Kərəm Həsənov ifşa ediləcəyindən qorxur

Komitə sədri hökumətin Fərhad və Rafiq Əliyevlərlə razılığa gəldiyini düşünərək, təşvişə düşüb

Əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov təşvişə düşüb. Komitə sədrində haradansa əminlik yaranıb ki, hakimiyyət sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyevlə razılığa gəlib. Və yaxın vaxtlarda qardaşlar azadlığa buraxılacaq.
Bu barədə “Azadlıq”a məlumat verən mənbə deyir ki, Kərəm Həsənov Əliyev qardaşlarının azadlığa çıxandan sonra onunla hesab çəkəcəklərindən narahatdır. Kərəm Həsənovun narahatlığı xüsusilə Rafiq Əliyevdəndir. Səbəb Rafiq Əliyevin qardaşına nisbətən təmkinli olmaması ilə bağlıdır. Mənbə bildirir ki, hökumətin Əliyev qardaşları ilə hansısa razılığa gəlib-gəlmədiyi barədə bilgi yoxdur. Sadəcə Kərəm Həsənov belə düşünür. Lakin belə bir razılıq olmasa belə, Rafiq Əliyevin yaxın vaxtlarda azadlığa çıxacağı gözlənilir. Çünki artıq Avropa Məhkəməsinin Rafiq Əliyevə qarşı hüquq pozuntusunun olması barədə qərarı var. Bu isə nazirin qardaşının azadlığa buraxılmasını şərtləndirə bilən faktdır. Rafiq Əliyevin azadlığa buraxılacağı təqdirdə Kərəm Həsənovla haqq-hesab çəkəcəyi isə gözləniləndir. Çünki onun özü də yaxınlarına bu barədə deyib. Nəzərə alsaq ki, Əliyev qardaşları Kərəm Həsənov barədə çox ilginc bilgilərə malikdirlər, onda komitə sədrinin narahatlığı başadüşüləndir.

Informasiya şöbəsi