Cahangir Əsgərova tələ qurulub?

«Azal»da baş verən həbslə bağlı müxtəlif məlumatlar yayılıb

“Azal”ın prezidenti Cahangir Əsgərovla bağlı qalmaqal barədə yeni məlumatlar əldə etmişik. Söhbət bu günlərdə MTN və Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük Idarəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində Bakı-Moskva reysi ilə uçmaq istəyən Emin Ramazanov adlı Azərbaycan vətəndaşının həbsindən gedir.
Xatırladaq ki, Emin Ramazanov həbs edilərkən onun üzərindən 253800 dollar pul aşkar edilib. Rəsmi məlumatda deyilir ki, Emin Ramazanov ifadəsində həmin pulu “Azal”ın təhlükəsizlik idarəsinin növbə rəisinin müavini Rəşadət Vəliyevin köməkliyi sayəsində gömrük nəzarətindən keçirib.
Rəşadət Vəliyevin bu işi rəhbərlikdən xəbərsiz görməsi inandırıcı deyil. 253 min dollar az pul deyil. Hətta Rəşadət Vəliyev belə, bunu rəhbərliyinin tapşırığı olmadan özbaşına  gömrük nəzarətindən keçirməyə risq etməz. Çox güman ki, Cahangir Əsgərovun da məsələdən xəbəri olub. Əgər belədirsə, bəs onda nədən Emin Ramazanov həbs edilib? Məlumatlarda iddia edilir ki, əslində məsələnin bu şəkil alması Cahangir Əsgərovun rəqiblərinin işidir. “Azal” prezidentinin hakimiyyətdəki oliqarx-məmurlardan bir neçəsi ilə ciddi konflikti var. Bu sırada Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov, nəqliyyat naziri Ziya Məmmədov və Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun adını çəkmək olar. Doğrudur, bu tələni konkret olaraq adı çəkilən şəxslərdən birinin qurduğu iddia edilmir. Amma  ehtimal olunur ki, “Azal” prezidentini ilişdirmək üçün ya Emin Ramazanov aeroporta pulla dolu çamadanla göndərilib, ya da bu əməliyyat barədə Cahangir Əsgərovun rəqiblərində hansısa məlumat olub. Və həmin məlumat MTN-ə sızdırılıb.
Cahangir Əsgərovun yaxın çevrəsində olayın tələ olduğu düşünülür. Və hazırda məsələ ilə bağlı ciddi araşdırma aparılır.

Informasiya şöbəsi