Bunların xisləti artıq bütün çılpaqlığı ilə ortadadır: tənqidlərdən nəticə çıxarmaq əvəzinə anında danışanın dilini kəsməyə cummaq kimi ibtidai təfəkkür!
Ölkə daxilində tənqidçilər xalq düşməni elan edilib, türmələrə doldurulub, müxtəlif zorakılığa məruz qalıblar. Daxili etirazı zor gücünə cilovlamaqdan duyduqları bu həzzi artıq xeyli müddətdir ki, beynəlxalq güclərin üstündə sınaqdan keçirməyə başlayıblar. “Amnesty International”ın son hesabatı açıqlanan kimi iqtidar təbliğatçıları təşkilatın Azərbaycana qərəzli yanaşdığını ağızları köpüklənə-köpüklənə, bir-birinin sözünü kəsə-kəsə sübut etməyə çalışdılar. ABŞ səfiri Metyu Brayza qısa və lakonik surətdə onların cavabını verdi: “Amnesty International”ın hesabatları həqiqəti əks etdirir.
Qurbağa gölünə daş atıldı – səs-küy kəsildi!
Indi də ABŞ dövlət katibi Hillari Klintonun insan haqları sahəsində Azərbaycanı Zimbabve ilə bərabərləşdirməsinə cavab vermək cəsarəti göstərirlər. Həm də bu “cavabist” kim olsa yaxşıdır? Novruz Məmmədov!
Necəsiniz, dünyanın ən böyük dövlətinin ikinci şəxsinə daxili və xarici problemlər içərisində çabalayan bap-balaca Azərbaycanın on mininci şəxsi “cavab” verir. Bunlar “The Washington Post”a “Azərbaycan”, “Guardian”a “Bakraboçi”, Hillari Klintona Novruz Məmmədov səviyyəsində cavab verilməsinin gülünc və mənasız olduğunu hələ də dərk etməyəcək düşüncə sahibləridir.
Novruz Məmmədov deyir ki, insan haqları “əgər ABŞ üçün doğrudan da vacib məsələdirsə, onda bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün Ermənistan tərəfinin qanunsuz silahlı təcavüzü nəticəsində doğma torpaqlarından qovulması məsələsində susmasını necə izah etmək olar?”
Insanlar Qarabağ torpağı, erməni təcavüzü ilə nə qədər manipulyasiya edərlərmiş! Adam, YAP hakimiyyətə gələndən sonra nə qədər Azərbaycan vətəndaşı siyasi mühacir kimi Avropadan sığınacaq alıb? Onların sayı-hesabı varmı? Bu siyasi mühacirləri ölkədən kim qovub? Ermənilərmi?
On minlərlə vətəndaşını ölkədən siyasi səbəblərə görə didərgin salıb, sonra da erməni təcavüzündən əziyyət çəkən 1 milyon insanın haqqının tanınmaması ilə bağlı ABŞ-a irad tutana nə ad verəsən?! Sən öz vətəndaşının haqqını qoruyursanmı ki, cavab da verirsən? Sən sərbəst toplaşmaq hüququndan istifadə edən insanları türmələrə doldurub, hansı üzlə ermənilərin insan haqlarını pozmasından danışa bilərsən? Bakının göbəyində minlərlə soydaşının şəxsi mülkiyyətini basıb alandan, evini başına uçurandan, özünü küçələrə tökəndən sonra hansı məntiqlə ermənilərin azərbaycanlıları öz yurd-yuvasından didərgin salmasını ABŞ-ın dilə gətirməməsindən gileylənirsən?
Cavaba baxın: “Yəqin ki, dövlət katibi üçün bu çıxışı hazırlayan şəxslər öz əlifba kitablarından istifadə ediblər. Ancaq ya onu pis öyrəniblər, ya da biz yenə ABŞ-ın xarici siyasətində ikili standartların nümayişinin şahidiyik”.
Dünyaya ağalıq edən ABŞ məmurları “pis öyrəniblər…” Bunun məntiqinə bax!
2003-cü ildə minlərlə insanı türməyə doldurub, bir neçə nümayişçinin qətli ilə hakimiyyəti zəbt edəndə sərt bəyanat vermədiyinə görə ABŞ-ı niyə “ikili standartda” ittiham etmirdiniz? 2005-ci ildə parlament seçkilərini saxtalaşdırıb milləti “Qələbə” meydanında xurd-xəşil edəndə niyə ABŞ-ın “ikili standartı” görünmədi?
ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır, torpaqların işğaldan azad olunması barədə BMT-nin dörd qətnaməsinin qəbuluna səs vermiş dövlətdir, qaçqın və məcburi köçkünlərin öz ev-eşiyinə qayıtmalı olduğunu dəfələrlə bildirib. Daha nə istəyirsən? Ermənistanı bombalamalı, Qarabağı alıb sənə verməli və ölkənin sərvətlərini ata malı kimi talayıb Dubayda villa, Adriatik dənizində ada almağına, vətəndaşlarını didərgin salmağına göz yummalıdır ki, ABŞ-ın xarici siyasətində “ikili standart” olmasın?
Ermənistan 1 milyon azərbaycanlının hüququnu pozub, sən 8 milyonun! Hakimiyyəti zorla ələ keçirəndən sonra ölkəni talamaq, insanları qul, kölə etməklə, azad söz və fikir adamlarını döymək, öldürməklə məşğulsunuz. Gör, ölkə nə vəziyyətdədir ki, prezident hər gün bir baxçanın açılışına gedir və bağça müdiri də “buranın açılışını prezident edib” deyə rüşvəti kəllə-çarxa qaldırır. Sizlər adi bağçanı da rüşvət, korrupsiya yuvasına döndərmək siyasəti yeridirsiniz. Belə mafioz sistem qurub, dünyanın ən böyük dövlətinə buynuz göstərirsiniz?
Bir ölkənin ki, daxili siyasəti həftəlik qəzetin nəşrinə qoyulan qadağa, xarici siyasəti isə Dubayda villa almaqla ehtiva oluna, bunun “xarici əlaqələrinin” məntiqi Novruz Məmmədov səviyyəsindən o tərəfə keçə bilərmi?



