“Bu bayrağı iyi qoruyun!”

Vicdan məhbusu Məhəmməd Məcidlinin qeydləri

“ Nə mutlu bana. Bu üçrəngli bayraqla açılan gözlərimi təkrar bu üçrəngli bayraqıa həyata qapadıram. Bu bayrağı iyi qoruyun !”
(Mirzə Bala Məmmədzadə)

 

Noyabrın 25-dən bu günə qədər içimi hönkürdən səhnə məni aram olmağa qoymur və bu iqtidara, bu iqtidarın hakimlərinə qarşı qəzəbimi səngitmir.
Mirzə Bala Məmmədzadə istiqlal tariximizin çox ünlü simalarındandır. Taleyin gərdişindən bir neçə ölkədə və bir neçə dildə Azərbaycan həqiqətlərini yazılarıyla dünyaya çatdırıb. Ömürünün son anlarında isə epiqrafa çıxardığım fikri söyləyib.

“Bu bayrağı iyi qoruyun!”

Apelyasiya məhkəməsinin zalında bu üç rəngli bayraq miskin durumdaydı  noyabrın 25-də. Halbuki, 3 rəngin 3-də öz ziyası və siqləti ilə bir harmoniya yaratmalıydı bu zalda: qanunun aliliyi prinsipinə əməl olunacağına, hakimin haqqı nahaqqa verməyib, ədalətli hökm çıxaracağına, cinayətkarın dik baxmağa üzü və gözü olmayacağına bir əminlik simfoniyası səsləndirməliydi.
Elementar və həm də ən ali protokol qaydasına əməl olunmaması adamı hiddətləndirir. Qanunvericiliyə görə hakim bayrağın altında hökmü oxumalıdır. Bayraq isə nəinki yuxarı başdan asılmamışdı, əksinə bir kiçik küncdə büzüşüb qalmışdı, boynubükü və aşağılanmış halda – sözün həqiqi və məcazi mənasında. Bayrağın üç rəngindən biri bu “boynubükü”lükdən tamam itib getmişdi.
Mən bu zalda ömürümün 2 il 6 ayına yox, BAYRAĞIMIZIN Əliyevçi rejim illərində qəhr olunan taleyinə acıdım.
Vətəndaş kimi nəsə etməyə heç bir şansım da yox- dəmir barmaqlıqlar içindı nə edə bilərsən ki? Etiraz?
Bəli, bu yazı etirazımdır. Amma mən bir yazı qədərində etirazdan daha çox etmək istərdim..
Əfsuslar ki, nökər bəyə hökm oxuyanda, mümkün olanı elə buracandı…

Hakim üçün  replika

Cənab hakim! Protokol təlblərinə istinad edərək, Sizə müraciət edirəm. Ya özünüz durun, ya da bu işi indiyə qədər görməli olanlara etdirin – hökm bayrağın altında oxunmalıdır, bayraq da üstümüzdə olmalıdır. Siz qanunları və vətəndaş hüquqlarını xidmət etdiyiniz rejimlə birgə pozursunuz. Hələ ki, bunu sizlərə sübut edə bilmirik, ancaq bayrağa etdiyiniz hörmətsizliyiniz göz qabağındadır. Biz onsuz da bilirik onun dəyərini və anlamını nə siz, nə də böyükləriniz bilir.
Bayrağımızı yerinə qoyun – layiq olduğu uca yerə!