Qəbələ xəyanəti

Qəfildən xəbər tuturuq ki, Rusiya Qəbələdə özünə yeni hərbi obyekt tikir. Bu gizli razılaşma elə sakitcə mətbuata ötürülür ki, sanki heç nə olmayıb. Guya sıradan bir hadisə baş verib və Rusiya Qəbələdə Kəmaləddin Heydərovla birgə alma şirəsi zavodu açır. Xəbərlərin başlığına baxın: “Rusiya Azərbaycanda yeni RLS-in tikintisini 2019-cu ilədək tamamlamağı planlaşdırır”.

Deyəsən, söhbətin nə dərəcədə təhlükəli bir oyundan getdiyinin fərqində deyilik. Söhbət konserv zavodunun qurulmasından yox, xarici dövlətin bizim ərazidə özünə hərbi obyekt tikməsindən gedir. Kim verib bu icazəni? Kim qəbul edib bu qərarı? Nə vaxt oldu bu? Azərbaycan cəmiyyətinin xəbəri niyə yoxdur bundan?
Deyə bilərsiniz ki, Qəbələ RLS əvvəldən vardı burada. Yox, elə deyil, Rusiya yeni RLS tikir burada. Ikincisini. Həm də köhnə RLS Azərbaycanın mülküdürsə, yenisi Rusiyanın mülkü olacaq.
Sözügedən obyekti tikən “Akademik Minç adına Radiotexnika Institutu” Açıq Səhmdar Cəmiyyətin baş direktoru Vladimir Savçenkonun “RIA Novosti”yə dedikləri: “Daryal” stansiyası sökülməyəcək, çünki bu stansiya Azərbaycanın mülkiyyətindədir,  yeni quraşdırılacaq stansiya isə Rusiyanın mülkiyyəti olacaq”.
Görəsən, Rusiyanın bizim torpaqda özünə hərbi mülk tikməsinə kim icazə verib? Bu məsələ xalqdan niyə gizlədilib və heç olmasa Milli Məclisdə nədən müzakirə edilməyib? Biz yaxşı anlayırıq ki, indiki Milli Məclis prezidentin dediyinə ikiəlli səs verəcək, amma heç olmasa buradakı müzakirənin sayəsində xalq baş verənlərdən xəbərdar olardı.  Azərbaycan Konstitusiyasının 94-cü maddəsinə görə isə, istənilən dövlətlərarası razılaşma Milli Məclisdə təsdiq edilməlidir.
Azərbaycanın dövlət qurumları indiyədək bu razılaşma barədə heç bir yerə məlumat verməyib. Daha doğrusu, hər şey gizlədiblər. Dekabrın 8-də xarici işlər nazirinin müavini Xələf Xələfov Qəbələ RLS-lə bağlı açıqlama vermişdi. Nazir müavini yeni RLS-lə bağlı bir kəlmə də danışmamışdı. Onun söylədikləri budur: “Azərbaycan və Rusiya iki ölkənin müdafiə nazirləri səviyyəsində Qəbələ RLS-in icarəsi üzrə mövcud müqavilənin müddətinin uzadılması və ya yeni müqavilənin imzalanmasına dair məsləhətləşmələr aparır. Bununla yanaşı, icarənin dəyərinin dəyişdirilməsi, RLS-in modernləşdirilməsi, eləcə də RLS-lə məlumatların üçüncü ölkəyə ötürülməsi məsələləri nəzərə alınacaq.”
Gördüyünüz kimi ki, bu açıqlamada Azərbaycan ərazisində yeni RLS-in tikilməsi barədə bir kəlmə də danışılmır. Nəticə isə, Molla Nəsrəddinin lətifəsindəki fil məsələsinə oxşayır. Padşahdan filin kənddən aparılması xahişə gedən molla qayıdır ki, bəs filin ikincisi də gəlir. Azərbaycan, xüsusən də RLS-in ekoloji fəlakətini yaşayan qəbələlilər bu hakimiyyətdən mövcud obyektin yığışdırılmasını istəyirdi, bunlar ikincisini gətirirlər.
Nəhayət, Rusiya haqqında…
Bu ölkə NATO RLS-lərini qonşu Avropa ölkələrində qurulmasına ciddi etiraz edir və onları hədələyir. Bunu öz mənafelərinə qarşı düşmənçilik addımı sayır.  Bəs xeyir ola özü bizim ölkədə RLS tikir?
Xeyir ola biz də həvəslə yer veririk Rusiyaya? Həm də öz vətəndaşlarının haqqını tapdayan avtoritar bir ölkəyə. Ermənistanı silahlandıran bir ölkəyə. Qonşu Gürcüstana qoşun yeridən bir ölkəyə. Nəhayət, 200 ildən sonra da bizi əsgərinin “sapoqunun” altında görmək istəmədiyini sübut edə bilməyən bir dövlətə.
Nə üçün belə bir dövlətə bizim ölkədə hərbi obyekt tikməyə icazə verilir?!