Prokurorluqda müdhiş skandal

İlham Əliyevin sərəncamına əməl olunmur; işçilər boğaza yığılıb

Dövlət proqramı ilə bağlı həyata keçirilən maxinasiyalar barədə ölkə başçısına müraciət olunacaq

Ilham Əliyevin sərəncamı ilə təsdiq edilmiş prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün dövlət proqramı kağız üzərində qalıb. Hər halda, prokurorluq orqanlarında çalışanlar hələ ki, dövlət proqramından yararlana bilməyib. Məsələn, sənəddə prokurorluq işçiləri üçün Bakı şəhərində 250 mənzillik yaşayış binalarının tikilməsi nəzərdə tutulur.
“Azadlıq”a daxil olan məlumatlara görə, bu məqsədlə “Qayğı” Mənzil Tikinti Kooperativi yaradılıb. Binaların tikilməsi üçün Xətai rayonunda Ilqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində yer də ayrılıb. Lakin hansısa səbəbdən “Qayğı” MTK icraçı şirkətlərlə dil tapa bilmir. Məlumatlara görə, indiyə qədər 6-7 tikinti şirkətilə müqavilə bağlanıb. Hər müqavilənin müddəti bir neçə ay çəkib. “Qayğı” MTK-nın naməlum səbəblərdən icraçı şirkətlərlə yola getməməsi üzündən prokurorluq işçilərinin yeni mənzilə köçmələri xəyal olaraq qalır.
Digər tərəfdən dövlət proqramında aydın şəkildə qeyd olunub ki, binalar dövlət investisiya proqramı çərçivəsində inşa olunmalıdır. Bu o deməkdir ki, prokurorluq işçiləri mənzillər üçün heç bir ödəniş etməməlidir. Amma buna baxmayaraq məlumatlara görə, prokurorluq işçilərindən hər kvadratmetrə görə 470 manat pul yığılır. Əksər işçilər artıq alacaqları mənzilin pulunu belə, veriblər. 
Başqa bir fakt prokurorluq işçiləri üçün Ismayıllı rayonunda istirahət kompleksinin hələ də inşa olunmaması ilə bağlıdır. Bəlli deyil ki, nədən kompleks hələ də tikilməyib.
Dövlət proqramında prokurorluq işçiləri üçün nəzərdə tutulan müalicə müəssisəsindən də bir xəbər yoxdur. Bu isə prokurorluq işçiləri arasında narazılığa səbəb olub. Onlar hətta Ilham Əliyevə müraciət etməyi planlaşdırırlar.
Prokurorlar haqlı olaraq hesab edir ki, dövlət proqramı 2009-2011-ci illər üçün nəzərdə tutulubsa, bu işlər cari ilin sonuna qədər başa çatmalı idi. Amma 2011-ci ilin başa çatmasına 2 həftədən bir qədər artıq vaxt qalıb. Respublika Prokurorluğunun rəhbərliyi isə tələsmir.
Ümumiyyətlə, prokurorluğun rəhbər şəxsləri operativlik lazım olan işlərdə çox ləng tərpənirlər. Məsələn, yazar Rafiq Tağı ilə bağlı qanlı cinayətin üzərindən 20 gündən artıq vaxt keçib. Ortada isə heç nə yoxdur. Digər başqa cinayətlərlə də vəziyyət eynidir. Amma tutaq ki, Heydər Əliyevi anmaq lazım gələndə Zakir Qaralov çox operativ olur. Hətta o dərəcədə ki, prokurorluq işçiləri Prezident Administrasiyasının əməkdaşlarından daha tez Fəxri Xiyabanda görünür. Hətta yağışlı havada belə, Zakir Qaralov Heydər Əliyevin məzarını ziyarət etməyi təxirə salmır.

İnformasiya şöbəsi