunda ədalətsiz özəlləşdirmə, “vauçer” siyasəti ilə əlaqəli xatirə yaşayır, A.Çubaysın böyük siyasətə yolu bağlı olacaq. Artıq Putin də yeni adam deyil. O da özünün bu üstünlüyünü itirib. Həmişə təkrar seçilən adam üçün bir qədər çətin olur, çünki onun arxasında konkert əməllər durur və hamı da şüarlara, səslənən fikirlərə deyil, elə məhz konkret əməllərə səs verirlər. Indi Putinə də əməllərinə görə səs verəcəklər. Bu isə, həmişə çətin olur.
Azərbaycana nə lazımdır?
Ən asanı “Demokratik Rusiya!” – deməkdir. Amma demokratik Rusiya hələ uzun müddət xəyal olacaq. Bəli, ilk baxışda zəif, başı özünə qarışan və öz daxili problemləri içində qovrulan Rusiya bizim üçün də məqbul görünür və bizə elə gəlir ki, bu situasiyada daha yaxşı baş çıxararıq. Amma Rusiyanı sadəlövh hesab etməyək, onun başı özünə qarışanda ətraflarının da başını qarışdırır. Konkret Azərbaycana gələk. Rus imperiyasının üç zəif dövrünü götürək: 1903-1905, 1914-1920 və 1987-1994-cü illər! Bu dövrlərdə o, çətinliklər yaşayıb. Amma ətraflarda nə baş verib? Konkret özümüzə gəlsək, bu dövrlərdə erməni-azərbaycanlı müharibələri olub! Və biz böyük itkilər vermişik! Bu savaşların hamısının ssenarisi Rusiyada cızılıb. Mən ona görə də zəif Rusiyanın bizim üçün hansı ssenarilərə gətirib çıxara biləcəyini azca da olsa irəlicədən təsəvvür etməyə çağırıram. Ona görə hələ məlum deyil ki, bizə hansı Rusiya lazımdır: güclü və stabil, yoxsa zəif?..