“Ərəb baharı”nın Rusiyayadək yayılacağından çox danışılırdı, amma bunun bu qədər erkən olacağını az adam təxmin edirdi. Əlbəttə, Rusiyada etirazlar hələ çox körpədir, onun böyüyüb zəngin dövlətçiliyi və mədəniyyəti, misilsiz təbii sərvəti və insan resursu olan bu ucsuz-bucaqsız diyarı bir dəstə kəlpeysər, quldur təbiətli adamın caynağından qurtara biləcəyi haqqında danışmaq çox tezdir.
Amma bunu indidən söyləməkdə fayda var: artıq Rusiyada çoxluq indiki kimi davam etməyin mümkünsüzlüyünün fərqinə varıb. Artıq Rusiya cəmiyyətində ləyaqət hissi yenidən parlamağa başlayıb. Tarix sübut edir ki, həmişə belə olduğu təqdirdə Rusiya nəhəng dəyişim mərhələsinə girir. Üstəlik, inqilabi təcrübəsi rusların üstünlüklərindən biridir. Bu, onlara başlanan prosesi sürətlə yekunlaşdırmağa, Rusiyanın öz tarixinin ən utancverici dönəmindən xilas olaraq, azadlıqların və demokratiyanın hegemon olduğu yeni dünyanın ən qüdrətli parçalarından birinə çevrilməsinə imkan verəcək.
Bəli, artıq ox yaydan çıxıb, mən 2012-ci ilin martında Rusiyada irtica ilə azadlığın həlledici döyüşünü gözləyirəm. “Ərəb baharı”nın timsalında isə biz bu döyüşün bir qayda olaraq tərəqqipərvər, azadlıqsevər qüvvələrin qələbəsi ilə tamamlandığını görürük. Artıq despotizmin dünyada heç bir şansı yoxdur. Bəşəriyyət geridönüşü olmayan bir yola girib, ən qısa zamanda biz bütün tiranlar haqqında tıpkı dinozavrlar kimi keçmiş zamanda danışacaq, kitablardan oxuyacaq, filmlərdən izləyəcəyik.
Bu arada ən çox diqqətimi çəkən yaparteid rejim nümayəndələrinin Rusiyada baş verənlər barədə bugünədək ağızlarını açıb bir kəlmə kəsməmələridir. Oysa cəmiyyətdə tıpkı “ərəb baharı” kimi, “rus qışı”ndan da böyük gözləntilər var. Üstəlik, “rus qışı”nın təkcə Putin səltənətini deyil, keçmiş Sovetlər məkanındakı avtoritar və totalitar rejimləri də süpürüb atacağına dair inam və gözləntilər daha böyükdür. Hər kəs əmindir ki, Putin rejiminin sonu əslində, avtomatik olaraq MDB coğrafiyasındakı “balaca putin”lərin də sonuna çevriləcək. Axı onlara döşündə süd, buynuzunda ot gətirən, onları mayalandıran, qidalandıran, ayaqda saxlayan məhz bugünkü Kremldir. Axı onların kökü birbaşa Kremlə gedib çıxır. Siz heç kökü quruyan, amma çiçək açmağa, bar gətirməyə davam edən ağac görmüsünüzmü bu günəcən? Narahat olmayın, bundan sonra da görməyəcəksiniz.
Bəli, hər kəs Rusiyada yaşananların Azərbaycana təsirlərindən danışarkən, həm də Suriyada, Misirdə, Tunisdə, Liviyada baş verənlərdən fərqli olaraq, indi daha ürəklə və ümidlə danışarkən yaptokratlar susurlar. Əvvəlki kimi arxayınçılıqla “orada baş verənlər bizdə təkrarlana bilməz” deyə bilmirlər.
Deyə də bilməzlər, çünki artıq bu işin zarafat yanının qalmadığının fərqindədirlər. Artıq Ilham Əliyev və çevrəsi demokratiynın nəfəsini kürəklərində daha aydın hiss edirlər. Ondan qaçış və qurtuluş olmadığını daha gözəl anlayırlar. Bilirlər ki, Rusiyada Şər bitərsə, bu, həm də burda bunların özlərinin sonu deməkdir. Başsız atlı hara qədər çapa bilər ki? Qanadsız quş necə uça bilər ki? Ya da balıq susuz nə qədər yaşaya bilər ki?
Bir quş üçün qanad nə deməkdirsə, bir balıq üçün su nə deməkdirsə, Azərbaycanda və qeyri post-sovet ölkələrindəki anti-xalq rejimləri üçün də o deməkdir Putin. Putinin sonu onların sonudur bir növ. Odur ki, hətta populizm naminə olsa belə, “Rusiyada baş verənlər bizdə təkrarlana bilməz” söyləməyi bacarmırlar. Bu hənanın artıq o hənadan olmadığını bilirlər.
Hə, bu arada az qalsın unudacaqdım: “Ərəb baharı”nın ən qaynar, qızğın günlərində o qədər başlarını itirmişdilər ki, dünənəcən Azərbaycanda korrupsiyanın olmadığını bas-bas bağıran yaptokratlar çıxıb özlərinə korrupsioner belə dedilər. Ilham Əliyev “korrupsiya bizim üstümüzdə ləkədir” söyləməyə məcbur oldu.
Şəxsən mən “rus qışı”nda Ilham Əliyevin özünə “diktator” deməsini gözləyirəm. “Diktatura alnımızda qara ləkədir” deməsini gözləyirəm.
Əlbəttə, əgər ona da “uspet” eləsə…